Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Dərdini şirin-şirin öpüb qucaqlayırsan, Qəzəbin niyə tutmur?



Ölkəmizin sayılıb-seçilən qadın şairələrindən biri də Südabə İrəvanlıdır.
17 yanvar 1962-ci ildə Qərbi Azərbaycanda, Kalınino rayonunun Soyuqbulaq kəndində doğulub. 

Südabə xanımın ömür yolu elə də hamar olmayıb. Doğma yurdu Qərbi Azərbaycandan didərgin düşüb. 2 övladından biri əlildir.

Ailə vəziyyəti ilə əlaqədar Norilsk şəhərinə köçüb. 34 il qürbətdə yaşayıb.
Hal-hazırda Bakı şəhərində yaşayıb-yaradır.Yaradıcılığının əsasını Vətən, doğma yurd mövzusu təşkil edir.

Cənublu oxucular üçün maraqlı olacağını nəzərə
Alıb Südabə xanımın bir neçə şeirini sizə təqdim edirik:


Dərdini şirin-şirin öpüb qucaqlayırsan,
Qəzəbin niyə tutmur?

Ey yerin göyün şahı, dünyaların hakimi,
Ümidlərin qibləsi, könüllərin həkimi,
Şahlığında gəzirsə şeytanların tilsimi,
O hikkəni, hirsini, de, niyə saxlayırsan?
Qəzəbin niyə tutmur?

Ey aylarla iş gəzən, ey yalavac, ac insan,
Ey evində bir tikə çörəyə möhtac insan.
Ey yazıq görkəminə tapmayan əlac insan,
Oturub uşaq kimi, de, niyə ağlayırsan?
Qəzəbin niyə tutmur?

Ey narahat yaşayıb, ey rahat olmayanlar,
Ey hamıya pay tutub, qazanı dolmayanlar,
Ey bu gündən sabaha, gumanı qalmayanlar,
Ümidini sabaha de, niyə bağlayırsan?
Qəzəbin niyə tutmur?

Bizə bürün dedilər, palazlara büründük,
Bizə sürün dedilər,dizin-dizin süründük.
Bizə nə ad qoydular, o libasda göründük,
Bu bizə qədərdimi, bizimi yoxlayırsan?
Qəzəbin niyə tutmur?

Niyə sən ay Südabə, haqdan əlin üzürsən?
Toylarda qol götürüb arsız-arsız süzürsən?
Sənin səbrinə lənət, bu qədər ki, dözürsən,
Dərdini şirin-şirin öpüb qucaqlayırsan,
Qəzəbin niyə tutmur?
Qəzəbin niyə tutmur?


Dərdim gül açmazdı qara telimdə 
Bir az dəlisovdu, bir az da naşı,
Hələ yetişməmiş kal məhəbbətim.
Boynu bükük bənövşədi elə bil,
Mənim dil açmamiş lal məhəbbətim.

Catıb, önündədi son dayanacaq,
Hələ də sevdiyin deyəmmir ancaq.
Körpə uşaq kimi məsum, utancaq
Mənim yanaqları al məhəbbətim.

Olsaydı talenin hökmü əlimdə,
Dərdim gül açmazdı qara telimdə.
Dadı damağımda, tamı dilimdə,
Mənim şirin eşqim, bal məhəbbətim.

Südabə, sözümdə ölüncə varam.
Eşqimi gözümdən düşə qoymaram.
Gizlicə qəlbimdə bir dərin yaram,
Gizlicə qəlbimdə xal məhəbbətim

Südabə irəvanlı





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10