Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Paşinyanın çarəsi qalmadı - “Dəhliz açılmalıdır”


“Yuxarı Lars” keçid məntəqəsi Ermənistan üçün əsl başağırısıdır. Qış aylarında məntəqə həftələrlə qapadılır, Ermənistan öz məhsullarını Rusiya bazarına daşıya bilmir, əks-istiqamətdə mallar gətirilmir. Ancaq “Yuxarı Lars” işlək vəziyyətdə olanda da, Ermənistanın öz məhsullarını Rusiya bazarına çatdırcağının təminatı yoxdur.

Bu barədə "Atlas" Araşdırmalar Mərkəzinin təhlilində deyilir.

Mərkəzin ekspertləri qeyd edirlər ki, Rusiya Ermənistanın kənd təsərrüfatı məhsullarını daşıyan yük maşınlarının "Yuxarı Lars"dan keçməsinə yenə icazə verməyb:

"Rusiya buna səbəb kimi Ermənistandan daşınan məhsulların fitosanitar standartlarına uyğun gəlmədiyini göstərib. Bu halda kənd təsərrüfatı məhsulları yollarda günlərlə gözləməklə ya çürüyəcək, ya da geri qaytarılacaq ki, daxili bazarda əlavə məhsullara ehtiyac yoxdur. Erməni ekspertlər sərhəd keçid məntəqəsinin budəfəki qapanmasını siyasi səbəblərlə izah edirlər. Bəli, bu istisna deyil. İrəvan Qərbə daha çox yaxınlaşmaq istədikcə Kreml Ermənistanı cəzalandırmaq alətlərini hərəkətə gətirəcək. Bu alətlərdən biri “Yuxarı Lars"da hərəkətin dayandırılmasıdır.

“Yuxarı Lars”dan asılı olan Ermənistan 2017-ci ildə Gürcüstana alternativ yolun tikintisi ilə bağlı müraciət etmişdi. Ermənistanın keçmiş rəhbərliyi uçqunlar səbəbindən yolun tez-tez bağlanmasını əsas gətirərək “Yuxarı Lars”a alternativ olaraq Gürcüstandan Rusiyaya gedəcək yeni avtomobil yolunun çəkilməsinə çalışırdı. Gürcüstan hökuməti Ermənistanın bu təklifini qəbul etmədi. Tbilisi bunu belə əsaslandırdı ki, yolun çəkilişi həm maliyyə və infrastruktur, həm də ekoloji baxımdan çətindir. Bunun əvəzinə Gürcüstanla Rusiya “Yuxarı Lars”ın genişləndirilməsini planlaşdırırdı. Layihənin ümumi dəyəri 200 milyon ABŞ dolları həcmində qiymətləndirilirdi. Ancaq bu layihədən də xəbər yoxdur. Əksinə Rusiya “Yuxarı Lars”da beynəlxalq nəqliyyat daşıyıcıları üçün hərəkət qaydalarında dəyişikliyə qərar verib. Yeni qaydalara görə beynəlxalq avtomobil daşımalarını həyata keçirən avtonəqliyyat vasitələri üçün gömrük keçid məntəqələrində məhdudiyyətlərin tətbiqi nəzərdə tutulub. Bu sırada sərhəd keçidində hərəkət zolaqlarının sayının 11-dən 6-ya endirilməsi də var".

Təhlildə vurğulanır ki, bütün səylərə baxmayaraq, Ermənistanın “Yuxarı Lars”la bağlı çarəsizliyi davam edir:

"Ermənistanın bu vəziyyətdən qurtuluşu Azərbaycan və Türkiyənin nəqliyyat yollarına (dəhlizlərinə - red.) qoşulmasından keçir. Ancaq bunun üçün Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh əldə etməyə tələsməlidir. Əks halda Paşinyanın özünün də dediyi kimi, ermənilərin yaddaşında uğursuz lider kimi qalacaq. Paşinyan müharibədə ağır məğlubiyyətdən sonra mümkün uğur hekayəsini iki qonşusu – Azərbaycan və Türkiyə ilə sülhə nail olmaq və əməkdaşlığa başlamaqla əldə edə bilər"./yenisabah 






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10