Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Bir təbliğatın iki qaranlıq tərəfi


Azərbaycanla ABŞ və Avropa İttifaqı arasında yaranmış gərginlik ictimaiyyətə nə qədər doğru təqdim olunur? 

İndi bu suala cavabın xüsusi önəmi var. Çünki media resurslarında “qara piar” səviyyəsinə enmiş kampaniya gedir. İstər hökumətyönümlü media, istəsə də Qərb xəttini müdafiə edən, əsasən xaricdən yayımlanan onlayn mediada tamamilə antaqonist tezislərlə dolu təbliğat reallığı təhrif edir. Müstəqil ekspertlərin, KİV-lərin şərhləri isə çox zaman aramsız siyasi təbliğatın tozanağında görünməz olur. 

Bəs, bu şəraitdə real situasiyanı görmək üçün nə etmək lazımdır? Əlbəttə, ilk növbədə, hər iki tərəfdən rəsmi şəxslərin, dövlət qurumlarının bəyanatlarına diqqət etmək. Həmçinin təbliğat tezislərində istifadə edilən arqumentlərin etibarlılığını yoxlamaq tələb olunur. 

Beləliklə, Qərb xəttini müdafiə edən ekspertlər və media resursları bir neçə əsas məqamı vurğulayırlar:

ABŞ və Avropa İttifaqının Azərbaycanın Ermənistana qarşı hərbi əməliyyatlara başlayacağı barədə xəbərdarlıqları doğrudur və kəşfiyyat məlumatlarına əsaslanır. Azərbaycan Ermənistanla sərhədə 40 min nəfərlik şəxsi heyət, ağır texnika cəmləşdirib, 2022-i ilin 12-14 sentyabr əməliyyatlarına bənzər hücum ssenarisi gerçəkləşdiriləcək;

Bakı müstəqil siyasət yeridə bilməz, ancaq Rusiya rəhbərliyinin siyasi tapşırıqlarını yerinə yetirir. Azərbaycan hakimiyyəti Rusiya sülhməramlılarını ölkədə saxlamaqla faktiki ölkənin işğalına şərait yaradıb, hərbi baza qurulacaq;

Qərb Azərbaycana qarşı ağır sanksiyalar tətbiq edəcək, ölkə ağır iqtisadi, siyasi böhrana girəcək və s.

Birincisi, Azərbaycanın Ermənistana hücum edəcəyi ilə bağlı məlumat ilk dəfə “Politico” nəşri tərəfindən, Dövlət Departamentinin rəhbəri Antoni Blinkenə istinadla yayılıb. Qeyd olunurdu ki, dövlət katibi konqresmenlərlə məxfi söhbətdə bu barədə danışıb. Amma bir gün sonra Dövlət Departamenti bu məlumatı təkzib etdi. 

Daha sonra ABŞ Dövlət katibinin müavini Ceyms O Brayn noyabrın 16-da Konqresin Xarici Əlaqələr Komitəsində çıxışında bu barədə danışıb. Amma o, Azərbaycanın Ermənistana hücum edəcəyi barədə ifadələrə yer verməyib, bildirib ki, Zəngəzur dəhlizinin zorla açılması cəhdlərinə sərt cavab veriləcək.

Eyni məzmunlu bəyanatı Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi  Cozef Borel də səsləndirib. Amma o da ümumi ifadələrlə, ehtimallar əsasında danışıb. Nə Borel, nə ABŞ rəsmiləri kəşfiyyat məlumatlarına əsaslandıqlarını dilə gətirməyiblər, peyk görüntüləri və s. maddi sübutlar təqdim etməyiblər, Azərbaycanın Ermənistanla sərhədə 40 minlik hərbi qüvvə cəmləşdirdiyini deməyiblər. Bu, sırf təbliğat məhsuludur. 

İkincisi, tezisdə Azərbaycan siyasi rəhbərliyinin Kremlin tapşırıqlarını həyata keçirdiyi iddia olunur. Bu ittiham konkret nəyə əsaslanır, onu hansı qərarlar, bəyanatlarda görmək mümkündür?

