Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

"Müəllimin sözündən çıxdım, illər sonra düz etdiyimi anladım" - MƏKTƏB İLLƏRİ


Müharibə “Son zəng”ə imkan vermədi, məktəb, uşaqlıq fotolarımız da işğal olundu

Artıq 19 yaşı tamam olan Azəri-Press Agentliyində (APA) 16 ildir çalışan jurnalist, redaktor Məhbubə Qasımbəyli “Məktəb illəri”ndə danışır. 

- Birinci sinfə 1982-ci ildə Cəbrayıl rayonunun Minbaşılı kənd orta məktəbində getmişəm. 

“Məktəb illərinin xatirələri o qədər çoxdur ki, heç biri də  unudulmur. Həm xoş, işıqlı xatirələr, həm də acı…

Bəzən dünən olanlar tez yaddan çıxır, amma uşaqlıq, yeniyetməlik xatirələri istisnadır. 

Birinci sinifdən əvvəl, 6 yaşım tamam olmamış məktəbdə hazırlığa getmişəm. Məktəblə tanışlığım cəmi bir neçə gün çəkən hazırlıqdan başlayıb elə. Uşaqlar az idi, ya nədənsə qısa zamanda hazırlıq sinfi bağlandı. 

Məni hazırlığa məktəbimizdə müəllim olan anam aparmışdı. Hazırlığın ilk günü anamın müəllim yoldaşları məndən şeir soruşdular. Çoxlu şeir bilirdim, utandığımdan demədim. Qayıdanda yolda anam “Niyə demədin, sənə “2” yazdılar” dedi. Mən də inanıb, çox pərt oldum, ağlamağa başladım. Anam dedi ki, hələ jurnala yazılmayıb “2”, gələn dəfə deməsən, yazacaqlar. Sakitləşdim. 

Məktəbdə heç vaxt “2” almamışam, qiymətlərim əsasən “5” olub, bəzən “4”-üm də olurdu. 

- İlk parta yoldaşınız yadınızda?

- Əlbəttə, bir parta yoldaşım olub elə - 10 il Natəvanla bir partada oturmuşam. Yalnız bir dəfə söhbət edirdik, ya nəsə diqqətsizlik etdik, müəllim bizim yerimizi dəyişdi. Onda özümə yer tapa bilmirdim. Az sonra yenə qovuşduq. O mənim ilk rəfiqəmdir. O məndən də yaxşı oxuyurdu. Hər gün məktəbdən evə birgə qayıdardıq. Bəzən yolda əhəmiyyətsiz, adi bir şeyin üstündə dalaşardıq. Yazda yol kənarı çiçəklərlə, lalələrlə dolu olurdu. Amma biz bir dəfə uzaqda olan tək laləni birinci kimin görməsi, onu kimin qoparacağı üstündə mübahisə elədik, bir neçə gün küsülü qaldıq. Sonra heç nə olmayıbmış kimi danışdıq. Sonralar dalaşmağa başqa səbəblər də tapılırdı, amma yenə tez barışırdıq. Münasibətimiz indi də davam edir, onun mənim üçün yeri başqadır.     

- Adətən, orta məktəblərdə şagirdlərə müəyyən qadağalar qoyulur, cəzalar verilir. O vaxt necə idi?

- Olurdu, amma mən heç vaxt cəzalanmamışam. Yəqin çox intizamlı, yaxşı oxuyan idim, ona görə. Amma ibtidai sinifdə oxuyanda bir dəfə müəllim dərsi bilməyən uşaqları lövhə qarşısına sıraya düzmüşdü. Yaxşı oxuyanları da ayağa qaldıraraq bizim onları tənbeh etməyimizi istədi. Sinif nümayəndəsi idim deyə, birinci məni qaldırdı. Dedi uşaqlara “ayıb olsun” de. Demədim, mənə baxıb o biri uşaqlar da demədilər. İllər sonra düz hərəkət etdiyimi anladım (Gülür). 

- Bəs, geyimlə bağlı nəsə qadağalar var idi? 

- Vahid məktəbli forması vardı. Nadir hallarda geyimdən kənara çıxmaq ola bilərdi. Mən heç vaxt pozmamışam. Hər zaman formada getmişəm. Ağ önlüyümüz hər zaman tərtəmiz olardı.  

Məktəbli formasından yalnız 1 May bayramında çıxardıq. O zaman rayon mərkəzində 1 May - zəhmətkeşlərin paradı olardı, bizi də aparardılar, onda icazə verirdilər, kim nə istəsə, geyinirdi. Biz də həmin günə təzə paltarlar geyinərdik, adətən…
Pioner sıralarına keçəndən sonra qalstuk da taxmalı idik. İlk vaxtlar həvəsli idim, qalstuku hər gün anama ütülədərdim, bir dəfə özüm ütüləyəndə yandırmışdım. 

