Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

"Kəlbəcərə, Şuşayadı bu şeir" - Ayaz Arabaçının şeirləri


Bu gün tanınmış şair Ayaz Arabaçının doğum günüdür.

Onun şeirlərini təqdim edirik.

***
Xocalıya, Zəngilana, Ağdama,
Kəlbəcərə, Şuşayadı bu şeir..
Qınağında adı yoxdu heç kimin,
Ürək adlı şüşəyədi bu şeir..

Fikirliyəm, nə qışdayam, nə yazda..
Gəmi kimi boğuluram dayazda,
Ağrıyadı-acıyadı,bir az da,
Sevincədi-nəşəyədi bu şeir.

Dərman gəzdim dərdlərimə zəhərdə,
Bir üsyan var sinəmdəki qəhərdə,
Bakı boyda beş milyonluq şəhərdə,
Sıxışdığım köşəyədi bu şeir..

Kimi gəzsən, kimi sorsan burdadı,
Yetim qalmış obayadı, yurdadı,
Quzğunadı, quzuyadı, qurdadı,
Pələngədi, pişiyədi bu şeir.

Mən kefimin ağasıyam köhnədən,
Ağrımıza susub durub Göy, nədən..
Bəzi-bəzi mətləbləri göynədən,
Bir balaca haşiyədi bu şeir..

Könlüm-gözüm bulud kimi pərişan,
Azalıbdı haqq yolunda vuruşan,
Heyvanatı bir-birinə qarışan,
Bir yiyəsiz meşəyədi bu şeir..

Allah özü qənim olsun qorxana,
Adam gərək şər-böhtandan qorğana,
Üstümdəki güllü-güllü yorğana,
Altımdakı döşəyədi bu şeir..

Deməyin ki, cəsarəti həsləyir,
Ruhunuzu şir südüynən bəsləyir,
Hamınızı bütövlüyə səsləyir,
Nə sünnüdü, nə şiədi bu şeir..

Son arzunun son mənzili haradı,
Dünya niyə ağ libasda qaradı,
Atayadı-anayadı, yaradı,
Məzaradı, beşiyədi bu şeir..

Külək kəsdi yelkənimi açantək,
Ağrılara vətən varmı bu cantək,
Bala,sizin qorxunuzdan siçantək,
Girdiyniz deşiyədi bu şeir..

Könül qoydum sevgi qatdım dadına,
Peşman olmaz kim götürsə adına,
Ləyaqətdə qadın kimi qadına,
Kişi kimi kişiyədi bu şeir.

Bir yol səni düşünməyən,anmayan,
Canın yansa,için yansa yanmayan,
Heç bir şeyi anlamayan qanmayan,
Eşşək oğlu eşşəyədi bu şeir..

O, tək mənəm cüt görünür cəmdə, ki..
Zildən düşən sızıldamaz bəmdə ki..
Hər şeyədi,hamıyadı, həm də ki,
Heç kimədi, heç nəyədi bu şeir.

***
Yoxundan nə qədər yıxılar adam,
Heçindən nə qədər yıxılar adam.
Ayağı dolaşıb qanadlarına,
İçindən nə qədər yıxılar adam..

Nə qədər oturub siqar piləyər,
Nə qədər Allahdan kömək diləyər,
Nə qədər özünü boyayar qana,
Nə qədər gözündən yağış çiləyər..

İlahi sən özün keç günahımdan,
Yollar ayağımı şişə taxırlar.
Adamlar kef çəkib mənim ahımdan,
Heç nə eşitmirmiş kimi baxırlar.

Beşcə barmağı var uzağı vur-tut,
Bir əldən nə qədər çıxılmaq olar..
Bu ömür ipindən aç burax məni,
Bu ipdə nə qədər sıxılmaq olar.

Birtəhər dözürdüm dilini tapıb,
Bu köhnə dərdlərin kamanı deyil.
Özünü quş kimi divara çırpıb,
Hönkürüb ağlamaq zamanı deyil..

Gözəldi bu ağac, bu ip,bu kətil..
Bu ömrün üstündə əl işim olsun.
Elə doymuşam ki, bir dəfəsindən,
Bu mənim sonuncu gəlişim olsun.

Dolub belimdəki günah zənbilim,
Yığıb ətəyini gedək deyirsən.
Açma qollarını taybatay mənə,
Sən daha döydüyüm qapı deyilsən.

Yoxundan nə qədər yıxılar adam,
Heçindən nə qədər yıxılar adam..
Ayağı dolaşıb qanadlarına,
İçindən nə qədər yıxılar adam?...

***
Sevgi olmayanda heç nəyin olmur,
Yəni ki, bir yaran-göynəyin olmur.
Sətəlcəm olursan, Allah deyəndə,
Alovdan-atəşdən köynəyin olmur.
Sevgi olmayanda heç nəyin olmur,
Ürəyin isinmir dosta-sirdaşa.
İçində bir misra şeir doğulmur,
Adcə daş kimi baxırsan daşa.

