Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Prezident nöqtəni qoydu – İrəvanın “2-ci bənd” xofu



Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinə ən böyük əngəl dəqiqləşdi. Bir daha məlum olur ki, İrəvan hələ də sənəd mətninə Qarabağın keçmiş erməni əhalisi ilə bağlı hansısa bənd və ya cümlə əlavə edilməsinə can atır. Belə bir qənaət Prezidenti İlham Əliyevin “Euronews” televiziyasına son müsahibəsindən hasil olub.

“Əgər onlar Azərbaycanda erməni azlığı məsələsini sənəddə əks etdirmək istəyirsə, onda biz də 30 il əvvəl Ermənistandan qovulmuş azərbaycanlı azlığı məsələsini daxil etmək istərdik. Özü də Ermənistanda azərbaycanlıların sayı ermənilərin Azərbaycandakı sayından daha çoxdur və təxminən 300 min insan təşkil edir”.

Bunu Azərbaycan lideri müsahibı zamanı deyib.

Sözünə davam edən dövlət başçısı bildirib: “Mövqeyimiz belədir ki, həmin məsələ qarşılıqlı olmalıdır. Biz iki milli azlığın məsələsini, onların hüquqları və təhlükəsizliyini, o cümlədən qayıtmaq hüququnu qeyd edək. Yəni təkcə ermənilərin Azərbaycana qayıtması yox, azərbaycanlıların da Ermənistana qayıdışı məsələsini qoyuruq. Azərbaycanlıların 30 il əvvəl qovulması və ermənilərin iki ay əvvəl ölkəmizi tərk etmək qərarı arasında fərqin əhəmiyyəti yoxdur. Fakt, sadəcə, ondan ibarətdir ki, bunlar qarşılıqlı olmalıdır. Ya da biz sülh sazişində bu məsələni qeyd etmirik. Ancaq biz indiyədək həmin məsələ ilə bağlı Ermənistandan hər hansı aydın anlaşma görmədik”.

WhatsApp Image 2023-12-09 at 15.16.35.jpeg (38 KB)

Yəni “simmetrik status” məsələsi. Doğrudan da, soydaşlarımızın Ermənistandan cəmi 30 il əvvəl qovulması ilə ermənilərin 2 ay əvvəl Azərbaycanı tərk etməsi arasında insan haqları baxımından prinsipial nə fərq ola bilər ki? Fərq yalnız ondadır ki, ermənilər Qarabağdan könüllü köç ediblər, bizimkilər isə yox. Bunu BMT də təsdiqləyib. Köçlə bağlı yüzlərlə video-dəlil var. Eləcə də azərbaycanlı əhalinin öz dədə-baba yerlərindən zorla çıxarılmasına dair rəsmi və qeyri-rəsmi sübutlar yetərincədir...

Üstəlik, Prezidentin vurğuladığı kimi, öz xoşu ilə çıxıb getmiş erməni əhalinin Qarabağdakı mal-mülkü bu günədək qoruma altındadır. Sitat: “Onlar üçün qeydiyyat portalı açılıb. Qayıtmaq istəyən hər kəsin belə bir hüququ var. Onların mülkiyyəti lazımi dərəcədə qorunur. Bütün tarixi və dini yerlər lazımınca mühafizə olunur. Geri qayıtmacq üçün onlar müəyyən qaydalara əməl etməlidirlər və mən antiterror əməliyyatının keçirilməsindən bir neçə ay əvvəl demişdim ki, qalmaq istəyənlər Azərbaycan vətəndaşlığı üçün müraciət etməlidirlər. Çünki insanlar başqa ölkənin vətəndaşı ola-ola Azərbaycanda necə yaşaya bilərlər? Ya vətəndaşlıq, ya iş icazəsi, ya da yaşayış izni olmalıdır”.

Bundan ədalətli mövqe, bundan obyektiv və balanslı yanaşma? Ən əsası, təklif Ermənistanın da imza atdığı beynəlxalq hüquq normalarına əsaslanır. Kimsənin insan haqqı sırf erməni olduğu üçün digərinin təməl haqqından üstün ola bilərmi? Bilməz! Erməni “köynəkdə” doğulmayıb ki...

Əfsus ki, rəsmi İrəvan aylarla vaxtı boşuna uzatmaqla “bəlkə də qaytardılar” ümidi ilə yaşayır, sülh sazişinin mətninə erməni azlıqla bağlı birtərəfli qaydada hansısa bəndin və ya cümlənin əlavə olunmasına çalışır. Bu isə istisnadır. Əsas da o səbəbə ki, köçkünlərlə bağlı durum artıq bərabərdir. Necə deyərlər, özünə rəva bilmədiyini gərək başqasına görməyəsən.

Beləcə, İlham Əliyev İrəvanın son “atəş nöqtələri”ni də susdurdu. Yerdə nə qalır? Erməni tərəfinin nəhayət, daşı ətəyindən töküb real işə keçməsi. Əgər həqiqətən də İrəvanın Azərbaycana qarşı ərazi iddiası yoxsa və heç vaxt olmayacaqsa, Bakının sülh təklifini qəbul edib barışıq əlini sıxmağa ona nə mane olur?

Yada salaq ki, Azərbaycanın sülh sənədi üçün təklif elədiyi 5 baza prinsipindən biri elə bu haqdadır. “Bənd 2: Dövlətlərin bir-birilərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi”.

Bakı buna çoxdan hazırdır. Bəs neçə vaxtdır Azərbaycanı riyakarcasına Ermənistana hücum hazırlığında suçlayan İrəvan necə, hazırmı? Əgər həqiqətən hücum təhdidi varsa, özündən xoflu deyilsə, onda erməni tərəf yazılı anlaşmadan niyə qaçır? Məntiq hanı? Qısası, xilas həmişəki kimi, İrəvanın öz əlində...

Siyasət şöbəsi,
Musavat.com






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10