Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

BÖLGƏMİZİN YAZARLARI - 18-ci yazı. Əfrahim Abbas (Cəlilabad)



Durub çoxdan sönmüş ocaq başında,

Görəcək od keçib, közüm qalıbdır.

Yurdun torpağında, daş yaddaşında,

Böyük söz xəzinəm-izim qalıbdır.

Əfrahim Abbas


BÖLGƏMİZİN YAZARLARI

 

Hələ XIX əsrdən başlayaraq ölkəmizin bir çox şəhərlərində yaranan ədəbi məclislərdən biri də Lənkəran şəhərində şair Mirzə İsmayıl Qasirin rəhbərliyi ilə fəaliyyət göstərirdi. 

Zaman keçdikcə bu bölgədə daha çox yazıçı və şairlər tanınmağa başladı. XX əsrin ortalarında Əlisa Nicat, Şəkər Aslan, Məmmədhüseyn Əliyev, Mir Haşım Talışlı, Vaqif Hüseynov, Ayaz Vəfalı, Məmməd Kazım və başqaları kimi Respublikanın ədəbi mühitində tanınan və oxucuların rəğbətini qazanan bir çox ədəbiyyat adamları yetişmişdi. 

XX əsrin sonu, XXI əsrin əvvəllərində ədəbi mühit daha da genişləndi, yeni gənc qüvvələr ədəbiyyata gəldi. 

    Cenub.az saytı olaraq bölgəmizdə fəaliyyət göstərən yazıçı və şairlər haqqında silsilə yazıları və onların əsərlərindən nümunələri sizə təqdim edirik.

Bu vaxta qədər Xanəli Ağayevin (Masallı), Ruhiyyə Abbaszadənin (Cəlilabad), Xanlar Həmidin (Lerik), Ziya Dilsuzun (Lənkəran), Rəna Əlisaqızının (Masallı), Şahid Astaralının (Astara), İqbal Nəhmətin (Yardımlı), Əlövsət Tahirlinin (Cəlilabad), Təbrizə Pünhanın (Astara), Rafiq Məmmədin (Masallı) Meyxoş Abdullahın (Cəlilabad), Fikrət Baxışın (Masallı), Arif Fərzəlinin (Masallı), Eldar İlqaroğlunun (Lənkəran), Qədiməli Əhmədin (Lerik), Məmməd Əvəzoğlunun (Masallı), Ramiz Titayevin (Lerik)şeirlərini sizə təqdim etmişik.

 

 

Linklər burada: 

Xanəli Toloş

Ruqiyyə Abbaszadə

Xanlar Həmid

Ziya Dilsuz

Rəna Əlisaqızı

Şahid Astaralı

İqbal Nəhmət

Əlövsət Tahirli

Təbrizə Pünhan

Rafiq Məmməd

Meyxoş Abdullah

Fikrət Baxış

Arif Fərzəli

Eldar İlqaroğlu

Qədiməli Əhməd

Məmməd Əvəzoğlu

Ramiz Titayev

 

 

Bu silsilədən növbəti  qonağımız  Əfrahim Abbasdır (Cəlilabad ).

 

 

 

 Əfrahim ABBAS - (Abasov Əfrahim Rzalı oğlu)şair-publisist, 1951-ci il iyun ayının 10-da Cəlilabad rayonunun Şabanlı kəndində anadan olmuşdur1968-1972-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun riyaziyyat fakültəsində təhsil almışdır. Pedaqoji fəaliyyəti yüksək qiymətləndirilib. 15-ə yaxın fəxri-fərmanla, ilin müəllimi müsabiqəsində I dərəcəli diplomlamükafatlandırılmışdır və Azərbaycan Maarif  Nazirliyi tərəfindən “Metodist müəllim”, “Ali dərəcəli müəllim” adlarına layiq görülmüşdür.

    Tələbəlik illərindən Respublikanın bütün dövrü mətbuatda şeirləri çap olunub. 

     Müxtəlif səpgidə yazılmış şeirlər, poemalar və qəzəllərlə əhatələnən 7 kitabın - (“Adınla başladım” ,”Qaytar özümə zalım dünya”, “Azadlıq aşiqiyəm”, “Anama borcluyam mən”, “Dad əlindən zalım dünya”, “Sən niyə tənhasan”, “Dünya mənim içimdədir”) və bir tarixi romanın (“Məhv edilmiş iki tale”) müəllifidir. Hal-hazırda 9-cu kitabı olacaq “Yadplanetli gəlin” povestini tamamlamaq üzrədir.

