Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Ölümü haqda şayələr yayanlar onun ruhunu narahat edir, bacısı da efirlərə buna görə gəlmir” - FOTOLAR


Bu gün xalq artisti, sevilən aktrisa Gülşən Qurbanovanın doğum günüdür. Aktrisa yaşasaydı 73 yaşını qeyd edəcəkdi.

Musavat.com bildirir ki, ölümü haqda şayələr yayılan, həyatı hələ də müəmmalarla dolu olan aktrisanı sənət yoldaşları Moderator.az-da xatırlayıblar.

Xalq artisti Təranə Muradova Gülşən Qurbanova ilə yaxın rəfiqə olduğunu bildirib.



"Mən ona "Güliçka", o isə mənə "Təriş" deyə müraciət edirdi. Səsi, siması, gülüşü gözəl idi. Pozitiv bir insan kimi xatirəmdə qalıb. 1998-ci ildə o da, mən də xalq artisti fəxri adına layiq görüldük. O illərdən yaxınlıq edirdik. Plovu çox sevirdi. Həmişə onu evimə dəvət edəndə bu yeməyi hazırlayırdım. Deyirdi ki, "bizim ürəklərimiz sanki birdir, sən hiss edirsən ki, mən hansı yeməyi sevirəm". Üzü həmişə gülürdü, amma qəlbində çox böyük sirrlər var idi. Dərdi çox idi, amma heç kimlə bölüşmürdü. Sənət dərdi yox idi, gözəl aktrisa idi. Deyirdi ki, "mənim içimdə nəsə varsa bu mənimdir". Çox xoşbəxtəm ki, mən bu insanla dostluq etmişəm. Hamıya yaxşılıq etməyi düşünürdü. Gülşən xanım heç kimə paxıllıq etmirdi, bu hiss onda yox idi. Hər tamaşası ilə səhnəyə pozitivlik gətirirdi. Çox təəssüf ki, həyatdan tez köçdü. O hər zaman yaşayacaq. Zarafatları, səsi, gülüşü ilə.. Həyatı çox sevirdi. Ətrafına gözəl insanları yığırdı. Tamaşaların pərdəarxası məqamlarından danışanda gülməkdən yerə yıxılırdıq. O qədər dolu-dolu izah edirdi ki. Gözəl lətifələr danışırdı. İlk qadın şou aparıcısı idi. Gülşən hər dəfə səhnəyə çıxandan sonra deyirdi ki, "tamaşa bitəndən sonra hiss edirəm ki, mən bir həyat yaşamışam". Gülşən heç bir vəziyyətdə özünü itirmirdi. Vəziyyətdən çıxmağı gözəl bacarırdı. Mənim yanıma dünyanın bir çox ölkələrindən qonaqlar gəlirdi. Fransadan, İngiltərədən, Avstraliyadan. Oturub onlarla söhbətləşirdik. Gülşən də hər zaman yanımda olurdu. Biz tərcüməçini gözləyirdik. Bir də gördüm ki, Gülşən hamının üzünə gülür, başını tərpədərək "yes, yes" deyir (gülür). Qəfildən çönüb dedim ki, "Gülşən, sən inglis dilini bilirsən?". Gülərək dedi ki, "əlbəttə, mən başa düşürəm". Mən özümü orada aktrisa kimi hiss etdim. Gülşənə qoşulub, onların üzünə gülməyə başladım (gülür). Gülşənin dil tapa bilmədiyi insan yox idi. Bir dost, aktrisa kimi Gülşən mənim üçün hər zaman yaşayacaq" deyə rəqqasə bildirib.