Azərbaycan 19 sentyabrda Qarabağda antiterror əməliyyatı həyata keçirib və ərazi bütövlüyünü, suverenliyini bərpa edib. Ərazidə olan Rusiya sülhməramlı qüvvələri bu əməliyyata, onun nəticəsi olaraq qondarma rejimin çökməsinə, erməni əhalisinin bölgədən köçməsinə mane olmayıb. Əlbəttə, hərbi əməliyyatın Rusiya ilə razılaşdırılmasına şübhə yoxdur, amma ermənilərin kütləvi köçü Rusiya üçün nə qədər arzuolunan olması sual doğurur. Çünki onların böyük əksəriyyətini 44 günlük müharibədən sonra Rusiya qaytarıb, Qarabağda yerləşdirib, ən zəruri ehtiyaclarını təmin edib. Erməni əhalinin qalması Rusiyanın bölgədə hərbi-siyasi varlığının davam etdirilməsini legitimləşdirən başlıca şərt idi.

Azərbaycan Rusiyanın susmasının, bitərəf qalmasının qarşılığında nə verib, yaxud nə vəd etməsi isə maraqlı sualdır. Əməliyyatlardan keçən 2 ay ərzində Bakı və Moskva arasında yeni ikitərəfli razılaşma olmayıb, tərəflər 10 noyabr 2020-ci il bəyanatına uyğun olaraq sülhməramlıların bölgədə qalmaqda davam edəcəyini bildiriblər. Bakıdakı hakim dairəyə yaxın çevrələr yarımrəsmi şəkildə bu məsələnin ən çoxu 2025-i ilə – razılaşmanın bitmə tarixinə qədər uzanacağını qeyd ediblər. Hərbi bazaya gəldikdə, Azərbaycan Konstitusiyası başqa ölkənin hərbi strukturlarının ölkədə yerləşdiriməsini birmənalı şəkildə qadağan edir. Rusiya ilə bu barədə müzakirələrin aparılması ağlabatan deyil.

Mövcud geosiyasi qarşıdurmanın gedişində mövqelərin uzlaşdırılması məsələsində isə “inkişaf” var. Azərbaycan 19 sentyabrdan sonra Ermənistanla sülh danışıqlarının Qərb paytaxtlarında davam etdirilməsini dayandırıb, İrəvana Tbilisidə, yaxud sərhəddə görüşməyi təklif edir. Bakı, həmçinin, Rusiya, İran və Türkiyə tərəfindən dəstəklənən 3+3 formatının fəal iştirakçısıdır. Bu format regionun 3 böyük və 3 kiçik ölkəsinin qarşılıqlı əməkdaşlığını, problemlərin kənar (oxu: Qərbin) qüvvələrin iştirakı olmadan həllini irəli sürür. Avropa İttifaqından üzvlük təklifi alan Gürcüstan artıq bu formatda iştirak etməyəcəyini bildirib, Ermənistan isə cəmi bir dəfə Tehranda xarici işlər nazirlərinin görüşünə qatılıb və prosesə maraq göstərmir, Qərblə əməkdaşlığı dərinləşdirməyə üstünlük verir. 

Bakı-Moskva münasibətlərinin yaxınlaşmasını, maraqların uzlaşdırılmasnı Azərbaycan siyasi rəhbərliyinin Kremlin direktivlərini həyata keçirilməsi kimi təqdim olunması doğru deyil. Bakının bu siyasəti aparmaqda konkret maraqları var, bu da Qərbin 19 sentyabr əməliyyatının bölgədə müəyyənləşdirdiyi status-kvonu qəbul etməməsi ilə bağlıdır. Birləşmiş Ştatlar açıq şəkildə tələb edir ki, Rusiya ordusu Azərbaycandan çıxmalı, erməni əhali qaytarılmalı, Qarabağa beynəlxalq sülhməramlı missiya yeridilməlidir. Bu tələbin qarşılığında Azərbaycanın bölgədə suverenliyini qəbul edən Rusiya hərbçilərinin hələ bir müddət ölkədə qalması məqbul görünür. Əlbəttə, Azərbaycan rəhbərliyinin digər maraqları da var, onların başında Rusiyanın geosiyasi müharibədə zəiflədiyi fonda Qərbin Cənubi Qafqazda yerləşməsini istəməməsi durur. 

