Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Dahilərin iş rejimi” kitabından seçmələr - Azad Yaşarın tərcüməsində


Azad Yaşarın tərcüməsində Meyson Karrinin "Dahilərin iş rejimi" kitabından seçmələri təqdim edirik.

Əvvəlcə Meyson Karrini tanıyaq

Meyson Karri - amerikalı yazar və redaktordur. Onun 2013-cü ildə işıq üzü görən "Dahilərin iş rejimi" adlı kitabı indiyədək 17 dilə çevrilib və 100 min ədədlik tiraj tezliklə satılıb-tükənib. Haqqında "The New Yorker", "The Guardian", "The Wall Street Journal" və "The Believer" kimi nüfuzlu nəşrlərin müsbət rəy çap etdiyi bu kitab NPR versiyası üzrə "İlin kitabı" elan olunub.

Adıçəkilən kitabda keçmiş dövrlərdə yaşamış və müasirimiz olan 161 dahi yazarın, bəstəkarın, rəssamın, filosofun və digər məşhur insanın iş rejimi avtobioqrafik, bioqrafik və dəqiq tarixi faktlar əsasında oxuculara təqdim olunub.

Həmin kitabdan sırf yazarlarla bağlı bölümlərin sizlərə təqdimatını davam etdiririk.

Tomas Mann

(1875-1955)

Tomas Mann səhər saat səkkizdə oyanmağı özü üçün bir qayda halına gətirmişdi. Xanımıyla birgə qəhvə içdikdən sonra yuyunub, əynini geyinirdi. Saat 8.30-da həyat yoldaşıyla səhər yeməyinə başlayar, ardnca isə yazı otağının qapısını örtərdi. Beləcə, ailə üzvləri, qonaq-qara və telefon zəngləri ilə özü arasında "keçilməz divar hörərdi".

Saat doqquzdan, ta günortaya qədərki vaxtda, yəni yazarın ən məhsuldar çalışdığı saatlarda səs-küy salmaq onun övladlarına da yasaqlanmışdı. Beyninin hələlik gümrah və işlək olduğu həmin vaxtda görəcəyi işi tam mənada bitirməkdən ötrü yazar bütün gücünü səfərbər etməyə çalışırdı. Bu barədə özü yazır:

"Hər abzas mənim üçün bir macəraya dönür, hər epitet (bədii təyin - A.Y.) məndən böyük iradə gücü tələb edir".

Günortaya qədər kağıza köçürməyə fürsət tapmadığı fikirləri sabaha saxlamasın deyə, yazar "canını dişinə tutmaqla, hər dəfə irəliyə doğru, ən azı bir addım atmağa cəhd göstərirdi".

Səhər çalışmasını bitirdikdən sonra elə otağındaca nahar edər və günün ilk siqarasını da o ara ləzzətlə tüstülədərdi. Əslində o, yazarkən də, tütün çəkirdi, ancaq gündə on iki siqaret və sadəcə, iki siqaradan ibarət norması dəyişməz olaraq qalırdı.

Sonra divanda əyləşməklə, ta saat dördə kimi qəzet-jurnal və kitab oxumağa köklənər, bunun ardınca isə yatağına girib, bir saat uyuyardı. Bu şirin yuxu saatı ərzində də uşaqlar evdə səs salmaqdan çəkinərdi.

Saat beşdə Mann ailəsiylə birgə çay içir, bunun ardınca qəzetlər üçün məqalə və rəylər, habelə kimlərəsə məktublar yazırdı. Həmin vaxt o, telefona cavab vermək və ya hansısa, qonaqla söhbətləşmək xatirinə işinə müəyyən ara da verirdi.

Saat 19.30 və ya 20.00 üçün açılan şam süfrəsinə oturmazdan əvvəl isə, yazıçı qısa gəzintiyə çıxırdı. Bəzən axşam yeməyində qonaqları da olurdu, qonaq-qara olmayan günlərdə o, xanımıyla birgə ya qiraətə köklənər, ya da qrammofonda musiqi dinləyərdi. Gecəyarı gəlincə isə bu ər ilə arvadın hər biri özünə aid ayrıca yataq otağına çəkilərdi.

Ernest Heminquey

(1899-1961)

Yetkin həyatı boyunca, hətta gecə "düt" deyincə içib, gec saatda yatsa belə - Heminquey hər gün saat 5.30, ya da uzağı, 6.00-da yataqdan qalxırdı.

Oğullarından biri öz xatirələrində belə yazır:

"Atam içki xumarlığının nə olduğunu heç bilməzdi. Səhərlər onun gümrah çöhrəsinə baxan birisi düşünərdi ki, bu adam səskeçirməz divarlara malik bir otaqda, gözlərinə qara lent bağlamaqla və əsl körpə kimi mışıl-mışıl yatıbmış".

