Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Öldürdüyü qadının pulları ilə sevgilisinə qızıl aldı - BAKIDA FİLM KİMİ CİNAYƏT


Öldürdüyü qadının pulları ilə sevgilisinə qızıl aldı - BAKIDA FİLM KİMİ CİNAYƏT
04 dekabr 2023 20:15 (UTC +04:00)


Qısa arayış...

CİNAYƏT İŞİ

Qısa arayış...

2021-ci il mayın 31-də Bakının Sabunçu rayonu Bakıxanov qəsəbəsində 1990-cı il təvəllüdlü Turanə Cəfərova qətlə yetirilir. Daxili İşlər Nazirliyinin 102 xidmətindən verilmiş məlumat əsasında Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin əməkdaşları Bakıxanov qəsəbəsi, M.Fətəliyev küçəsi, ev 27, mənzil 12-də üzərində qadının meyitini aşkar ediblər.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Hadisəni törədən Eynur Əlizadə 1993-cü ildə Naxçıvan Muxtar Respublikasında anadan olub, əvvəllər məhkum olunmayıb.


Lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib.

İstintaqla müəyyən edilib ki, mayın 31-i gecə saat 1 radələrində Eynur Əlizadə cinsi əlaqədə olmaq üçün tanışı Turanə Cəfərovanın Bakıxanov qəsəbəsində, kirayədə yaşadığı mənzilə gəlib. Aralarında olan səmimi münasibətə görə qadın çarpayının döşəyinin altına, avtomobil almaq üçün yığdığı 14.700 manat məbləğində pulu göstərdikdən sonra, Eynur onu öldürmək qərarına gəlib. Bu məqsədlə səhər saat 9:30-da çarpayının üzərində uzandıqları vaxt, gözləmədiyi anda üzərinə çıxıb, əlləri ilə boğazını sıxıb, onu boğmağa başlayıb. Müqavimətini qırmaqdan ötrü Cəfərovanı çarpayıdan döşəməyə yıxıb, yumruqla başına, üzünə və digər nahiyyələrinə çoxsaylı zərbələr vurub. Nəhayət, çarpayının yanında olan naqili qadının boynuna dolayıb, boğmaqla qadını öldürüb və onun pulunu ələ keçirib.

İş üzrə dindirilmiş Eynur Əlizadə bildirib ki, “Türkan” kimi tanıdığı Turanə Cəfərova ilə hadisədən 5 ay əvvəl “İnstagram” sosial şəbəkəsində tanış olub. Onun profil şəklini görüb, bəyənib:

Eynur Əlizadə

“Turanə pul müqabilində görüşdüyünü yazdıqda, ona görüşmək istədiyimi bildirdim. Turanə ilə Bakıxanov qəsəbəsində, kirayədə yaşadığı mənzildə intim əlaqədə olmuşuq. Mütəmadi telefonla danışıb, onun evində görüşürdük. Hər dəfə Turanəyə minimum 70, maksimum isə 100 manat pul verirdim. Amma elə vaxtlar da olub ki, cinsi əlaqədə olduqdan sonra qadın məndən pul istəməyib. Mayın 30-da “Whatsapp” tətbiqi vasitəsi ilə zəng edib danışarkən, gecə saat 12-dən sonra yanına gəlmək istədiyimi bildirdim. Ayın 31-i gecə saat 1-in yarısında markətdən 2 şüşə pivə və siqaret alaraq, onun mənzilinə qalxdım. Pivə içərkən, Turanə yatağın matrasını qaldırıb orda olan pullarını göstərərək, həmin məbləğə özünə avtomobil alacağını dedi. Nə qədər pulun olduğunu söyləmədi. Bundan sonra cinsi əlaqədə olduq. Səhər saat 9-da yuxudan oyananda qadının bacısı ilə telefonla danışdığını gördüm. Heç birimizin əynində paltar yox idi. Turanəni öldürməyi və yatağın altında saxladığı pulları götürməyi qərarlaşdırdım. Qadın yanımda uzanıb telefonla danışmaqda davam edərkən, üstünə atıldım və əllərimlə boğazından tutub onu boğmağa başladım. Bu zaman onun əlindəki telefon yerə düşdü. Turanə mənə müqavimət göstərirdi. Hər ikimiz sürüşərək yataqdan döşəməyə yıxıldıq. Boğazından tutaraq, onu boğmaqda davam etdim. Turanə sol əli ilə mətbəx bıçağını götürdükdə, onun əlindən dişlədim və bıçaq yerə düşdü. Qadın döşəmədə dizləri üstə arxaya doğru əyildi və həmin vəziyyətdə müqavimət göstərərək dırnaqları ilə sağ qolumu və burnumu cırmaqladı. Ventilyatorun naqilini götürüb boğazına keçirərək, onu boğdum. Nəfəsinin kəsildiyini görüb artıq onun öldüyünü anladım. Matrasın altından pulları götürdüm. Hamama keçib üzərimdəki qan ləkələrini yudum. Ələ keçirdiyim pulları göy rəngli qabın içinə qoydum. Turanəyə məxsus “İphone” markalı qara rəngli mobil telefonu götürdüm ki, istintaqda baxış zamanı yazışmalarımız aşkar edilməsin. Evin giriş qapısını çöl tərəfdən bağlayıb mənzili tərk etdim.

