Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Zəngəzur dəhlizi: Ermənistan Rusiyanın nəzarətini rədd edir, Bakı isə Tehranla yaxınlaşır


Ermənistanın Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan cümə axşamı bildirib ki, Yerevan Azərbaycan ilə Naxçıvanı birləşdirən və Ermənistanın cənubundan keçən nəqliyyat xətlərinə Rusiyanın nəzarət etməsi fikri ilə razılaşmayacaq.

Ermənistan rəsmisi bu fikri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın cümə axşamı verdiyi açıqlamasına cavab olaraq səsləndirib.

Zaxarova çıxışı zamanı Rusiyanın iştirakı ilə Ermənistan və Azərbaycan arasında 2020-ci ildə imzalanan müqaviləni əsas gətirərək, Ermənistandan keçməklə Azərbaycanla Naxçıvanı birləşdirən nəqliyyat xətlərinə Rusiyanın sərhəd qoşunlarının nəzarət edəcəyini deyib.

Ermənistan XİN sözçüsü isə rəsmi Yerevanın “Sülh Qovşağı” layihəsini əsas gətirərək bildirib ki, burada əsas prinsip regional nəqliyyat xətlərinin açılacağı təqdirdə, Ermənistanın dövlət institutları tərəfindən gömrük və sərhəd məntəqələrində nəzarəti həyata keçirməkdən ibarətdir, News.am saytı yazıb. 

“Ermənistan heç vaxt və heç bir sənəddə öz suverenliyini məhdudlaşdıran hər hansı fikirlə razılaşmayıb və öz suveren ərazisinin hər hansı hissəsinə üçüncü ölkənin nəzarəti yaradıla bilməz”, - Badalyan qeyd edib.

O əlavə edib ki, Ermənistan ərazisində insanların və yüklərin təhlükəsiz daşınmasını təmin etmək üçün ölkənin Milli Təhlükəsizlik Xidmətində xüsusi bölmə yaradılıb.

Eyni vaxtda isə, rəsmi Bakı Azərbaycanın əsas hissəsi ilə Naxçıvan eksklavı arasında əlaqələri bərpa etmə səylərini Tehranla müzakirə edib.

Belə ki, cümə axşamı İqtisadi Əməkdaşlıq Təşkilatının Özbəkistanda keçirilən sammiti çərçivəsində bir araya gələn Azərbaycan və İran prezidentləri iki ölkə arasında nəqliyyat əlaqələri barədə müsbət mesajlar veriblər

Prezident İlham Əliyev İrandan keçməklə Azərbaycanla Naxçıvanı birləşdirəcək nəqliyyat xətti ilə bağlı əldə edilən son razılaşmanı “böyük perspektivi olan layihə” kimi təsvir edib.

Bununla belə, o, Ermənistan tərəfinin eyni marşrut xəttinin öz ərazisindən keçməsinə imkan verməməklə “böyük səhv” etdiyini bildirib.

Prezident Əliyev qeyd edib ki, Azərbaycan və İran arasında tikilməkdə olan iki yeni nəqliyyat yolu Şimal-Cənub nəqliyyat dəhlizinin bir hissəsi olacaq və İran və Azərbaycan arasındakı “qardaşlıq münasibətlərinin möhkəmlənməsinə xidmət edəcək”, president.az sayı yazıb.

İran Prezidenti İbrahim Rəisi isə iki ölkə arasında nəqliyyat və yük daşımaları sahəsində əməkdaşlığın hər iki ölkənin maraqlarına xidmət etdiyini bildirib.

Əliyev və Rəisi görüş zamanı İran və Azərbaycan arasında əlaqələri pozmağa çalışan regiondankənar ölkələrin cəhdlərinin “nəticəsiz qaldığını” qeyd ediblər.

“Əminəm ki, indi də düşmənlərimiz öz məqsədlərinə çatmayacaqlar. İran və Azərbaycan bundan sonra da uğurla əməkdaşlıq edəcək və münasibətləri gücləndirəcəklər”, - Əliyev deyib.

President.az saytının yaydığı məlumatda iki ölkə prezidentləri arasında baş tutan görüş çərçivəsində hazırda davam edən İsrail-Həmas müharibəsi ilə bağlı hər hansı müzakirənin aparıldığı barədə məlumat qeyd olunmayıb.

Lakin İranda hökumətin dəstəklədiyi Sahar 1 televiziyasının Azərbaycanca xidməti İsrail-Həmas müharibəsi başlayandan bəri Bakını İsrailə neft ixrac etməməyə çağırır.

Rəsmi Bakı İran televiziya kanalının bu iddialarına hələlik hər hansı şərh verməyib.

İran və Azərbaycan arasında münasibətlər Tehranda Azərbaycan səfirliyinə hücum və İranın Zəngəzur koridorunu özünə təhlükə gördüyünü aşkarlayan bəyanatlarından sonra gərginləşsə də, son aylarda istiləşmə müşahidə olunur.






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10