     19.04.2011-ci il tarixdə nəşr edilmiş, 1054 səhifəlik, “Azərbaycan Yazıçıları XX –XXI yüzillikdə” kitab-ensiklopediyasında  haqqıda (səh.230) qısa məlumat verilmişdir.

      AYB-nin və AJB-nin üzvü, Ümumrespublika ədəbi müsabiqəsinin qalibi, “Qızıl qələm” mükafatı laureatı, Prezident mükafatçısıdır.

 

 

       YANDIRIR

 

Bir dildara könül verdim,

Gəlmir sədası, yandırır.

Zalım qızı naz eyləyir,

Nazı, ədası yandırır.

 

Bir cəllad yox onun kimi,

Zildə çalır sarı simi.

Oda salıb bu qəlbimi,

Yoxdu dəvası, yandırır.

 

Mən divanə, o isə pir,

Saf eşqimi verdim nəzir...

Nə dərd-kədər, nə qəm bilir,

Qəmi, cəfası yandırır.

 

Tale salıb məndən uzaq,

Nə ün yetir, nə əl-ayaq.

Dönüb qışa, sən işə bax,

Soyuq havası yandırır.

 

Bəlkə bir gün çıxıb “ova”,

Qeyri-qəlbdə salıb yuva.

Nə fərqi var, etsə dua,

Bu xoş duası yandırır.

 

Əfrahimi etmiş əsir,

Can alan mələkdir, nədir?

Könül vermir, can istəyir,

Bu bəd xətası yandırır.

 

                 ŞƏHİDİM

 

(Müqəddəs şəhidlik məqamına 

yüksələn igidlərimizin əziz xatirəsinə)

 

Nə gördün, son anda, gözlərinlə sən,

Fələkdən bir ömür uman şəhidim.

Hayqırdın düşmənə mənimdir Vətən,

Şahintək şığıdın o an şəhidim...

 

Aç bir gözlərini, bu el qan ağlar,

Bir ANA fəryadı qəlbləri dağlar.

Dostlar toy-düyündə səni sorağlar,

Son qoy ayrılığa, oyan şəhidim.

 

Qarşıda şad günün – ilk nişanın var,

Bəylik geyimin var, şərəf-şanın var,

Bu gün qan ağlayan bir heyranın var,

Sağaltmaz bu dərdi zaman, şəhidim...

 

Gedən haqq aşiqi, sadə can deyil,

Sevgisi dünyadır, bir ümman deyil,

Cismini boyayan adi qan deyil,

Bir tarix yaratdı bu qan, şəhidim.

 

Qaytardın torpağı, kama yetişdin,

Ucaldı bu Vətən adınla sənin.

Durdun cərgəsində ölümsüzlərin,

Oldu düşmən qəlbi viran, şəhidim.

 

                 

        İZİM QALIBDIR

 

Bir gün bu şən həyat yetəcək sona, 

Ömür də taxtından salacaq məni.

Soyuq, nəmli məzar çəkib kamına,

Torpaq öz qoynuna alacaq məni.

                  *     *     *

Mənimlə birlikdə gedən karivan,

Bir qəm yükünü də aparacaqdır.

Polad ayaqları ağırlığından,

Gah nalə çəkəcək, gah susacaqdır...

                  *      *     *

Qəbrimin üstündə güllər bitəcək,

İlhamı alacaq səhər mehindən.

Külək də ahəstə ötüb keçəcək,

O, qərib diyarda uyuyanda mən.

                  *    *      *

Dünya fırlanacaq məndən xəbərsiz,

Neçə ürəklərə qəm səpəcəkdir.

Ruhum dolaşacaq o vaxt kədərsiz,

Bir vüsal bağında əylənəcəkdir...

                 *     *      *

Uçacaq bir zaman könlümün quşu,

Bu fani dünyada dolaşmaq üçün.

Düşəcək yadıma bir ömrün qışı,

Ruhum od gəzəcək, qızınmaq üçün.

                 *      *        *

Durub çoxdan sönmüş ocaq başında,

Görəcək od keçib, közüm qalıbdır.

Yurdun torpağında, daş yaddaşında,

Böyük söz xəzinəm-izim qalıbdır.

