Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

ABŞ kəşfiyyatı Rusiya ilə dəhşətli anlaşmanı açıqladı: Zelenski qətlə yetiriləcək, dövlət çevrilişi olacaq, Ukrayna parçalanacaq




ABŞ başda olmaqla, bəzi Qərb siyasi dairələri Ukraynanın gələcək taleyi ilə bağlı pessimist ehtimalları gündəmə gətirməyə ehtiyac duyurlar, bu, Rusiya ilə artıq böyük ölçüdə anlaşıldığına şübhə yaradır... Çünki indi beynəlxalq ictimaiyyətin səhnəarxası gizli anlaşmaların nəticələrinə əvvəlcədən hazırlanması prosesinə start verilib və daha təsirli olması üçün məhz ABŞ kəşfiyyatçılarından istifadə edilir...

Ukrayna savaşı yeni mərhələyə keçməyə başlayıb. Əgər, son bir neçə ay əvvələ qədər bu dəhşətli müharibə kollektiv Qərbin əsas gündəm məsələsi idiysə, indi eyni fikirdə olmaq çox çətindir. Çünki son vaxtlar Yaxın Şərqdə baş verənlər Ukrayna savaşını ikinci plana keçirib. Üstəlik, ABŞ və Qərbin rəsmi Kiyevə davamlı hərbi dəstək verməkdən yorulması da Ukrayna ordusunun savaş meydanında öz döyüş qabiliyyətini itirməsinə yol açıb. Və bu, istər-istəməz Qərbin sanksiyalarına çətinliklə də olsa, duruş gətirmiş Rusiyanın təşəbbüsü ələ keçirtməsinə imkanlar yaradır.

Onu da qeyd etmək lazımdır ki, son bir neçə ay ərzində ABŞ Ukrayna savaşından uzaqlaşma taktikası ilə hərəkət edir. Ağ Ev Ukraynaya hərbi yardımları demək olar ki, dayandırıb. ABŞ rəsmi dairələri bunu Ukrayna üçün nəzərdə tutulmuş maliyyə və hərbi resursların artıq tükənməsi ilə izah etməyə çalışırlar. Üstəlik, Ağ Ev Ukraynanın Rusiya qarşısında tab gətirə bilməsi üçün yenidən maliyyə paketi ayırmağa həvəs göstərmir. Və respublikaçıların kəskin siyasi müqaviməti ilə üzləşmiş Bayden administrasiyası Ukraynanı öz seçki maraqlarına qurban verməyə hazır görünür.

Təbii ki, belə vəziyyətdə Avropa Birliyinin birbaşa Ukrayna savaşına məhkum buraxılmaq üzrə olduğunu da iddia etmək mümkündür. Hər halda, ABŞ rəsmi dairələri Avropa Birliyinə Ukrayna savaşının bütün yükünü təkbaşına çəkməli olduğu barədə açıq mesajlar da verilməkdədir. ABŞ-ın Avropa Birliyi rəhbərliyində olan agent şəbəkəsi isə Ağ Evin bu mesajlarını reallaşdırmaq üçün bütün vasitələrdən istifadə edir. Və bu baxımdan, ABŞ-ın Avropa Birliyini Ukrayna savaşını təkbaşına maliyyələşdirməyə məcbur etməyə çalışdığını da iddia etmək olar.

24d70acd8d1b6f62b68acce5b853356c.jpg (164 KB) 

Belə anlaşılır ki, indi Ukraynanın gələcək taleyi birbaşa Avropa Birliyinin qəbul edəcəyi qərarlardan, göstərəcəyi dəstəkdən birbaşa asılı vəziyyətə düşmək üzrədir. Əgər, Avropa Birliyi də rəsmi Kiyevə dəstəkdən imtina edərsə, bu halda, Ukrayna Rusiya tərəfindən tamamilə işğal edilə bilər. Halbuki, bu, həm də Avropa ölkələri üçün də real hərbi təhlükə deməkdir. Hər halda, Kremlin bəzi Avropa dövlətlərindən son bir neçə il ərzində Rusiyaya qarşı tutduqları mövqenin intiqamını almağa çalışacağı qətinyyən istisna deyil.

Ona görə də, hazırda Avropa Birliyi Ukraynanı “qoca qitə”nin Rusiyadan qorunması üçün müdafiə etmək məcburiyyətində qalıb. Halbuki, Avropa ölkələri də hazırda ciddi resurs çatışmazlığı ilə üzləşiblər. Hətta Macarıstan başda olmaqla, bəzi Şərqi Avropa ölkələri Ukraynaya dəstək paketlərini bloklamağa üstünlük verirlər. Nəticədə, Rusiya bu müharibədə qələbə qazanmaq şansını nisbətən artırmağa nail olub.