Evdən bir az aralanandan sonra yaxın münasibətdə olduğum Aytən adlı qadına zəng edərək, mənimlə birlikdə rayona gedə bilib-bilməyəcəyini soruşdum. Aytən etiraz etmədi. “28 may” metrosunun yanında olan yeraltı keçiddən özümə şalvar, ayaqqabı, köynək və idman geyimi aldım. Pulu saydıqda 13.500 manat olduğunu gördüm. Yolun kənarında olan zibil qutusuna torbadakı paltarları və Turanənin telefonunu atdım. Taksi ilə “Koroğlu” metrosunun yanına getdim və orda Aytənin, göy rəngli “Hyundai Elantra” markalı avtomobillə dayandığını gördüm. Taksidən düşüb, onun maşınına əyləşdim. Aytən avtomobili Şamaxı rayonuna qədər idarə etdi. Ona Turanəni öldürdüyümü dedim. Şamaxıda bir gün 200 manata “Göyqurşağı” otelində qaldıq. Rayonda yerləşən univermaqdan Aytənə 660 manata qızıl-zinət əşyaları aldım. Növbəti gün İsmayıllı rayonuna gedərək, bir gün “Zərgəran” İstirahət Mərkəzində, kotecdə qaldıq. Səhərisi gün Bakıya qayıtdıq. Aytənin kirayə götürdüyü avtomobili Əhmədli qəsəbəsində şirkətə təhvil verdik. “Neftçilər” metrosunun yanında telefon mağazasından 500 manata işlənmiş “İphone X” markalı telefonu aldım. 8-ci kilometr qəsəbəsində yerləşən çayxanada polis əməkdaşları tərəfindən saxlanıldım. Bölmədə törətdiyim cinayəti etiraf etdim”.



Zərərçəkmiş şəxsin hüquqi varisi Şəhadət Cəfərov ifadəsində göstərib ki, doğma bacısı Turanə Cəfərova 10 il əvvəl Mahir adlı şəxslə ailə həyatı qurub və nikahlarından 2 övladları dünyaya gəlib:

“Bakıda kirayədə yaşayırdılar. Təxminən 3-4 il əvvəl Turanə ilə Mahir ayrılıblar. Bacımın sözlərinə görə, o, gözəllik salonunda işləyərək, pul qazanırdı. Ölümündən bir həftə əvvəl telefonla danışanda Turanə hər şeyin qaydasında olduğunu demişdi. Mayın 31-də bacım Nuranə Cəfərova Turanə ilə mobil telefonla danışan zaman qışqırıq səsi gəldiyini və ona nəsə olduğunu bildirdi. Buna görə, avtobusla Ucardan Bakıya gəldim. Bakıxanov qəsəbəsinə çatıb evə qalxdıqda polis əməkdaşları mənə bacımın öldürülməsi haqda məlumat verdilər”.