 

 

 

                      HARDASAN

 

Sənsiz sonsuz göylərə qalxıb fəqanım, hardasan?!

Ruhumun dərd ortağı, cismimdə canım, hardasan?!

 

Çox aradım, tapmadım mən yerdə, göydə - hər yerdə,

Yandı dərddən qəlb evim, ey laməkanım hardasan?!

 

Həsrətin cəhənnəmin qorxunc əzabından betər,

Qucağı bu aşiqə cənnət-məkanım, hardasan?!

 

Çövrü atəş, surəti büt səcdəgahımdır mənim,

Ey Mədinəm, ey Kəbəm, ey din-imanım,hardasan?!

 

İstədim məskən salım səhrada mən, Məcnun kimi,

Cazibəndən çıxmağa yoxdur gümanım, hardasan?!

 

İndi bayquş yurd salıb, sən qoyduğun viranədə,

Talan olmuş könlümə ağlar kamanım, hardasan?!

 

Nalə çəkdim ney kimi, leysan oldu göz yaşlarım,

Cismimi qərq eylədi, coşan ümmanım, hardasan?!

 

Canımı pak eşqinə qurban deyə nəzr eylədim,

Qəbul eylə nəzrimi, pirim-sultanım, hardasan?!

 

Əfrahiməm, dərdimə əlac ummaram kimsədən,

Bu sınıq qəlbimdəki eşqi-pünhanım, hardasan?!

 

                 GƏLMƏDİ

 

Gözlərim yollarda qaldı, nazlı canan gəlmədi,

Sevgi dünyamda məni qoydu pərişan, gəlmədi.

 

Qalxdı dərddən göylərə, qəlb göynədən, hicran odu,

Talan oldu eşq evim, o qoydu viran, gəlmədi.

 

Düşdü cismim dərbədər, naləm yandırdı çölləri,

Eylədi Məcnuna tay, o Leylisultan gəlmədi.

 

Səcdə qıldım, diz çöküb qultək, önündə şəklinin,

Etdi dərdli aşiqi o, küfri-iman, gəlmədi.

 

Əhd etmişdim, gəlsin o, qurban kəsim Minada mən,

Verdi o saf eşqimi hicrində qurban, gəlmədi.

 

Tökülən göz yaşlarım, aşikar etdi sirrimi,

Saxlamışdım mən onu qəlbimdə pünhan, gəlmədi.

 

Bilməz idim, car olar aləmdə bu eşq macaram,

Oldu nakam eşqimiz dillərdə dastan, gəlmədi.

 

Cismimi tərk eylədi, qəmgin düşən ruhum mənim,

Cansız qaldım, neyləyim, cismimdəki can gəlmədi.

 

Əfrahim, zənn eylədin, tutar bazarı sevginin,

Tikərsən eşqdən saray, pozuldu mizan, gəlmədi.    

 

 

               KÖNÜL

 

Girib eşqin bağına, gəzmə aşiqanə könül,

Eyləyər yoxsa səni sonda o divanə, könül.

 

Nə xəyal eyləmisən, Fərhadı, Məcnunu düşün,

Niyyətin düşmək olub, yoxsa biyabanə, könül?

 

Eşqin öz cövrü-cəfası, qəmi-qəmxanəsi var,

Atdı eşqin tufanı Yusifi zindanə, könül.

 

Dərdləri ümman olur, eşq evi viran olanın,

Etmə tay, gəl özünü, eşq evi viranə, könül.

 

Aldanıb ləzzətinə, tez minib eşqin qayığın,

Vurma, bica özünü, dalğalı ümmanə, könül.

 

Uyma məkr ilə dolu, vəsvəsəsi qan diləyən,

Dərdlərin şahı olan, bir dəli şeytanə, könül.

 

Sanma, asan çəkəsən, işvəli canan nazını,

Yıxıban səbr evini, qalxma çox üsyanə, könül.

 

Qorx ki bir eşqin odu dərdlərə sultan eləsin,

Nə deyim, ömrə qənim bir belə sultanə, könül.

 

Salma, eşqin toruna, aldadıb Əfrahimi sən,

Dözməyə yoxdu tabım, hər naza, hicranə, könül.

 

Cənub.az saytı üçün tərtib etdi Əlizaman Baxış

 

                             






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10