Maraqlıdır ki, yeni situasiya Avropa Birliyinin rəhbərliyini artıq narahat etməyə başlayıb. Bu qurumun diplomatiya sahəsinə rəhbərlik edən Cozef Borrell Avropa Birliyinin öz imkanlarını səfərbər edərək, Ukraynaya dəstək verə bilməyəcəyi təqdirdə, Rusiyanın savaşda üstünlüyü ələ keçirib, qalib gələcəyini vurğulayıb. Onun fikrincə, Rusiyanın hazırda Avropa demokratiyasına ən ciddi təhdid olduğunu qətiyyən unutmaq olmaz. Və bu, “qoca qitə”ni gözləyən real hərbi təhlükənin artması anlamına gəlir.

e7a9aa157b562a8a4aed20f4c72213ae.jpg (110 KB) 

Əslində, avropalılar son vaxtlar dünyanın dəyişməsindən və “qoca qitə”nin tezliklə böyük savaş poliqonuna çevrilmə ehtimalından ciddi narahatlıq keçirtdiklərini qətiyyən gizlətmirlər. Almaniyanın müdafiə naziri Boris Pistorius Ukraynaya hərbi dəstəyə sərt şəkildə qarşı çıxan Donald Trampın ABŞ-da prezident seçiləcəyi təqdirdə, Avropanı fəlakət gözlədiyini vurğulayıb. Onun fikrincə, Avropa ölkələri vaxt iritmədən yeni hərbi təhlükələrin dəf edilməsinə hazırlaşmalıdırlar: “Avropa ölkələrinin öz müdafiə potensiallarını artırmaları üçün maksimum 5-8 il vaxtları ola bilər.”

Göründüyü kimi, Ukrayna savaşında Rusiyanın hərbi-psixoloji üstünlüyü ələ keçirtməyə başlaması Avropa siyasi məkanında dərhal pessimist ehtimalları gücləndirib. İndi Ukraynanın bir dövlət kimi, gələcək taleyi də artıq heç kimi düşündürmür. Bu baxımdan, Qərbin öz maraqları üçün Ukraynanı qurban verə biləcəyi qətiyyən istisna deyil. Hətta bəzi Qərb çevrələrində Ukrayna “xəritədən silinəcək dövlət” kimi gündəmə gətirilir. Və belə davaş edərsə, dünya ölkələrinin sırasından bir dövlət yoxa çıxa bilər.

Onu da qeyd etmək lazımdır ki, indi yalnız Ukraynanı deyil, elə bu ölkənin siyasi rəhbərliyini də böyük təhlükələr gözləyir. ABŞ ordusunun keçmiş kəşfiyyatçısı Skott Ritter Qərb mətbuatına bildirib ki, prezident Volodemir Zelenski Ukrayna ordusunun baş qərargah rəisi Valeri Zalujninin əmri ilə qətlə yetiriləcək: “Mən ehtimal edirəm ki, yanvar və ya fevral ayında Ukraynada dövlət çevrilişi baş verəcək. Ruminiyanın dövlət başçısı Nikolae Çauşesku kimi, Ukrayna prezidenti V.Zelenskini də güllələyəcəklər”.   

GiyyTroSWEtEsWKlX907hFUPKI2u1NKP.jpg (80 KB) 

Bu, olduqca dəhşətli ehtimaldır. Ancaq onun müəllifinin məhz amerikalı peşəkar kəşfiyyatçı olduğunu nəzərə aldıqda, rənglər daha da tündləşmiş olur. Üstəlik, ABŞ kəşfiyyatçıları Ukraynanın gələcək taleyi barədə də müəyyən iddialar irəli sürməklə, diqqəti çəkirlər. Belə ki, CİA-nin keçmiş əməkdaşı Larri Conson Ukraynanın ən azı dörd qonşu ölkə arasında bölüşdürüləcəyini iddia edib. Onun fikrincə, Ukrayna 2024-cü ildə Polşa, Macarıstan və Rumıniyanın geri qaytarmaq istəyəcəyi ərazilərin əhəmiyyətli bir hissəsini itirə bilər.

CİA-nin keçmiş əməkdaşı xüsusi olaraq, vurğulayıb ki, hazırda hər şey Ukraynanın əleyhinə çevrilməyə başlayıb: "Tamamilə mümkündür ki, tarixi Rumıniya əraziləri Rumıniyaya, bəziləri Macarıstana, digər ərazilər isə Polşaya qaytarılacaq. Odessa isə gələn il Rusiyaya verilə bilər. Bunlar Ukrayna üçün çox pis xəbərlərdir. Ümumiyyətlə, Ukraynanın parlaq gələcəyi yoxdur".

Belə anlaşılır ki, ABŞ başda olmaqla, bəzi Qərb siyasi dairələri Ukraynanın gələcək taleyi ilə bağlı pessimist ehtimalları gündəmə gətirməyə ehtiyac duyurlar. Ola bilsin ki, Qərb Rusiya ilə artıq böyük ölçüdə anlaşıb. Ona görə də, hazırda beynəlxalq ictimaiyyətin səhnəarxası gizli anlaşmaların nəticələrinə əvvəlcədən hazırlanması prosesinə start verilib. Bu prosesdə isə daha təsirli olması üçün məhz ABŞ kəşfiyyatçılarından istifadə edilir.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10