Oxuyaq bir seçdiyimiz kitabı,
Xəfiflənər bəlkə həsrət əzabı.
Hər abzasda alaq eşqə cavabı,
Suallarda, nidalarda görüşək .
Eldar İlqaroğlu
BÖLGƏMİZİN YAZARLARI
Hələ XIX əsrdən başlayaraq ölkəmizin bir çox şəhərlərində yaranan ədəbi məclislərdən biri də Lənkəran şəhərində şair Mirzə İsmayıl Qasirin rəhbərliyi ilə fəaliyyət göstərirdi.
Zaman keçdikcə bu bölgədə daha çox yazıçı və şairlər tanınmağa başladı. XX əsrin ortalarında Əlisa Nicat, Şəkər Aslan, Məmmədhüseyn Əliyev, Mir Haşım Talışlı, Vaqif Hüseynov, Ayaz Vəfalı, Məmməd Kazım və başqaları kimi Respublikanın ədəbi mühitində tanınan və oxucuların rəğbətini qazanan bir çox ədəbiyyat adamları yetişmişdi.
XX əsrin sonu, XXI əsrin əvvəllərində ədəbi mühit daha da genişləndi, yeni gənc qüvvələr ədəbiyyata gəldi.
Cenub.az saytı olaraq bölgəmizdə fəaliyyət göstərən yazıçı və şairlər haqqında silsilə yazıları və onların əsərlərindən nümunələri sizə təqdim edirik.
Bu vaxta qədər Xanəli Ağayevin (Masallı), Ruhiyyə Abbaszadənin (Cəlilabad), Xanlar Həmidin (Lerik), Ziya Dilsuzun (Lənkəran), Rəna Əlisaqızının (Masallı), Şahid Astaralının (Astara), İqbal Nəhmətin (Yardımlı), Əlövsət Tahirlinin (Cəlilabad), Təbrizə Pünhanın (Astara), Rafiq Məmmədin (Masallı) şeirlərini, Meyxoş Abdullahın (Cəlilabad) hekayələrini, Fikrət Baxışın (Masallı) şeirlərini sizə təqdim etmişik.
Linklər burada:
Xanəli Toloş
Ruqiyyə Abbaszadə
Xanlar Həmid
Ziya Dilsuz
Rəna Əlisaqızı
Şahid Astaralı
İqbal Nəhmət
Əlövsət Tahirli
Təbrizə Pünhan
Rafiq Məmməd
Meyxoş Abdullah
Fikrət Baxış
Arif Fərzəli
Bu silsilədən növbəti qonağımız şair Eldar İlqaroğludur (Lənkəran).
Eldar İlqaroğlu 15 May 1985-ci ildə Lənkəran rayonunun Boladi kəndində anadan olmuşdur. Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbinin məzunudur. Ehtiyatda olan zabitdir. Hazırda Boladi kənd 1 saylı tam orta məktəbində hərbi hazırlıq üzrə rəhbər vəzifəsində çalışır.
Eldar İlqaroğlunun "Hamı təkdir bu dünyada" (şeirlər), "Boladi Şəhidləri" (publisistik), "Qızlar oxumasın" (roman) və "Şəhidnamə" adlı (esse, hekayə və şeirlər toplusu) kitabları işıq üzü görmüşdür.
ONU KİMİ
Heç nə məni düşündürmür
Onun qədər, onu kimi.
O, qəlbimin musiqisi,
Dərd-qəm arxa fonu kimi.
Onsuz sanki dünya çökər,
Qamətimi həsrət bükər.
Şad yaşayım... olmaz məgər?
Mən də beşi-onu kimi...
Yenə tənha bu otaqda,
Qulağım səsdə-soraqda.
Ən yaxınım ən uzaqda
Sonsuzluğun sonu kimi.
GƏL ELƏ YAZAQ...
Gəl elə yazaq ki, ləzzət alınsın
Hecadan, qafiyə quruluşundan...
Şövqündən göylərə uçsun misralar,
Kəlmələr məst olsun öz duruşundan.
Gəl elə yazaq ki, ürək qırmayaq,
Bu gün varıq, sabah gedə bilərik.
Kim deyir ki, acı olur, inanma,
Haqq sözü də şirin edə bilərik.
Gəl elə yazaq ki, oxucumuz da
Üzün turşutmasın, əl yelləməsin.
Çeynənmiş sətirlər, eyni mənalar
Göyün söz qatını zibilləməsin...
Canı da, malı da, istedadı da
Sərf edək yolunda gərək Allahın.
Yazmayaq kiminsə tərifi üçün,
Çalışaq gözünə girək Allahın.
MƏNİ HEÇ KƏS SEVMƏSİN
Pərvazlanan ruhuma
Yer də, göy də qəfəsdir.
Məni heç kəs sevməsin,
Bircə O sevsə, bəsdir.
Özünü görməsəm də,
Bəsdi mənə kölgəsi.
Onun mənə diqqəti
Xoşbəxtliyin zirvəsi.
Gecə-gündüz ismini
Hey pıçıldayır dilim.
Ayrı qalaq, razıyam,
Təkcə sevdiyin bilim.
Ayrılığın qəmi də
Şəkər, balldı elə bil.
Varlığı yetər mənə
Dünya vecimə deyil.
SƏNƏ GÖZLƏRİMLƏ QULAQ ASARDIM
Qəlbim, sevgin ilə yanıb şam kimi,
Cismimin əriyib bitən üzvüdür.
Bu eşq sənin üçün mücərrəd məfhum,
Mənimçün amma bir bədən üzvüdür.
"Sevirəm" sözü də azlıq eyləyir,
Dil aciz deməyə ifadəsini...
Qara gözlərinin müqabilində
İtirir Yer də öz cazibəsini...
Bir görsəm sənin o gülər üzünü,
Mən ömrüm boyunca belə susardım.
Baxışın danışsa qəlbin sözünü,
Sənə gözlərimlə qulaq asardım.
GÖRÜŞƏK
Cılız dünya sevgimizə tab etməz,
İstəmirəm buralarda görüşək.
Yerlə göyün arasında bir yerdə,
İstəyirəm dualarda görüşək.
Yazdığımız şeirlərin özündən,
Qələm öpər vərəqin ağ üzündən.
Sevdiyimiz musiqinin sözündən
Tapdığımız mənalarda görüşək.
Oxuyaq bir seçdiyimiz kitabı,
Xəfiflənər bəlkə həsrət əzabı.
Hər abzasda alaq eşqə cavabı,
Suallarda, nidalarda görüşək .
Qovuşsaq da, gecəmizi bölməyək,
Bəlkə yataq, bu sevincdən ölməyək.
Sarılsaq da, ayrı yuxu görməyək,
Yenə eyni röyalarda görüşək.
Cenub.az saytı üçün tərtib etdi Əlizaman Baxış