Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

55 ilin sirri: Dünyanı şoka salan 3 dəqiqəlik qarət


Çox böyük məbləğdə pulu nəinki heç kimi öldürmədən və ya yaralamadan, hətta hədə-qorxu gəlmədən, heç bir silahdan, hətta cib bıçağından istifadə etmədən oğurlamaq mümkündürmü? Yəqin ki, indi hamı bu suala müsbət cavab verər və internet üzərindən fırıldaqçılıq yolu ilə nağdsız məbləğin oğurlanmasını nəzərdə tutardı.

Amma haqqında danışacağımız hadisə internetin olmadığı 1968-ci ildə baş verib. Özü də nağd pul oğurlanıb və həm də daşınan zaman bank işçilərinin gözü qarşısında aparılıb. Üstəlik, dediyimiz kimi, heç kimi öldürmədən, yaralamadan, hədələmədən, silahdan istifadə etmədən oğurlanıb. 

*** 

Tokio yaxınlığındakı Kokubunji şəhərində yerləşən “Nippon Trust Bank”ının (hazırda “Mitsubishi UFJ Trust and Banking” adlanır) filialının müdiri 1968-ci il dekabrın 6-da bir məktub aldı. Məktubdakı mətnin bəzi yerləri əllə yazılmışdı, bəzi yerləri isə çap məhsulundan kəsilən hərflərdən tərtib olunmuşdu.

Məktubu oxuyan müdirin ürəyi çırpınmağa başladı. Məktub müəllifi ondan ertəsi gün saat 17:00-da bankın xanım əməkdaşını 3 milyon yenlə göstərilən yerə göndərməyi tələb edirdi. Əks halda, müdiri evinin və rəhbəri olduğu filialın partladılacağı ilə hədələyirdi.

Qısa tərəddüddən sonra müdir polislə əlaqə saxladı və baş verənləri nəql etdi. Ertəsi gün göstərilən yerə mülki formada 50 polis göndərildi. Amma pulu gətirən bank əməkdaşı olan qıza (əslində isə o da polis idi) heç kim yaxınlaşmadı. Polis bu hadisəni arxasında ciddi heç nə durmayan xuliqanlıq kimi qiymətləndirərək əməliyyatı ləğv etdi.

Bununla belə, yaddan çıxartmaq olmaz ki, 1968-ci il müasir tarixdə xüsusi yer tutur. O zaman Fransadakı “Qırmızı may” hərəkatı bir çox ölkələrdə ciddi əks-səda doğurmuşdu. Gənclər mövcud sistemə qarşı üsyan edirdilər və bu zaman əsas nifrət obyektlərindən biri də banklar olurdu. Ona görə də, filial müdiri və əməkdaşları hadisəni polis qədər kiçiltmədilər. 

*** 

Məktubdan dörd gün sonra – dekabrın 10-da filialın dörd əməkdaşı səhər 09:15-də bankdan 294 milyon 307 min 500 yen məbləğində pul götürüb yola düşdülər. Bu pul “Tokyo Shibaura Electric” (hazırkı “Toshiba”) şirkətinin Fuçü şəhərində yerləşən zavodunun əməkdaşlarının illik mükafatı kimi nəzərdə tutulmuşdu. Onlar xüsusi avtomobildən deyil, adi “Nissan Cedrik”dən istifadə edirdilər. Pullar üç düralümin çamadana qoyularaq, yük yerinə yerləşdirilmişdi.

Əgər bank əməkdaşları məktub məsələsini ciddi qəbul edib filial binasında müəyyən qədər narahatlıq hiss edirdilərsə (məktub müəllifi müdirin evi ilə yanaşı həmin binanı da partladacağını vəd etmişdi),  binadan kənarda pul daşıyan zaman özlərini daha təhlükəsiz sayırdılar. Ümumiyyətlə, Yaponiyada cinayətkarlıq səviyyəsi aşağı idi. Burada Amerikadakı kimi basqınlara, soyğunlara çox nadir hallarda rast gəlinirdi. İnkassatorların adi maşından istifadə etmələri də bununla bağlı idi.

Səfər də problemsiz keçirdi, təkcə güclü yağış müəyyən diskomfort yaradırdı. Onlar artıq yolun yarısını qət etmişdilər və sakit bir küçə ilə gedirdilər. Hərəkət istiqamətində sol tərəfdə Fuçü həbsxanasının hasarı yüksəlirdi, sağ tərəfdə isə yaşayış binaları var idi.

Bu zaman sürücü arxa görünüş güzgüsündə polis motosikletinin yaxınlaşdığını gördü. Polis onları ötərək qarşılarını kəsdi və saxlamaq işarəsi verdi. Dayanandan sonra yaxınlaşdı və filial müdirinin evinin partladıldığını xəbər verdi. Daha sonra əlavə etdi ki, polisdə olan məlumata görə, onların maşınına partlayıcı qoyulub və o, informasiyanı yoxlamaq üçün gəlib. İnkassatorlara isə təhlükəsizlik məqsədilə bir qədər uzaqlaşmaq göstərişi verdi.

İntizamlı yaponlar polisin göstərişini yerinə yetirdilər. Bu zaman sürücü açarı yerində saxladı. Yük yerinin və çamadanların da açarı orada idi. 

