Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Göyün yeddinci qatından qaçış...




1971-ci il noyabrın 24-də – ABŞ-da hər il noyabrın dördüncü cümə axşamı qeyd olunan Şükran bayramına bir gün qalmış təxminən 40 yaşlı, 1,80 metr boyunda bir kişi Portlend hava limanının kassasına yaxınlaşdı. O, özünü Den Kuper kimi təqdim edərək 20 dollar nağd ödədi və Sietlə uçan 305-ci reysə bilet aldı. Əlindəki portfellə təyyarəyə keçən Kuper lap sonuncu sırada oturdu, burbon və “7up” sifariş etdi.  


Yarım saatlıq uçuşu “Northwest Orient Airlines” aviaşirkətinə məxsus Boinq-727-100 təyyarəsi həyata keçirəcəkdi. Saat 14:50-də havaya qalxan təyyarənin 131 sərnişin yerindən cəmi 36-sı tutulmuşdu. Heyət 6 nəfərdən ibarət idi: kapitan, ikinci pilot, bort mühəndisi və üç stüardessa. 

Uçuşun başlayandan bir neçə dəqiqə sonra Kuper özündən arxada, stüardessalar üçün nəzərdə tutulmuş xüsusi yerdə oturan Florens Şaffnerə bir kağız ötürdü. Cazibədar görünüşlü Florens belə halla tez-tez rastlaşırdı: sərnişinlər bu yolla ona öz telefon nömrələrini verirdilər. İndi də eyni şey olduğunu düşünən stüardessa kağızı açmadan çantasına atdı. Bunu görən Kuper ona tərəf əyilərək pıçıldadı: “Miss, kağıza baxsanız yaxşıdır. Məndə bomba var”.

Şaffner kağızı açdı və flomasterlə yazılan yazını oxudu: “Miss, portfelimdə bomba var. İstəyirəm ki, yanımda oturasınız”. Yerini dəyişən stüardessa Kuperin istəyinə əsasən kağızı ona qaytardı, əvəzində bombanı görmək istədi. Kuper portfeli açdı. Orada həqiqətən də bombaya oxşar mexanizm vardı: iki sıra düzülən səkkiz qırmızı silindr, onların ətrafına dolanan naqillər və batareya.

Kuper bombanı partlatmamaq üçün 200 min dollar istəyirdi. Onun şərtləri belə idi: Sietl hava limanında yanacaq maşınları hazır durmalıdır, bel çantasına qoyulmuş 200 min dollar və iki dəst paraşüt (hər birində əsas və köməkçi olmaqla iki paraşüt) hazırlanmalı və pilota xəbər verilməlidir. Təyyarə yalnız bundan sonra Sietlə enəcək, pul və paraşütlər veriləcək, sərnişinlər təyyarəni tərk edəcək, yanacaq doldurulacaq və təyyarə yenidən havaya qalxacaqdı.  

Florens Şaffner başqa bir stüardessanı, Tina Maklounu çağıraraq bombalı sərnişininin yanında oturtdu, özü isə kabinəyə gedərək tələbləri kapitan Uilyam Skotta, kapitan da aviaşirkətə və Sietl hava limanının dispetçer xidmətinə ötürdü. Tezliklə polis və Federal Təhqiqat Bürosu (FBI) hadisədən xəbər tutdu. Portfeldəki qurğunun təsvirini öyrənən FBI onun həqiqətən bomba ola biləcəyini təxmin etdi. “Northwest Orient Airlines” aviaşirkəti də tələbləri yerinə yetirməyi qərara aldı.

Bu zaman Den Kuper – daha doğrusu, özünü Den Kuper kimi təqdim edən şəxs gözünə günəş eynəyi taxaraq Tina Maklou ilə sakit-sakit söhbət edir, burbon içir və qısa fasilələrlə siqaret çəkirdi. Stüardessanın niyə məhz “Northwest Orient” aviaşirkətini seçməsi barədə sualına “Sizin aviaşirkətə qarşı qərəzim yoxdur, sadəcə bu reys mənə daha uyğundur” cavabını verdi.

Sonra məlum oldu ki, Kuperin seçimində əsas rolu Portlend-Sietl marşrutu ilə uçan təyyarənin hansı aviaşirkətə məxsusluğu yox, Boinq-727 olması oynayıb. Belə ki, bu təyyarənin quyruğunun altında öz trapı vardı. Kuper də pulu alıb yenidən havaya qalxandan sonra həmin trapı açaraq paraşütlə tullanmaq niyyətində idi.