Zaman keçdikcə bezdim. Buna görə də, fürsət tapan kimi pioner qalstukunu ya evdə “unudardım”, ya da çantada gizlədərdim. 

Buna görə bir neçə dəfə irad eşitmişəm. Pioner dəstə rəhbərimiz dedi ki, “sən müəllim qızısan, nümunə olmalısan, amma özün taxmırsan, belə olmaz…”

- Müəllimləriniz necə idi? Onları necə xatırlayırsız?

- Müəllim deyəndə mənim ağlıma ilk onlar gəlir, əsl müəllimlər. İlk müəllimim Əli müəllim olub. Bir neçə il əvvəl pandemiyanın itkilərindən biri oldu. Əli müəllim tək bizim məktəbin yox, həm də Cəbrayılın ən yaxşı sinif müəllimlərindən idi. Çox tələbkar idi, məktəbi bitirəndən sonra onu heç görmədim. 

Köçkünlük bizi həm sinif yoldaşlarımızdan, həm də sevimli müəllimlərimizdən çox uzaq saldı. Onların çoxu erkən dünyadan köçdü. 

Çox təəssüf ki, çoxu gənc yaşlarında vəfat etdi. Məncə, bu da müharibənin, işğalın bizə yaşatdıqlarının nəticəsi oldu.  
Cəmil müəllim, Baxış müəllim, Məhəmmədəli müəllim, Valeh müəllim, Kərəm müəllim, Oruc müəllim, Sevil müəllim. Uzun illər bu itkilərlə barışa bilmədim. Onlar yaşlanmadılar, yurd nisgili ilə dünyalarını dəyişdilər. 

Heç vaxt yadımdan çıxmaz, məcburi köçkünlüyün ilk illərində dedilər ki, bizim ən savadlı müəllimlərdən biri metro stansiyalarından birinin üstündə nəsə satır. O zaman Bakıda yerləşmək, iş tapmaq çox çətin idi. Onun məktəbli uşaqları vardı, buna vadar olmuşdu. Bir gün ordan keçəndə onu gördüm, çox sarsıldım. Bir neçə il sonra vəfat etməsi xəbərini aldıq. 

Bir də ən çox hansısa məcburi köçkün qəsəbəsində yaşayan, illər öncə orda vəfat edən sevimli alman dili müəllimimi, gözəl, sadə insanı - Sevil xanımı unuda bilmirəm. O, bizə alman dilini çox sevdirmişdi, sinifdə onunla alman dilində söhbət edə bilirdik. 

- Məhbubə Qasımbəyli necə şagird olub?

- Çox intizamlı və məsuliyyətli. Bu, daha çox məktəbdə müəllimim olan anamdan qaynaqlanırdı. Xırda intizamsızlıq belə edə bilməzdim. Neçə dəfə olub, uşaqlar dərsdən qaçmaq istəyib, ya başqa nəsə nüanslar olub, bilirdim ki, cəzası ağır olacaq, ya da anama söz gələr deyə, etmirdim. 

Məktəbin ilk günündən çox qəribə bir vərdiş yaranmışdı. Dərsdən yetirən kimi bütün tapşırıqları həll edərdim, yemək sonranın işi idi. Hər gün axşam eyni vaxtda tez yatmaq, “budilniki” sabah lap erkən saatlara qurmaq… Bunu heç kim tələb etmirdi. Elə bilirdim ki, məktəbə gecikə bilərəm. Valideynlərim nə qədər etsələr də, bu vərdişləri tərgitə bilmədilər. Kiçik yaşlarda formalaşan məsuliyyət hissinin sonralar üstünlükləri ilə yanaşı, əziyyəti də oldu. Çox dəqiq, məsuliyyətli olmağın bir gün insanı yora bildiyini çox sonralar dərk elədim...

- Heç məktəb davaları olurdu? 

- Çox olub. Ən çox qızlarla oğlanlar arasında mübahisələr olardı. İdman dərsində məsələn, oğlanlar cığallıq edərdilər, biz də bunu cavabsız qoymazdıq. İdman müəllimimiz, həm də sinif rəhbərimiz Səttar müəllimi hamımız çox istəyirdik, belə mübahisələrin yaranmağına yol verməzdi, olsa da, onun sözünə baxıb sakitləşərdik. Bəzən isə onun gözündən uzaqlaşan kimi davam edərdik. Cəza kimi gücümüz oğlanların çantalarını gizlətmək, ya da döşəməyə atmaq olardı. Küsmək, onları danışdırmamaq da öz yerində... 

