Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Bir, iki, üç, dörd, beş yeni reallıq... və son


BBC-nin beynəlxalq şərhçisi Ceremi Bouen İsrailin HƏMAS-a qarşı müharibəsinin Yaxın Şərqdə vəziyyəti necə dəyişdirdiyini nəql edir.

Hadisələr hələ də sürətlə cərəyan edir. Müharibənin indiki sərhədləri aşacağı ilə bağlı real təhlükə var. Yaxın Şərqdə yeni reallıqlar uzaqda deyil. Amma onun ümumi mənzərəsi müharibənin bu ilin sonu və ola bilər, gələn ilin əvvəlinə qədər necə gedəcəyindən asılıdır.

Gəlin, bildiyimiz və bilmədiyimiz bəzi aspektləri sadalayaq. Siyahı son variant deyil.

Bir…

Tam əmin şəkildə söyləmək olar ki, HƏMAS və onun “kiçik partnyoru” – “İslam cihadı”n hakimiyyətinin məhvinə yönələn hərbi kampaniya israillilər tərəfindən dəstəklənir. Onların qəzəbi HƏMAS-ın İsrailə hücumu nəticəsində 1400-dən çox insanın ölümündən və 240 nəfərin girov götürülməsindən (onlar hələ də Qəzzada saxlanılırlar) doğan şokdan qaynaqlanır. 

Mən İsrail ordusunun istefadan olan generalı Noam Tibonla danışmışam. O, mənə həyat yoldaşı ilə bir yerdə Qəzza ilə sərhəddə yerləşən və oktyabrın 7-də hücuma məruz qalan Nahal-Oz kibutsuna getməsindən danışdı. Onun vəzifəsi (o, vəzifəsini uğurla yerinə yetirə bilib) HƏMAS yaraqlılarının hücumunu eşidərək təhlükəsiz otaqda gizlənən oğlu, gəlini və iki azyaşlı nəvəsini xilas etmək olub.

Tibon daha orduda xidmət etmir, amma bu 62 yaşlı kişi əla fiziki formadadır. O, həmin xaos günü öldürülmüş İsrail əsgərinin silahını, dəbilqəsinin götürüb və başına topladığı hərbçilərə rəhbərlik edib. Onlar kibutsun ərazisini təmizləyiblər və generalın ailə üzvləri də daxil olmaqla çoxlarının həyatını xilas ediblər. 

General, İsrail ordusunun hadisələr haqqında açıq danışmağı xoşlayan hərbçilərinin köhnə nəslinin nümayəndəsidir: “Qəzza əzab çəkməli olacaq… dünyada heç bir millət qonşularının körpə, qadın və ya sadəcə adam qətli ilə məşğul olmasına dözməz. Elə siz də (britaniyalılar) İkinci dünya müharibəsi zamanı düşməni əzdiniz. Biz də Qəzzada bunu etməliyik. Heç bir mərhəmət göstərmədən”. 

– Bəs ölən dinc fələstinlilər necə olsun? – mən soruşdum.

– Təəssüf ki, bu, baş verir, — deyir. – Biz təhlükəli yerdə yaşayırıq və həyatda qalmalıyıq… Amansız davranmalıyıq. Başqa seçimimiz yoxdur. 

İsraillilərin çoxu generalla həmrəydirlər ki, dinc fələstinlilərin ölümü pisdir, amma onlar HƏMAS-ın etdiklərinə görə ölürlər. 

İki…

Eləcə də tam aydındır ki, İsrailin HƏMAS əleyhinə hərbi kampaniyası dəhşətli qırğına səbəb olur. HƏMAS-ın nəzarətində olan Qəzza zolağının Səhiyyə Nazirliyinin son məlumatına görə, artıq 10 minə yaxın fələstinli ölüb və onların 65 faizi qadın və uşaqlardır. 

Ölən kişilərin nə qədərinin dinc sakin, nə qədərinin isə HƏMAS və ya “İslam cihadı” döyüşçüsü olması məlum deyil. ABŞ prezidenti və israillilər nazirliyin məlumatlarına inanmırlar, amma beynəlxalq təşkilatlar əvvəlki konfliktlərin təcrübəsini nəzərə alaraq, Fələstin hakimiyyətinin qurbanlar haqda rəqəmlərini etibarlı hesab edirlər. 

BMT bildirir ki, Rusiyanın Ukraynaya təcavüzə başlamasından keçən 21 ay ərzində 9,7 min dinc sakin öldürülüb… Bəli, ölənlərin bir qismi HƏMAS üzvləridir. Amma hətta belələrinin 10%  olduğunu təxmin etsək belə (çətin ki, bu rəqəm doğru olsun olsun), bu deməkdir ki, İsrailin təxminən bir ay ərzində Qəzzaya endirdiyi zərbələr nəticəsində ölən dinc sakinlərin sayı Ukraynada 2022-ci ilin fevralından ölənlərin sayına yaxınlaşır. 