1958-ci ildə "Paris Review" jurnalına verdiyi müsahibədə Heminquey belə erkən saatda oyanmağın özü üçün vacibliyini bu cür izah eləmişdi:

"Hər hansı hekayə və ya kitab üzərində işlədiyim zaman, mən hər səhər, həm də hava işıqlanan kimi yazmağa girişirəm. Çünki həmin vaxt heç kəs mənim diqqətimi mətndən yayındırmır, hava sərin, hətta ayazlı olur. Elə ki işə kökləndim, canım da isinməyə başlayır. Yazdığım mətni gözdən keçirərkən sonrakı hadisələrin gedişatını təxmin elədiyim üçün hazır qismi oxumağa ara verir və qaldığım yerdən hekayətin ardını yazmağa başlayıram.

Canımda yazmaq həvəsi tükənənə qədər yazır və əhvalatın nəyə doğru getdiyini kəsdirincə, təkrar yazıya ara verir və ta sabaha qədər, yəni yenidən işə başlayana qədər bu təəssüratın təsiri altında yaşayıram. Yazı işimi təxminən səhər saat altıdan-günortaya qədər davam etdirirəm. Amma bəzən işimi daha erkən də yekunlaşdıra bilirəm. İşi bitirdiyim zaman özümü ürəyini kiməsə boşaltmış birinin yerində zənn etsəm də, hələlik, əsla, bitkin biri saymıram - sevgilisiylə eşq-məşq yapmış bir aşiq kimi, içim mənə hələ də dolu və tükənməz görünür. Həmin ovqatda ikən, heç nə vecimə gəlmir və heç nəyə onun layiq olduğundan daha böyük bir dəyər biçmirəm, sadəcə, sabahkı günün, bu yaradıcı işə təkrar köklənməyin intizarıyla yaşayıram. Və bu, xeyli qəribə duyğudur".

Geniş yayılan rəvayətlərin tam əksinə olaraq, Heminquey öz iş gününə heç də 20 dənə "2 nömrə" qələmi yonmaqla başlamayıb. Hətta verdiyi bir müsahibədə deyibmiş: "Xatırladığım qədəriylə, mənim eyni vaxtda heç 20 karandaşım olmayıb da".

Bununla yanaşı, onun özünəməxsus yazı vərdişləri də varmış: ayaq üstə duraraq, üst-üstə yığılan və özünün sinə səviyyəsinə qədər çatan kitab rəflərinin üstünə qoyduğu yazı makinasında öz mətnlərini çap edirmiş, makinanın üst qisminə isə hazır mətnləri oxumaqdan ötrü taxtadan bir lövhə quraşdırıbmış.

Əvvəlcə, mətnləri çap üçün nəzərdə tutulan nazik kağızlarda yazmaqla, oxuma lövhəsinin üzərinə, həm də çəpinə düzürmüş. İşləri yolunda gedincə, o, həmin lövhəni endirməklə, yazı makinasında hazır mətni yığmağa girişirmiş. Gündə neçə sözdən ibarət mətn yazdığını öyrənməkdən ötrü isə hələ, "məhsuldarlıq qrafiki" də tərtib edirmiş. Bunu "öz-özünü aldatmamaq naminə" düşünüb-tapdığına da bütün səmimiyyətilə inanırmış. Elə ki ahəngdar yazı işi dalana dirəndi, bu məşğuliyyəti bir kənara atan yazar, məktublara köklənirmiş. Bu yolla o, "bezikdirici yazı işindən" sonra bir hovur nəfəsini dərməyə çalışırmış, ya da özünün dediyi kimi, "kökləndiyi bəlli yazı tempini aşağı salmasın" deyə, bu cür keçidlərə gərək duyurmuş.

Henri Miller

(1891-1980)

Yazarlıq fəaliyyətinin ilk mərhələsində özünün bir "gecəquşu" olduğunu etiraf eləməsə də, Miller, əsasən, gecəyarıdan, ta sübhə qədər işləməyə üstünlük verib. Amma Parisdə ikən o, günün işıqlı saatlarında işləməyi uyğun görübdür: səhərdən-günortaya qədər yazıb, nahardan sonra bir az mürgüləyib, bütün axşam saatları boyunca isə, bəzən gecəyarıya qədər yazıb-pozub.