Kapitan sərnişinlərə Sietldə enişin texniki səbəblər üzündən ləngidiyini söylədi və havada dövrə vurmağa başladı. İki saata yaxın davam edən həmin müddət ərzində Kuperin tələblərini yerinə yetirmək üçün işlər görüldü. “Seattle First National Bank”dan götürülən pul 10 min ədəd 20 dollarlıq əsginasdan ibarət idi. FBI onların hamısının şəklini çəkdi. Yerli paraşütçülük məktəbindən də paraşütlər götürüldü.

Pul və paraşütlər hazır olduqda təyyarənin kapitanına xəbər edildi, o da Kuperə dedi. Boinq 17:46-da Sietl hava limanına endi. Kuper təyyarənin öz trapından istifadəni qadağan etdi. Onun tələbinə görə, pul və paraşütləri aviaşirkətin nümayəndəsi gətirməli, ön qapıya dirənəcək hərəkətli trap vasitəsilə ötürməli idi. 

“Northwest Orient Airlines”in nümayəndəsi trapa qalxdıqda Tina Maklou təyyarədən çıxaraq pulu aldı və 9 kiloqrama yaxın çəkisi olan torbanı (tələbin əksinə olaraq pullar bel çantasına deyil, parça torbaya qoyulmuşdu) Kuperə apardı. O da sərnişinlərin təyyarəni tərk etməsinə icazə verdi və yalnız sərnişinlər çıxandan sonra çantanı açaraq pullara baxdı. Maklou zarafatla ondan öz payını istədikdə tərəddüdsüz bağlamalardan birini uzatdı, amma stüardessa gülərək imtina etdi. 

Maklou eyni qaydada paraşütləri də gətirəndən sonra Kuper iki stüardessaya – Florens Şaffnerə və Elis Henkoka da getmək icazəsi verdi. Beləliklə, təyyarədə iki pilot, bort mühəndisi və Tina Maklou qaldı. Yanacaq doldurma prosesi bir qədər ləngidi və Kuperin narazılığına səbəb oldu. Boinq-727 saat 19:40-da yenidən havaya qalxdı.

Den Kuperin hələ yerdə ikən heyətə verdiyi təlimat belə idi: təyyarə Meksikaya tərəf uçur, sürət yerə düşməyəcək minimal həddə – 185 km/saat, hündürlük isə 3000 metr saxlanılır, şassilər açıq vəziyyətdə qalır, salon qeyri-germetik olur (bu, onun üçün idi ki, arxa trapın qapısını açanda dərhal çölə sovrulmasın).

İkinci pilot Kuperə bildirdi ki, belə şərtlər daxilində daha çox yanacaq sərf edildiyindən təyyarənin uçuş məsafəsi təxminən 1600 km olacaq və birbaşa Meksikaya uçmaq mümkün olmayacaq. Razılaşdırıldı ki, Nevada ştatının Rino şəhərində daha bir eniş edib yanacaq doldurulsun. Əslində isə Kuperin o qədər uçmaq fikri yox idi. 

Havaya qalxan Boinq-727-ni HHQ-nə məxsus iki F-106 və bir  “Lockheed T-33” təlim təyyarəsi müşayiət edirdi. Onlar ziqzaqvari uçurdular, çünki Boinq-in sürəti ilə uçsaydılar, yerə düşərdilər.

Uçuşun bərpa edilməsindən 4-5 dəqiqə sonra Kuper stüardessaya pilot kabinəsinə keçməyi tapşırdı. Kabinəyə keçərkən arxaya baxan Maklou sərnişinin öz gövdəsinə iplə nə isə doladığını gördü, yəqin ki, pul torbası idi.

20:00-da pilot panelində yanan işıq trapın açıldığını bildirdi. 20:13-də təyyarə titrədi və pilotlar onu yenidə taraz vəziyyətə gətirməli oldular. Ehtimal ki, məhz həmin vaxt Kuper trapdan tullandı. Onun təkanı nəticəsində trap aşağı-yuxarı getdi və təyyarəni titrətdi. Bu zaman uçuş Vaşinqton ştatı üzərində həyata keçirdi. Hava yağışlı və artıq qaranlıq olduğundan müşayiət edən təyyarələrin pilotları heç nə görmədilər.