Daş lələ çevrilmir, almaza dönmür,
Gül-gülə bənzəmir, yaz-yaza dönmür,
Gəlintək bəzənib qarşına çıxan,
Yasəmən gözündə kol kimi qalır.
Alıb qanadına aparmır səni,
Yol da cansıxıcı yol kimi qalır.
Sevgi olmayanda heç nəyin olmur,

Məna kəsb eləmir tapdığın bir iz..
Sevgi olmayanda nədi ki,dəniz..
Bir mazut qoxulu su yığınıdı.
Bir qucaq qorxulu su yığınıdı.
Sevgi olmayanda ürək nədi ki..
Sümükdən düzəlmiş bağa qınıdı..
Sevgin olmayanda heç nəyin olmur..

Çıxır adamlıqdan sirin-sifətin,
Eləcə bir yığın ətə dönürsən.
İtir nəğmələnmək qabiliyyətin,
Sevgi olmayanda itə dönürsən.

Qaralır ciyərin sobadan betər,
Ütülmüş bığından his iyi gəlir.
Sevgi olmayanda firuzədən tər,
Qızıldan göyərmiş mis iyi gəlir..

Sevgiyə can atır həyatda hər kəs,
Hər ucuz fikirdə azmağa dəyməz.
Sevgini heç bir şey əvəz eləmir,
Sevgi olmayanda yazmağa dəyməz.

Ay Vətən

Kimi gəldi mindirmisən dalına,
Xalça haqqı, palaz haqqı, ay Vətən!
Bir tikə də yanan yoxdu halına,
Bu ney haqqı, bu saz haqqı, ay Vətən!

Nə umursan qeyrətini boğandan...
Batırıblar günəşini doğandan,
Yüz illərdi fərqin yoxdu soğandan,
Min qış haqqı, min yaz haqqı, ay Vətən!

Qüvvətimiz çiliyədək işləyir,
İbtidai biliyədək işləyir,
Yaraların iliyədək işləyir,
Dərin haqqı, dayaz haqqı, ay Vətən!

Bizi niyə yad qucağa atıbsan,
Duran yerdə ahımıza batıbsan,
"Fil qulağı"otelində yatıbsan,
O toy haqqı, o yas haqqı, ay Vətən!

Kim görmüşdü ala qarğa ley sərə,
Dərman yoxdu kəsdirdiyin qeysərə,
Yaşayırıq verə-verə peysərə,
Almadığın qisas haqqı, ay Vətən!

Ərəbdəyik, farsdayıq, rusdayıq,
Mustafanı deyəmmirik, mus-dayıq,
Biz yalandan and içməyə ustayıq,
Ya çox haqqı, ya az haqqı, ay Vətən!

Arxivində qalaq-qalaq paxırlar,
Bulaqların hansı səmtə axırlar?
Sənə sağmal inək kimi baxırlar,
Bax, bu adım Ayaz haqqı, ay Vətən!

Kəsilmədi Qarabağda kor düyün,
Başqa şeydi erməninin hürdüyü.
Qardaşımın Daşkəsəndə sürdüyü,
"Most"u qaçmış "KamAZ" haqqı, ay Vətən!

Torpaqların torba-torba daşındı,
Top yerinə təpiklənən başındı!
Məscidlərin pul qayıran maşındı,
Qiblə haqqı, namaz haqqı, ay Vətən!

Kökünədək qaşımaram, qazmaram,
Bir yol tapsam, boz dumanda azmaram,
Mən heç səni istəməsəm yazmaram,
Murov haqqı, Kəpəz haqqı, ay Vətən!

Hansı notun səadətin notudu,
Öydüklərin heç bir şeyin otudu,
Hacıların, mollaların lotudu,
Keşiş haqqı, papaz haqqı, ay Vətən!

Gədə-güdə nişan alır "taqq" səni,
Əzib keçib Araz boyda tank səni,
Minib çapır neçə-neçə bank səni,
Yediyimiz qapaz haqqı, ay Vətən!

Kəsmə barı umudunu tanrıdan,
Azdan-çoxdan odu bizi yarıdan,
Xoşaxoşnan donuz çıxmaz darıdan,
Oynadığın "topaz" haqqı, ay Vətən!

Bilirsənsə, öyrət bir çəm, axırda,
Necə çıxır cəm üstə cəm axırda,
Mən özümü öldürəcəm axırda,
Həzrət haqqı, Abbas haqqı, ay Vətən!

***

Hərdən əsəblərim yerində olmur,
Heç nədən qan töküb,qada salıram.
Qoyub qabağıma yaralarımı,
Üstünə duz səpib dada salıram..

Sağ deyil könlümün bir qarışı da..
Almıram vecimə qarı-qışı da,
Xətrimi istəyən dost-tanışı da,
Özümnən bərabər oda salıram.

Ötüb ayrılığın ilinnən,ötüb,
Bəminnən uzaşıb, zilinnən ötüb,
Qərib durnaların dilinnən ötüb,
Dağlara-daşlara səda salıram.

Bəxt məndən həmişə aralı keçib,
İçimdən o qədər yaralı keçib,
Göz yaşım Xəzəri, Aralı keçib,
İçində adına ada salıram.

Axşamda-səhərdə tək deyiləm ki,
Ağuda-zəhərdə tək deyiləm ki,
Bu dönük şəhərdə tək deyiləm ki,
Səni bütün günü yada salıram../ kulis az 






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10