Aradan illər ötdükcə, belə qərara gəlibmiş ki, günortadan sonrakı saatlarda işləmək, nəinki mənasızdır, hətta zərərlidir də. Həmin dövrdə verdiyi bir müsahibəsində biz onun bununla bağlı etirafına da rast gəlirik:

"Bilirsiniz, quyunun bütün suyunu çəkmək, dibini qurutmaq da yaramaz axı. Beynimdə yazacaq daha nələrinsə qaldığı məqamlarda yazı makinasından aralanmağı mən daha doğru sayıram".

Çalışmaqdan ötrü iki-üç saatlıq səhər saatları da, adətən onun üçün yetərli imiş. Ancaq yazar yaradıcılıq fəaliyyətində bəlli bir ritmi qorumağın vacibliyinə də artıq özünü inandırıbmış və buna əsaslanaraq deyirmiş: "Daxili işartıların yarandığı o anlar fasiləsiz xarakter qazansın deyə, ciddi intizamı qorumaq başlıca şərtdir. Elə bu səbəbdən də, mən bütün ömrüm boyu bəlli bir düzənə sadiq qalmağa məcburam".

Uilyam Folkner

(1897-1962)

Folkner səhər saatlarında daha məhsuldar işləyib. Ancaq bütün ömrü boyu düşdüyü şərtlərin diktəsiylə öz iş qrafikini bir neçə kərə dəyişməyə məcbur qalıb. Məsələn, "Ölüm döşəyimdə ikən" romanını o, əsasən, axşamlar, yəni gecə növbəsinə çıxmazdan əvvəl yazırmış, çünki o vaxtlar universiteti elektrik enerjisiylə təmin edən bir stansiyada nəzarətçi işləyirmiş. Axşam və gecə saatlarına hesablanan bu iş rejimi elə ona da əl verirmiş, çünki iş şəraiti elə də ağır sayılmazmış. Buna görə də gecə növbəsi ərzində fürsət tapdıqca mürgü döyən bu yazara səhər açılandan sonrakı bir-iki saat yatmaq da yetərli gəlirmiş. Sonrakı saatları isə o, intensiv şəkildə yazıb-pozmağa ayırırmış. İşdən evə dönərkən isə, yolüstü anasına baş çəkib, onunla bir fincan qəhvə içməklə, söhbətləşirmiş.

1929-cu ildə o, məhz bu şərtlərdə yazıb-yaradıb. 1930-cu ildə isə Folknerlər ailəsi iri və ciddi baxım tələb edən bir malikanəni satın alıb, evin əyər-əskiyini düzəltməkdən ötrü Uilyam öz işindən ayrılmağa məcbur qalıb.

Həmin vaxtan etibarən o, sübh tezdən oyanıb, qəlyanaltı edir, nahara qədərki bütün vaxtını yazı masası arxasında keçirir (o, şəxsi kitabxanasında işləməyi sevib və həmin otağın qapısı kilidsiz olduğundan yazar qapının dəstəyini də çıxarıb, öz yanında gəzdirirmiş).

Nahardan sonra Folkner evin təmir işləriylə başını qatırmış, sonra isə ya piyada, ya da at belində öz "malikanəsi"ni gəzib-dolaşmağa çıxırmış.

Axşamüstü xanımıyla birgə eyvanda əyləşib, viski gillədirmiş. Geniş yayılmış qənaətin əksinə olaraq, Folknerin yazı-pozu əsnasında da içki içdiyinə dair, biz hər hansı dəlil-sübuta rast gəlmədik. Dost-tanışlarından bəziləri onun belə bir vərdişə sahib olduğunu iddia eləsələr də, yazarın qızı bunları birmənalı şəkildə inkar edərək bildiribmiş ki, "həmişə ayıq başla yazan atam sırf əlindəki işi bitirəndən sonra içki süfrəsi açardı". Elə və ya belə, istənilən halda, Folknerin yaradıcı işə köklənməkdən ötrü yardımçı stimula hər hansı ehtiyac duymadığı artıq danılmaz bir faktdır.

Özünün ən məhsuldar dövründə (1920-ci illərin sonlarından 1940-cı illərin əvvəllərinə qədərki dönəmdə) Folkner görünməmiş bir sürətlə işləyib. Bəzən o, günün sonuna qədər kağızlara 3.000, bəzən isə bunun iki misli qədər söz həkk edib (bir kərə, hətta səhər saat 10 tamamdan, gecəyarıya qədərki saatlar ərzində 10.000 söz yazıbmış: bu şəxsi rekordunu necə təzələdiyini anası qarşısında etiraf eləməklə, hələ öyünübmüş də).

O, deyirmiş: "Mən sırf ruhumun diktəsiylə yazıram, ruhum isə bunu Allahın ver günü mənə diktə edir"./kulis az






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10