Amma kimsə salona gedərək Kuperin orada olub-olmadığını yoxlamağa risk etmədi. Təyyarə Rinoya yaxınlaşanda pilotlardan biri daxili rabitə sistemi vasitəsilə Kuperə müraciət edərək trapı qaldırmağı xahiş etdi. Cavab gəlmədikdə elə açıq trapla Rinoda endilər. Saat 23:02 idi. Əvvəlcə kapitan, sonra da FBI qrupu təyyarəni axtararaq nə Kuperi, nə bombanı, nə pulları tapdılar. Salonda Kuperin qalstuku və bəzi ipləri kəsilmiş bir dəst paraşüt vardı. 

***

İstintaqın ilk etdiyi şey şübhəli şəxsin fotorobotunu hazırlamaq oldu. Amma alınan şəkildəki simanı kimsə tanımadı. Təyyarədə tapılan əl izləri də faydasız oldu. İllər sonra DNT analizi ortaya çıxanda Kuperin çəkdiyi 8 ədəd “Raleigh” siqaretlərinin kötüyünü analiz etmək istəyəndə, aydın oldu ki, onlar it-bat olub.

Kuperin paraşütlə haraya endiyini müəyyən etmək çətin idi. Təyyarənin sürəti, hündürlüyü və koordinatları, küləyin sürəti, Kuperin çəkisi və paraşütü nə vaxt açması eniş yerinə xeyli təsir edə bilərdi. Süni Mervin gölü ətrafında təxmin olunan böyük ərazi axtarıldı, amma bir şey tapılmadı. – 

Qış çıxandan sonra – 1972-ci ilin mart-aprel aylarında FBI ərazidə 200 hərbçinin də cəlb olunduğu böyük miqyaslı axtarışlar apardı, amma hadisə ilə bağlı heç bir dəlil-sübut tapmadı.

Kuperə aid ilk fakt 1978-ci ildə əldə olundu. Bir ovçu Kuperin endiyi təxmin edilən ərazidə Boinq-727-nin trapını açmaq barədə təlimatı tapdı. Kuperin belə bir təlimatdan istifadə etdiyi məlum idi.

1980-ci ildə isə Tina-Bar çimərliyində ailəsi ilə dincələn 8 yaşlı Brayan İnqrem qazdığı qumluqdan 20 dollarlıq əsginaslardan ibarət 3 bağlama tapdı. Onlardan ikisində 100, birində isə 90 əsginas vardı. FBI onların “Kuperin pulu” olmasını təsdiqlədi. Əsginasların həmin əraziyə necə düşməsi, bağlamaların birində niyə 10 əsginasın çatışmaması dəqiq bilinmədi, yalnız versiyalar irəli sürüldü. Qalan 9710 əsginasa isə heç yerdə rast gəlinmədi.

Kuperin endiyi ehtimal edilən ərazinin yaxınlığında yerləşən Sent Helens vulkanı 1980-ci il martın 27-də püskürdü. İstisna deyil ki, mümkün dəlil-sübutlar vulkan külü altında qaldı. 

Kuperdən ruhlanan bir neçə nəfər eyni şeyi etməyə çalışdılar. Bəziləri bacarsalar da, sonda tutuldular. Məsələn, Riçard Makkoy 500 min dollar alıb təyyarədən tullandı, amma iki gün sonra həbs edildi. FBI bu adamlardan hansınınsa Kuper olub-olmamalarını yoxladı, sonda mənfi nəticəyə gəldi.

Oxşar hadisələrin təkrar olunması “Boing-727”-lərdə trapın uçuş zamanı açılmasını bloklayan mexanizmin quraşdırılması ilə nəticələndi. Ona “Kuper pəri” adı verildi. 

Hadisədən keçən 50 ildən artıq dövr ərzində müxtəlif insanların Den Kuper olması haqqında bəzən səmimi, bəzən də sensasiya məqsədli iddialar irəli sürülüb. Amma FBI onların hamısını rədd edib.

İstisna deyil ki, Kuper tullanışdan sonra su hövzəsinə (çay, göl) düşüb və ya başqa səbəbdən həlak olub. Həmin gün hava şəraiti kifayət qədər  sərt idi, onun əynində isə təkcə işgüzar kostyum vardı. Üstəlik, tullanış yaşayış olmayan ərazidə baş vermişdi. Amma bu da onun kimliyinin indiyə qədər məlum olmaması kimi heyrətamiz faktı dəyişmir.

Den Kuper hadisəsi ABŞ tarixində üstü açılmayan yeganə təyyarə qaçırılmasıdır. 1971-ci ilin 200 min dolları isə alıcılıq qabiliyyətinə görə indi 1,5 milyona yaxındır. 

Hazırladı: Yadigar Sadıqlı






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10