Əməkdar artist, Akademik Milli Dram teatrının aparıcı aktrisası Nahidə Orucova 



"O əsl dost idi. Bizim elə günlərimiz olub ki, hər gün bir yerdə olurduq. Tez-tez Hacıbaba müəllimgilə yığışırdıq. Azərbaycanda ilk mətbəx verilişinin aparıcısı idi. Bir işi görəndə həvəslə edirdi. İnsanlarla çox səmimi idi. Efirdən necə idisə, həyatda da elə idi. Yadımdadır, Gülşən xanım birinci dəfə infarkt olmuşdu, xəstəxanaya yerləşdirilmişdi. Novruz bayramı ərəfəsi idi. "Mavi işıq" səhnəcikləri çəkilirdi. O da çəkilməli idi. Dedilər ki, kim oynasın, kim oynasın?! Dedi ki, "heç kim mənim rolumu oynamayacaq". Rollarına qarşı çox qısqanc idi. Yasin Qarayev dedi ki, "bəlkə Nahidə oynasın?". Dedi ki, "həə, Nahidə oynaya bilər". O da bəyənmişdi. Sağlığında da haqqında çoxlu şayələr yayılmışdı, amma ona təsir etmirdi. Amma ölümündən sonra yayılan şayələr bizə də, ailəsinə də çox pis təsir etdi" deyə sənətkar bildirib.

Nahidə Orucova aktrisanın son günlərini belə xatırlayıb.



"Artıq son günləri idi. Hacıbaba Bağırovun yas mərasimində idik. Halvanı, qoğalı yeyib deyirdi ki, "qızlar, bax mənim də yasımda bunlardan edərsiniz". Dedik ki, "Gülya,sən nə danışırsan? Hələ ömrünün axırına çox var". Dedi ki, "yox, mən indidən deyirəm ki, biləsiniz". Demək ki, ölümünü hiss edirdi. Prezident ona ev hədiyyə etmişdi. Evinə köçməyi planlaşdırırdı, danışırdı. O evdə yaşamaq ona qismət olmadı. Gülşən xanımın məzarı mənim valideynlərimin məzarına yaxındır. Hər dəfə ora gedəndə Gülşənin də qəbrini ziyarət edirəm. Söhbət edirəm, danışıram. Gülşən çatışmır həyatımda, çünki başqa cür insan idi. Deyirdi ki, "məni gülə-gülə yada salarsınız"" deyə sənətkar bildirib.

Xalq artisti Yasin Qarayev bildirib ki, onun ölümü ilə bağlı yayılan şayələr bu gün də sənət yoldaşlarını rahat buraxmır.



"Mən şayələrə qətiyyən inanmıram. Gülşən haqda danışılan şayələri nağıl adlandırıram. Mən reallığı daha çox sevirəm. Gülşənin dünyasını dəyişməsindən 17 il keçir. O gözəl aktrisa idi, nəcabətli bir nəslin nümayəndəsi idi. Hər insanın öz daxili dünyası, aləmi var. Həyatda problemsiz insan yoxdur. Mən Gülşənin şəxsi həyatına heç vaxt daxil olmaq istəməmişəm. Sadəcə dost idik. Şirin, acılı günlərimiz də olub. Günü bu günə qədər o şayələri qəbul edə bilmirəm. Hansısa dırnaqarası qələm sahibinin yazısından sonra bu şayələr yayılmağa başladı. Biz ailəvi dost olmuşuq. Bacısı Firəngiz Qurbanova ilə günü bu gün də zəngləşirik, hal-əhval tuturuq. Onlar da bu şayələri qəbul etmirlər. Yazırlar ki, Gülşən Qurbanova Mübariz Əlixanlı ilə evli olub. Vallah elə bir şey olmayıb. Gülşənin yoldaşı Rüstəm də bizdə çalışırdı. O çıxıb Rusiyaya getdi. Ayrılığın səbəbi ordan oldu. Gülşən getmək istəmədi, atasının yaratdığı teatrda işlədi. Gənc Tamaşaçılar teatrının təməl daşını Ağadadaş Qurbanov qoymuşdu. Günlərin bir günü bacısı ilə məni Gülşən haqda çəkilən bir verilişə dəvət etdilər. Gördük ki, onlar bizdən Gülşən haqda şayələri soruşmaq istəyirlər. Firəngiz Qurbanova dedi ki, "mən getmirəm içəri". O vaxtdan bu günə qədər Firəngiz xanım Gülşən haqda danışmağı özünə qadağa qoydu. 17 ildir bu insan dünyasını dəyişib. Niyə onun ruhunu narahat edirik?" deyə xalq artisti bildirib.

 








Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10