İbtidai sinifdə isə sinif yoldaşım olan oğlanı vurmuşam. O, ağlaya-ağlaya müəllimlər otağına getdi. Atası da müəllim idi, ona şikayət edəndə anam eşidib sinfə gəldi. Təbii ki anam məni buna görə cəzalandırdı, evdə dərsimi verdi…

- Ananın müəllim olması necə hiss idi? 

- Çox qəribə. Bir dəfə çaşıb müəllim yox, “ana” deyə müraciət də elədim. Sinifdə ona dərs danışmağa utanardım, o isə ən çox mənə qarşı tələbkar idi. Sonra öyrəşdim. Dayım da müəllimim olub, bir müddət mənə riyaziyyatdan dərs deyib. Ondan da çox çəkinərdim. 

- Sevimli məktəb illərinin yaddaqalan mənfi cəhətləri varmı? 

- Ən çox yadda qalan mənfi xüsusiyyətlərindən biri bizi dərs dövründə üzüm yığmağa, alaq təmizləməyə aparmaqları idi. Təxminən bir ay üzüm yığımı mövsümündə bizi dərsdən ayırırdılar. Sentyabrda dərs başlayan kimi üzüm yığımı başlayardı. Yazda isə qəfil dərsin ortasında gəlib deyirdilər ki, “gedirik alağa”. Kolxozun təsərrüfatında, bostanda alaq etməyə yəni. O zaman bunu heç sevməzdik, çox narahat olurduq, uşağın günün altında işləməsi çox çətin idi…
Amma 30 ilə yaxın işğal dövründə hətta o günlər üçün də darıxmışam. 

- Söhbətə başlayanda dediniz ki, məktəb illərinin bir hissəsi müharibə dövrünə təsadüf edib. Müharibə o illərdə nəyi dəyişdi? 

- Çox şeyi. Müharibə, işğal demək olar ki, rəvan, çox sakit, firavan həyatımızı alt-üst elədi, çox arzumuz ürəyimizdə qaldı. Məktəb illərinin sonları birinci Qarabağ müharibəsinə təsadüf elədi. Bizim kəndimiz rayon mərkəzindən 6-7 kilometr məsafədə idi. Rayon mərkəzi, ətraf kəndlər ermənilər tərəfindən atəşə tutulurdu. Xocavənddən, Hadrutdan raket atırdılar. Əlbəttə ki, bu, bizim dərslərimizə də təsir edirdi. Müəllimlərimizdən özünümüdafiə, könüllülər dəstəsinə qoşulanlar vardı…

Son illərdə vəziyyət daha da gərginləşmişdi. Hər gün itkilər, şəhid xəbərləri gəlirdi. Məktəbin məzunlarından, doğmalar, yaxınlardan şəhid olanlar vardı. Ədəbiyyat müəllimimiz Elza müəllimin qardaşı Çingiz də şəhidlər arasında idi. Çox ağır, çətin günlər idi. 

Həvəslə “Son zəng”ə hazırlaşırdıq. Amma olmadı. Heç vinetka çəkilişi də edə bilmədik. Orta məktəbdən yadigar cəmi bir neçə foto var. Şəkillərin çoxu işğal olunan evimizdə qaldı.

- Jurnalistikaya gəlməyinizdə o məktəbin rolu var?

- Var, təbii ki. Aşağı siniflərdən başlayaraq ədəbiyyata böyük marağım var idi. Baxmayaraq ki, həkim olmağımı istəyirdilər.
Amma dəqiq elmlərə elə maraq göstərmirdim. Riyaziyyatdan zəif olmuşam. Evdə məsələ, misallarıma kömək edərdilər, bəzən hətta məndən kiçik qardaşım həll edərdi onları. Ən çətin hallarda riyaziyyat müəllimi olan dayım dada çatardı.
Məktəbdə isə riyaziyyatı çox yaxşı bilən parta yoldaşım və sinfimizin ən savadlısı rəhmətlik Farizə müraciət edərdim. Fariz hamıdan qabaq həll edərdi. O, Türkiyədə ali təhsil aldı, ali məktəblərdən birinin dosenti oldu. Çox təəssüf ki elə orda, 2015-ci ildə yol qəzasında həlak oldu...