Eynur Əlizadəni heç vaxt görməyib və bacısı da həmin şəxs barəsində ona heç vaxt danışmayıb.

Oğurlanan pullar

Şahid Nuranə Mikayılova bildirib ki, mayın 31-i saat 10 radələrində Turanə zəng edərək, onunla söhbət edib:

“Danışarkən, gözlənilmədən bacımın qışqırdığını eşitdim. Sanki kimsə onu boğurdu. Sonra bacımın səsi kəsildi. Qışqırıq səsindən anladım ki, Turanənin başına pis hadisə gəlib. Dərhal telefonu söndürüb, DİN 102 xidmətinə, ardınca da qardaşım Şəhadətə zəng edərək bu barədə məlumat verdim. Həmin gün Bakıya yollanan qardaşım mənə xəbər verdi ki, bacımı öldürüblər”.

Şahid əlavə edib ki, Turanənin tez-tez ünsiyyətdə olduğu şəxslərdən yalnız Asimanı tanıyıb. Bacısı ona Eynur Əlizadə barədə heç vaxt danışmayıb.

Şahid Asiman Qənbərli bildirib ki, pandemiya olduğuna və Suraxanı rayonunda özünə məxsus kafe işləmədiyinə görə, idarə etdiyi “Daewoo Сentra” markalı avtomobillə Turanə Cəfərovanı Bakı şəhərinin müxtəlif yerlərində yerləşən otellərə aparıb:

Turanə Cəfərova

“Hər dəfə qadın bunun müqabilində mənə 20 manat pul verirdi. Axırıncı dəfə onu mayın 30-da günorta görmüşəm. Onun evinə gedərək, ondan 80 manat pul almışdım. Ayın 31-də istifadəsində olan hər iki nömrədən Turanənin nömrəsinə zəng etsəm də, qadın cavab vermədi. Axşam kafedə olanda, polis əməkdaşları ora gələrək, məni bölməyə dəvət etdilər”.

Şahid Aytən Quliyeva ifadəsində göstərib ki, son vaxtlara kimi Nizami küçəsində yerləşən gecə klubunda menecer işləyib:

“Eynur Əlizadə ilə orda tanış olmuşuq. Onunla bir neçə dəfə müxtəlf otellərdə cinsi əlaqədə olmuşuq. Mayın 31-i saat 10 radələrində Eynur zəng edərək taksi ilə 1000 manat pul göndərdiyini söyləyərək, gedib şirkətdən kirayə avtomobil götürməyimi tapşırdı.

20 dəqiqədən sonra bir kişi zəng edərək, Eynurun göndərdiyi əmanəti mənə çatdırdı. Bundan sonra Xətai rayonunda yerləşən firmadan “Hyundai Elantra” markalı avtomobili götürüb, “Koroğlu” metrosunun yanına getdim. Yarım saatdan sonra Eynur ora gəldi və birlikdə Şamaxı rayonuna yollandıq. Qolunda və alnında xəsarət izləri görüb nə baş verdiyini soruşduqda, tanışım kiminləsə mübahisə etdiyini bildirdi. Şamaxıda Eynur zərgər dükanından mənim üçün bir ədəd qolbağ və boyunbağı aldı. İyunun 2-də Bakıya qayıdıb maşını təhvil verdik. “Neftçilər” metrosunun yanında polis əməkdaşları məni saxlayıb bölməyə apardılar. Bölmədə bildim ki, ölüm hadisəsi ilə əlaqədar polislər Eynuru axtarırlar”.



Məhkəmə iclasında Eynur Əlizadə ittiham üzrə özünü qismən təqsirli bilib. Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsə ən ağır cəza verilməsini xahiş edib.

Məhkəmə hesab edib ki, Eynur Əlizadə Cinayət Məcəlləsinin 120.2.5-ci ( tamah məqsədi ilə qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Eynur Əlizadə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 18 il müddətinə azadlıqdan məhrum olunub.






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10