Polis əvvəlcə mühərrik yerinə baxdı, sonra maşının altına uzandı. Birdən oradan qığılcım və tüstü çıxmağa başladı. Polis hövlnak sıçrayaraq “dinamit, buradan uzaqlaşın” qışqırdı. Bank işçiləri daha təhlükəsiz məsafəyə qaçdılar. Qarşıdan gələn avtomobilin sürücüsü tüstünü görüb yanğınsöndürən balonla köməyə tələsdi. Amma polis sükan arxasına oturdu, maşını işə salaraq hadisə yerindən uzaqlaşdı. İnkassatorlar onun dinamit qoyulmuş maşını yaşayış binalarından uzaqlaşdırmaq istədiyini düşündülər və cəsarətinə heyran qaldırlar. Üstəlik, belə cəsur insanın öləcəyinə güman edərək, kədərləndilər.

Amma onlar nə qədər gözləsələr də, partlayış səsi eşidilmədi. Maşın uzaqlaşsa da, bayaq dayandığı yer nədənsə hələ tüstülənirdi. İnkassatorlar yaxınlaşanda yerdə tüstü bombası gördülər… 

Artıq ürəklərinə müəyyən şübhələr sızmağa başlamışdı. Bütün polis motosikletləri kimi ağ rəngdə olan motosikletə diqqət yetirəndə isə onun kustar üsulla rəngləndiyini gördülər və hər şeyi anladılar: özünü polis kimi göstərən adam heç bir zorakılığa əl atmadan gözlərinin önündə 300 milyon yenə yaxın pul oğurlamışdı. Bütün əməliyyat 3 dəqiqə çəkmişdi.

İnkassatorlardan biri yaxınlıqdakı yanacaqdoldurma stansiyasını qaçdı, oradan filiala zəng edərək hadisəni danışdı. Filialdan da 110 nömrəsinə zəng edərək polisi xəbərdar etdilər. 

*** 

Həyəcan təbili ilə yollarda təcili yoxlamalar təşkil edilsə də, soyğunçunu isti izlərlə tapmaq mümkün olmadı. İlk növbədə ona görə ki, polis qara rəngli “Nissan Cedrik” axtarırdı, cinayətkar isə soyğundan az sonra maşını dəyişmişdi. Polis bunu yalnız “Cedrik”i tapanda anladı.

Araşdırmalar nəticəsində cinayət süjetinin aşağıdakı kimi olduğu aydınlaşdı. 

Soyğunçu noyabrın 30-dan dekabrın 1-nə keçən gecə oğurladığı yaşıl “Toyota Corolla” (polislər ona “Corolla-1” deyirdilər, çünki ikincisi də vardı) avtomobili ilə inkassatorları bir qədər izləyəndən sonra onu ataraq “Yamaha Sports 350 R-1” markalı motosikletə minib. Həmin motosiklet də 20 gün əvvəl oğurlanıb. Soyğunu həyata keçirin şəxs hadisə yerindən uzaqlaşandan sonra isə düralümin çamadanları tünd göy rəngli “Toyota Corolla”ya (“Corolla-2”) yükləyib. “Corolla-2” və boş çamadanlar yalnız 1969-cu il aprelin 9-da – cinayətdən 4 ay sonra tapıldı. 

Dörd inkassatorun ifadələri əsasında soyğunçunun fotorobotu hazırlandı. Amma ondan istifadə cəhdi faciə ilə nəticələndi. Cinayətdən 3-4 gün sonra polis 19 yaşlı bir oğlandan şübhələndi. İnkassatorlar da onun soyğunçuya çox oxşadığını dedilər. Adı gizli saxlanılan və sadəcə S. deyilən oğlan kalsium sianid içərək dekabrın 15-də intihar etdi. Sonra isə inkassatorlar etiraf etdilər ki, soyğunçunun sifətini yaxşı xatırlamırlar. Polis S.-in cinayətdə əli olmadığı qərarına gəldi. 

Bu cinayət Yaponiya tarixində ən irimiqyaslı istintaqa səbəb oldu. Prosesdə bu və ya digər şəkildə 171 min polis iştirak etdi. Cinayətkara məxsus olduğu güman edilən barmaq izləri 6 milyon adamın barmaq izləri ilə tutuşduruldu, amma bir nəticə hasil olmadı. İki polisin fiziki tükənmədən öldüyü deyilir. 

İstintaq aparılan müddətdə minlərlə adam şübhəli şəxs qismində yoxlanıldı, bir neçə nəfər saxlanıldı, amma heç birinin cinayətlə əlaqəsini sübut etmək mümkün olmadı. Oğurlanan pullar arasında 2000 ədəd 500 yenlik əskinasların nömrəsi məlum idi, amma onların da haradasa ortaya çıxması qeydə alınmadı. 

Analoji cinayət üçün istintaq müddəti 7 il idi. Həmin dövr ərzində istintaqa 972 milyon yen xərcləndi ki, bu da oğurlanan məbləğdən üç dəfə çox idi. 1975-ci il dekabrın 10-da cinayət məsuliyyətinə cəlb etmə müddəti bitdi, amma cinayətkar müəyyən olunmadı. 

1988-ci il dekabrın 10-da isə mülki məsuliyyət müddəti də bitdi. İndi soyğunçu hətta pulların geri istəniləcəyindən çəkinmədən ortaya çıxa bilərdi, nömrəsi məlum olan pulları da xərcləyə bilərdi, amma bu, baş vermədi. 300 milyon yenlik oğurluğun üstü indiyə qədər açılmayıb. 

*** 

Oğurlanan məbləğ 1968-ci ildəki mübadilə kursuna görə 817 min ABŞ dollarına bərabər idi. Bu isə indiki 8 milyon dolların alıcılıq qabiliyyətinə ekvivalentdir. Müqayisə üçün bir rəqəm: o zaman universiteti bitirən gənc yaponun start maaşı 10 min dəfə az – 30 600 yen olub. 

Hazırladı: Yadigar Sadıqlı






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10