(BMT Ukraynadakı qurbanlar barədə rəqəmlərin dəqiq olmadığını, çox mümkün ki, qurbanların sayının qat-qat çox olduğunu qeyd edir. Eyni zamanda, Qəzzadakı qurbanların sayı da çoxdur. Çünki bir çox fələstinlilər hələ də dağıntılar altındadırlar).

BMT-nin İnsan Hüquqları Şurası bildirir ki, İsrailin aviazərbələri dinc əhali arasında dəhşətli qurbanlara səbəb olur, bu da hücumların qeyri-proporsional olması və hərbi cinayət təşkil etməsi kimi ciddi narahatlıq yaradır. 

HƏMAS-ın hücumundan sonrakı ilk günlərdə ABŞ prezidenti Co Bayden İsrailin Qəzzada HƏMAS-ı hakimiyyətdən uzaqlaşdırmaq üçün hərbi güc işlətməsi qərarını dəstəklədi. Amma əlavə etdi ki, bunu “düzgün üsullarla” etmək lazımdır. O, bununla da İsrailin dinc əhalinin təhlükəsizliyini nəzərdə tutan müharibə aparmaq qanunlarına əməl etməli olduğunu nəzərdə tuturdu. 

ABŞ-ın dövlət katibi Entoni Blinken isə Tel-Əvivə uçmazdan əvvəl deyib: “Dağıdılmış binaların uçuqları altından fələstinli uşağın çıxarılmasını hər dəfə görəndə ürəyimin dərinliklərinə qədər sarsılıram, necə ki, İsraildən və ya istənilən başqa ölkədə öldürülmüş uşaq görəndə”.

İsrailin son 30 il ərzində apardığı bütün müharibələrdə reportyor olmuşam. ABŞ administrasiyasının İsrailin müharibə qanunlarına əməl etməli olduğunu bu qədər açıq şəkildə deməsini xatırlamıram. Blinkenin səfəri o deməkdir ki, onun fikrincə israillilər Baydenin məsləhətinə əməl etmirlər. 

Üç…

Daha bir şeyə əmin ola bilərik: İsrailin baş naziri Binyamin Netanyahuya çox böyük basqı var.

İsrail ordusunun və kəşfiyyatın rəhbərliyindən fərqli olaraq, baş nazir ölkə sərhədlərinin oktyabrın 7-də müdafiəsiz qalması ilə nəticələnən bir sıra fəlakətli səhvlərə görə şəxsi məsuliyyətini etiraf etməyib.

Onun hər şeydə kəşfiyyat xidmətlərinin günahkar olması barədə oktyabrın 29-da yazdığı tvit böyük qəzəb doğurdu. Netanyahu həmin yazını sildi və ona görə üzr istədi. 

Üç tanınmış israilli – sülh danışıqlarının keçmiş iştirakçısı, Şabak (Şin-Bet) əks-kəşfiyyat xidmətinin keçmiş rəhbəri və tanınmış sahibkar – “Foreign Affairs” jurnalında yazdıqları məqalədə bildirdilər ki, Netanyahu müharibədə və ondan sonra baş verəcək hadisələrdə qəti şəkildə iştirak etməməlidir. Baş nazirin loyal tərəfdarları var, amma İsrail ordusunda və xüsusi xidmətlərindəki nüfuzlu şəxslərin etimadını itirib. 

Yuxarıda adını çəkdiyim general Noam Tibon Netanyahunu Britaniyanın baş naziri Nevill Çemberlen ilə müqayisə edir. Çemberlen 1940-cı ildə istefaya getməli oldu və onu Uinston Çörçill əvəzlədi.

“Bu, İsrail tarixində ən böyük fiaskodur, -_Tibon mənə deyir. – Hərbinin fiaskosudur. Kəşfiyyatın fiaskosudur. Bu, həm də hökumətin fiaskosudur. O, hər şeyi idarə edir, bütün günah da ondadır – Binyamin Netanyahuda. İsrail tarixinin ən böyük uğursuzluğu məhz onun rəhbərliyi altında baş verib”. 

Dörd…

O da aydındır ki, regionda daha əvvəl qurulan status-kvo indi mövcud deyil. Vəziyyət təhlükəli və xoşagəlməz idi, amma onda məşumca sabitlik vardı. Sonuncu Fələstin üsyanının bitməsindən sonra (2005-ci ildə) müəyyən sxem formalaşmışdı. Netanyahuya elə gəlirdi ki, bu sxemi daima saxlaya biləcək. Amma bu, iştirakçı tərəflər üçün (həm fələstinli, həm israilli) təhlükəli illüziya idi. Hesab olunurdu ki, fələstinlilər daha İsrail üçün təhlükə deyillər. Onları birtəhər həll etmək lazım gələn problem adlandırırdılar. Əlçatan vasitələrdən qamçı və kökə, eləcə də “parçala və hökm sür” adlanan qədim taktika seçilirdi. 

