Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Azərbaycan jurnalistikasının dörd “muşketyoru”



Onların hər biri təcrübəli “muşketyor” olmaqla yanaşı, sözün əsl mənasında böyük insanlardır
 
Qarşıdan Milli Mətbuat Gününün növbəti ildönümü gəlir. Bu münasibətlə sizə Azərbaycan jurnalistikasında kifayət qədər nüfuz qazanan dörd insandan danışmaq istəyirəm. Yəqin ki, onların dostluğundan hər kəsin xəbəri var.
 
Nədənsə hər dəfə onları bir yerdə görəndə Aleksandr Dümanın “Üç muşketyor” əsəri yadıma düşür. Bildiyiniz kimi həmin romanda “Hamı bir nəfər üçün, bir nəfər hamı üçün” şüarı ilə yaşayan ayrılmaz dostlardan - Dartanyan, Atos, Portos və Aramisdən söhbət açılır. Elə mən də dostluq şarjı kimi sözlə çəkəcəyim bu rəsmdə Elçin Şıxlı, İbrahim Nəbioğlu, Qulu Məhərrəmli və Arif Əliyevi şərti olaraq bu əsərdəki qəhrəmanlara bənzətmək istəyirəm. Elçin Şıxlını Dartanyan, İbrahim Nəbioğlunu Atos, Qulu Məhərrəmlini Portos, Arif Əliyevi isə Aramis kimi təqdim edəcəm…

Başlayaq Dartanyandan. 1989-cu ildə böyük söz davasına atılanda otuz iki yaşı var idi. "Azərbaycan Kommunisti" - "Kommunist Azerbaydjana" jurnalında ilk dəfə “döyüş”ə başladı. Elə ilk vaxtlardan da “şpaqası”, daha dəqiqi qələmi ilə sübut etdi ki, bacarıqlı, istedadlı, döyüşkən muşketyordur, yəni qələm adamıdır. Sonra "Ayna" - "Zerkalo" qəzetləri redaksiyasında baş redaktor müavini, 1998-ci ilin fevralından 1999-cu ilin mayınadək "Al-ver" qəzetinin baş redaktoru, 1999-cu ilin mayından 2001-ci ilin yanvarınadək "Ayna Mətbu Evi" şirkətinin prezidenti kimi sözlə meydan sulayıb, “döyüş” bacarığını nümayiş etdirib. 2001-ci ilin yanvarından 2014-cü ilədək "Ayna" - "Zerkalo" qəzetlərinin baş redaktoru olub. 2016-cı ildə ayna.az saytı və Ayna TV-ni təsis edərək dostlarına böyük söz davasında əlavə meydan açıb. 

Atos ilk dəfə əlinə “şpaqa” götürüb, böyük söz davasına atılanda cəmi iyirmi doqquz yaşı olub. Çox cəbhələrdə sücaət göstərib, həmişə “muşketyor” şərəfinə sədaqətli qalıb. Hələ də böyük söz davasında ləyaqətlə vuruşur. 

Portosun böyük söz davasında zəngin təcrübəsi var. Uzun “döyüş” yolu keçib. Yaşı altmış beşi haqlasa da, hələ də “şpaqasını” - qələmini yerə qoymur. Bununla yanaşı, gənc “muşketyorları” böyük söz davasına hazırlayır. 


Aramis böyük söz davasına əsl peşəkar “muşketyor” kimi gəlib. Çox “döyüş” meydanlarında “şpaqasının” kəsərini göstərib.
 
Qısa arayışla təqdim etdiyim bu insanlar dostdurlar, tez-tez Dartanyanın açdığı “döyüş” meydanında olurlar. Onlar burada sözün qüdrətindən istifadə etməklə yanaşı, korşalmaq bilməyən “şpaqaları” ilə həqiqəti aşkara çıxarmağa səy göstərirlər. Atos efirdə az-az görünsə də, “şpaqasına” dinclik vermir.
 
“Şpaqası” ilə haqq sözə yol açan Dartanyan efirdə ciddi, təmkinli görünsə də, Portos əzəmətli görkəmi, qətiyyətli çıxışları ilə taktiki gedişlər edir. Sərt sözü nəzakətlə sahibinə yollayan Aramis isə ustalıqla marifləndirmə missiyasını həyata keçirir.

Onların hər biri təcrübəli “muşketyor” olmaqla yanaşı, sözün əsl mənasında böyük insanlardır. Dövlətimiz və xalqımız qarşısında xidmətləri var. 


Bir neçə gündən sonra - iyulun 22-də ölkəmizdə Milli Mətbuat Günü qeyd ediləcək. Bu münasibətlə müasir Azərbaycan jurnalistikasının cəsur “muşketyorları”, daha doğrusu görkəmli nümayəndələri - Qulu Məhərrəmlini, Elçin Şıxlını, Arif Əliyevi, İbrahim Nəbioğlunu mətbuatın məhdudiyyət tanımadığı Amerika Birləşmiş Ştatlarından təbrik edir, onların timsalında ölkəmizin kütləvi informasiya vasitələrində çalışan soydaşlarımızın hər birinə yaradıcılıq uğurları arzulayıram...
 
P.S.
İndi siz deyin, buna dostluq şarjı söyləmək olarmı?
 
Elman Eldaroğlu,
ABŞ, Miçiqan









Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10