Nəhayət, Qərbin Azərbaycana qarşı ağır sanksiyalar tətbiq edərək, onu dərin böhrana salacağı barədə tezislərdə real problemlər həddindən artıq şişirdilib. 

Birincisi, ABŞ və Avropa İttifaqı siyasi rəhbərliyi Azərbaycana qarşı sanksiyalar tətbiq ediləcəyi barədə açıqlama verməyib, verilən bəyanatlarda bu tədbirin istisna olunduğu qeyd olunub. 907-ci düzəlişə qoyulan məhdudiyyətin 2 il müddətinə dayandırılması isə ABŞ-ın Azərbaycana hərbi yardımlarını qadağan edir və bu çərçivə ilə kifayətlənir.

İkitərəfli münasibətlərdə əlaqələr sabitdir, enerji sektorunda, xüsusən Cənub Qaz Dəhlizinin genişləndirilməsi, yaşıl enerji istehsalı və ixracı ilə bağlı yeni memorandumlar, müqavilələr imzalanıb, sərmayə qoyuluşları planlaşdırılır. 

Əlbəttə, Azərbaycanın siyasi əlaqələri, Avropa strukturları ilə münasibətləri dərinləşdirəcəyi gözlənilən deyil. Bakı 10 ildən artıqdır ki, bu sahədə taym-aut götürüb. Xüsusən Avropa İttifaqı ilə Hərtərəfli Əməkdaşlıq Sazişi 5 ildən artıqdır müzakirə masasında qalıb. 

Beləliklə, Qərbin Azərbaycanı çökdürəcək iqtisadi, siyasi sanksiyalar tətbiq edəcəyi barədə deyilənlər təbliğat məhsuludur, reallığı əks etdirmir. 

Azərbaycan mediasında anti-Qərb isterikasına gəldikdə, ictimaiyyət, eləcə də Qərbin özü zaman-zaman baş verən gərginliklər zamanı buna alışıb. Bu cür ictimai çıxışlar real siyasətdə əks olunmur və praqmatik maraqlara təsir göstərmir. Məsələn, Fransa-Azərbaycan arasında diplomatik, siyasi ritorika ən kəskin ifadələrlə doldur, Fransa Milli Assambleyası ləğv olunmuş qondarma rejimin müstəqilliyini belə tanıyıb, amma Bakı Parisdəki səfiri geri çağırmaq haqqında düşünməyib. Fransanın “Total” neft şirkəti 10 ildir başladığı “Abşeron 2” qaz yatağından ilk hasilatı ötən aylarda əldə edib. Ticarət dövriyyəsində ötən illərlə müqayisədə artım da nəzərə çarpır.

Əlbəttə, Qərbin düşmən obrazında təqdim edilməsi ölkədə Qərb dəyərlərinə qarşı mənfi münasibətin formalaşmasına təsirsiz ötüşmür. Xüsusən, ABŞ və Fransanın timsalında Qarabağ böhranında ermənipərəst mövqenin ifadə olunması Azərbaycanda anti-Qərb dəyirmanına bolluca su tökür.  

Dünyanın ən inkişaf etmiş iqtisadi, siyasi sistemlərinə, mütərəqqi dəyərlərinə sahiblənmiş Qərb Azərbaycana düşmən deyil, müəyyən dövrlərdə siyasi, geopolitik maraqların toqquşmasını bu şəkildə təqdim etmək səhv siyasətdir. Çünki bundan itirən elə Azərbaycan cəmiyyətinin, dövlətinin özüdür.pressklub






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10