2009-cu ildən bu yana olan 14 ilin böyük hissəsini, eləcə də 1996-1999-cu illərdə baş nazir postunda oturan Netanyahu deyirdi ki, İsrailin sülh üçün partnyoru yoxdur.

Amma potensial partnyor var idi: HƏMAS-ın əsas rəqibi olmaqda davam edən Fələstin administrasiyası. Dərin problemləri olan təşkilatdır və onun bir çox tərəfdarları hesab edirlər ki, qoca lider Mahmud Abbasın istirahət vaxtı çatıb. Amma Fələstin administrasiyası İsraillə yanaşı mövcud olacaq Fələstin dövlətinin yaranması ideyası ilə hələ 1990-cı illərdə razılaşmışdı. 

“Parçala və hökm sür” taktikası Netanyahu üçün o demək idi ki, Fələstin muxtariyyəti hesabına Qəzzada HƏMAS-ın hakimiyyətinin möhkəmlənməsinə imkan verirdi. 

İsrail tarixində hamıdan çox bu postu tutan hazırkı baş nazir özünün publik ifadələrində həmişə çox ehtiyatlı olub, amma onun uzun illər boyu davranışı göstərir ki, Fələstin dövlətinin yaranmasını istəməyib. Belə bir ssenari İsrailin Qərb sahilindəki torpaqlardan, eləcə də Şərqi Qüdsdən imtinasını ehtiva edir. Sağçılar isə hesab edirlər ki, ora tamamən yəhudilərə aiddir. 

Vaxtaşırı Netanyahunun geniş ictimaiyyət üçün nəzərdə tutulmayan ifadələri üzə çıxır. 2019-cu ildə bir neçə mənbə onun “Likud” partiyasının üzvləri qarşısında çıxışından xəbər verdi. O zaman o deyib ki, əgər Fələstin dövlətinin yaranmasına etiraz edirlərsə, Qəzzaya vəsaitlərin axması (bunu əsasən Qətər həyata keçirir) sxemini dəstəkləməlidirlər. Onun fikrincə, Qəzzadakı HƏMAS və Qərb sahilindəki Fələstin muxtariyyəti arasında ziddiyyətlərin kəskinləşməsi dövlətin yaranmasını mümkünsüz edəcək. 

Beş… və son

Nəhayət, məlumdur ki, İsrail HƏMAS-ın hakimiyyətinin saxlanılmasını nəzərdə tutan hər hansı sövdələşmə ilə razılaşmayacaq və bu məsələdə ABŞ tərəfindən dəstəklənir. Bu da daha böyük və daha qanlı qırğın deməkdir. Üstəlik, HƏMAS-ı kimin əvəzləyəcəyi barədə ciddi suallar doğur ki, onlara da cavab yoxdur. 

Ərəblər və yəhudilər arasında İordan çayı və Aralıq dənizi arasında yerləşən torpaqlara nəzarət uğrunda münaqişə 100 ildən artıqdır davam edir. Bu uzun və qanlı tarixdən çıxarılası bir dərs var: onun hərbi həlli heç vaxt olmayacaq.

1990-cı illərdə Osloda sülh prosesi başlamışdı: o, konfliktin İsraillə yanaşı yaşayacaq, paytaxtı Şərqi Qüds olacaq Fələstin dövlətinin yaranması yolu ilə həllinə yönəlmişdi. Vaxtaşırı bitən və sonra yenidən bərpa olunan bu danışıqları canlandırmaq cəhdi sonuncu dəfə ABŞ prezidenti Barak Obamanın dövrünə təsadüf edir. Lakin həmin cəhd 10 il əvvəl uğursuzluğa düçar oldu və o vaxtdan konflikt yalnız dərinləşir.

Prezident Baydenin də, bir çox digərlərinin də dediyi kimi, yeni savaşlardan qaçmağın yeganə yolu İsrailin yanında Fələstin dövlətinin yaranmasıdır. Amma qarşı duran tərəflərin indiki liderləri ilə bu qeyri-mümkündür. Həm israilli, həm fələstinli ekstremistlər bu ideyanı dəfn etmək üçün bundan sonra da bacardıqlarını edəcəklər – bunu 1990-cı illərdən edə bilirlər. Onların bəziləri Tanrının iradəsini yerinə yetirdiklərinə inanırlar, buna görə də onları dünyəvi, sivil kompromisin zəruriliyinə inandırmaq olmur. 

Amma sonuncu müharibə elə bir şoka səbəb ola bilər ki, o, dərin kök salmış bütün qərəzli fikirləri məhv edəcək və iki dövlətin mövcudluğu ideyası reallıq olacaq. Konfliktin hər iki tərəfi qane edəcək həlli yolu tapılmadıqca, israillilərin və fələstinlilərin yeni və yeni nəsilləri yeni savaşlara məhkum olacaqlar. /Pressklub 






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10