Gözümü açandan evdə çoxlu kitab, qəzet, jurnal görmüşəm. Valideynlərim qəzetlərin çoxuna abunə idilər. Kəndin poçtu məktəbimizin yanında yerləşirdi. Tənəffüs olan kimi uşaqlarla poçta qaçardım. Bəzən elə olurdu ki, gündə iki-üç dəfə gedirdik ki, qəzet gələn kimi götürə bilək. Poçtun müdiri ağsaqqal kişi idi, acıqlanırdı. Deyirdi ki, bir gündə bu qapını neçə dəfə açıb-bağlayacaqsız? Qəzet gələndə ata, ananıza verəcəyik, siz gəlməyin, deyib bizi ordan uzaqlaşdırardı.
Buna baxmayaraq, yenə gedirdik. 

Tətildə isə bu ənənə pozulurdu. Çünki poçt evdən uzaq idi, gedib-gələ bilmirdik. İki gündən bir poçtalyon gətirərdi. Poçtalyon gec gələndə darıxırdım. Ata-anam “Azərbaycan”, “Ulduz”, “Azərbaycan qadını”, “Azərbaycan təbiəti”, “Gənclik” jurnallarına, “Kommunist”, “Sovet kəndi”, “Azərbaycan gəncləri”, “Azərbaycan pioneri”, “Həyat”, “İdman” və s. qəzetlərə abunə yazılmışdılar.

İndiki məktəblilər dərsdən əlavə, demək olar ki, nəsə oxumur. Məktəb kitabxanası, evdə olan kitablar qane etmirdi, aşağı siniflərdən kənd kitabxanasına yol açmışdım. Qucaq-qucaq kitab alırdım. Kitabxanaçı rəhmətlik Hümbət kişi görən kimi deyirdi ki, yenə gəldin? Apardığın kitabların hamısını qaytarmayanda ondan çətinliklə kitab almaq olurdu. Kitab oxumaq üçün ən yaxşı vaxt yay tətili idi. Məktəb bağlanan gün qaranəfəs kitabxanaya gedərdim, elə bilirdim ki, kitabları yığıb aparacaqlar, mənə qalmayacaq.

- Bəs mətbuata, jurnalistikaya maraq necə yarandı? 

- Elə o qəzet, jurnalları oxuya-oxuya. Amma ən böyük marağı Ana dili, ədəbiyyat müəllimimiz Hidayət müəllim oyadıb. Milli azadlıq hərəkatı dövründə Azərbaycanda qəzetlərin sayı çoxalmışdı. Yeni qəzetlərlə bizi məhz Hidayət müəllim tanış etmişdi. Həmin dövrün qəzetlərinin əksəriyyətini Hidayət müəllim oxuyurdu, sonra oxumaq üçün bizə verirdi. O qəzetlərin hər nömrəsini oxuyurdum. 

Orta məktəbdə ikən o dövrün jurnalistləri, publisistlərinin hamısını tanıyırdım, yazılarını səbirsizliklə gözləyirdim. 

- Heç darıxırsız o illər üçün?  

- Çox darıxıram. Müharibənin, işğalın yarımçıq qoyduqlarını yenidən yaşamaq istəyərdim. Yaşadığım rayon, kənd, oxuduğum məktəb 27 il işğal altında olub. O məktəbdən əsər-əlamət qalmayıb. Məktəbimizin böyük bağçası vardı. Hər tərəfi böyük akasiya ağacları ilə əhatə olunmuşdu. Həyətdə hər rəngdə gül-çiçək... Məktəbin direktoru, həm də riyaziyyat müəllimimiz rəhmətlik Şamil müəllim yaratmışdı bu gözəlliyi. Hər ağacı, hər gülü, demək olar ki, özü əkmişdi… Yaxşı xatırlayıram, məktəbdə müxtəlif fənn kabinetləri vardı - Ədəbiyyat, Kimya, Fizika, Biologiya kabinetləri, laboratoriyalar. Bəlkə heç indi də bir sıra məktəbdə elə kabinetlər yoxdur. 

Məktəbimizin böyük ərazisində o zaman üçün çox yaxşı, böyük stadionları vardı. Futbol, basketbol, həndbol, voleybol, qaçış meydançalarımız olub. 

Minbaşılı məktəbi tarixi, ənənəsi olan, seçilən məktəb idi. İndi o məktəbdən heç nə qalmayıb. İşğaldan azad olunandan sonra kəndimizə gedə bilməmişəm. Videolarda, fotolarda görmüşəm. Sanki bomboz bir səhranın ortasında uçuq, yarımçıq divarlar qalıb. Düşmən hər şeyi məhv edib. Məktəbin düz yanında olan nəhəng çinar ağacını da kəsiblər, yerində pöhrələyib. Onun altındakı kəhriz isə quruyub. 

İllər boyu ən böyük arzum məktəbin həyətindəki ağacların çiçəklərini, gülləri qoxulamaq, akasiyaların kölgəsində dərindən nəfəs almaq, o kəhrizdən su içmək olub…  

Lent.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10