Bu gün Masallı torpağının ilk Xalq Artisti, dəyərli ovladı, Azərbaycanın səhnə ulduzlarından biri, rəhmətlik İlham Əsgərovun ad günüdür. Bizim xahişimizlə tanınmış yazıcı-jurnalist Nurəddin Ədiloğlunun İlham Əsgərov haqqında yazısını sizə təqdim edirik.
Elegiya
Gecəni sahil bağında açan xalq artisti.
...Səsiylə, sədasıyla Azərbaycanımızın dünənindən bu gününə körpü salan, boy-buxununda doğulub boya-başa çatdığı Masallımızın Dəmbəlov ucalığını, səsində Viləşçayın coşqunluğunu, Şır-şır bulağın həzinliyini yaşadan sənətkar idi İlham. Barəsində duyğularımı ipə-sapa düzüb, sağlığında dövrü mətbuatda, “Masallı-cənnət misallı” kitabımda dərc etdirmişəm. Amma indi o, bu dünyada olmayanda yazdıqlarıma baxıram və düşünürəm İlham haqqında nə qədər yazılsa yenə azdır.
... Özüm də bilmirəm, İlham barədə həmişə düşünəndə nədənsə məhz onu ali məktəbə qəbul imtahanına gələndə Sahil bağında – tənha bir skamyada səhəri açan ağ köynəkli abituriyent obrazında görürəm. Niyə?! Bəlkə o vaxt aktyor olmaq arzusuyla yaşayan sadə bir kəndli gəncin abır-həyası, qanacağı ona şəhərdə yaşayan qohum-əqrabasının qapısını döyməyə mane olmuşdu?.. Bəlkə o gecə İlham gələcəkdə böyük şəhnədə tənha və doğmalar arasında qərib bir insanın obrazını oynayacağı rolu məşq etmişdi?! Deyəsən, o zaman belə hissləri bizim həmyaşıdlarımızın çox yaşayıb axı? Yəni İlham öz müasirlərinin canlı obrazını erkən yaşlarından həyat səhnəsində oynayan bir sənətkar idi...
Samı kişininin şərəfinə Lütvəli Abdullayevin sağlığı
Biz hər ikimiz Masallıda – mərhum yazıçı Rafiq Tağının “Muğan tərəflər” dediyi yamyaşıl zəmiləri olan qonşu kəndlərdə doğulsaq da Bakıda tanış olmuşduq.
Masallının el ağsaqqalarından olan Samı Kəlbiyevə hər ikimizin dərin rəğbəti vardı. O Samı Kəlbiyev ki, vaxtilə Rəsul Rza, Qılman İlkin, Lütvəli Abdullayev, Süleyman Rüstəm, Hüseyn Əliyev, Zeynal Xəlil və Azərbaycanın başqa görkəmli şəxsiyyətləri, sənət adamları onun dostu və qonağı olmuşdular ...
İlham tele-müsahibələrində tez-tez el ağsaqqalının adını çəkirdi, sinif yoldaşlarını , uşaqlıq dostlarını unutmurdu. Yaxın qohum-əqrabalarının təbirincə desək, İlham hələ lap uşaq çağlarından “oyun”, “teatr” çıxardırdı. Bəlkə bu “oyun”, “teatr” çıxarmaq hissi onda Samı kişigildə xalq artisti Lütvəli Abdullayevi görəndə, onun məclisdə zarafatyana dediyi sağlığın Muğan elində dildə-ağızda gəzdiyini eşidən anda yaranmışdı? Ölməz sənətkar Lütvəli Abdullayev Samı kişinin şərəfinə öz sağlığını belə ifadə edirdi: “Həzarat, mənim Azərbaycanda kolxoz sədri vəzifəsində işləyən çox dostlarım var. Bəziləri mənə toyuq göndərəndə dəni vermirlər, dən göndərəndə toyuğu. Amma Samı dostum həm toyuq verir, həm də dən...”
İlham haqqında
İlk dəfə ali məktəbə daxil olmaq cəhdi daşa dəymişdi İlhamın... Şirvanda
(o vaxtkı Əli Bayramlı) çilingər, tikintidə fəhlə işləmişdi. Həyat və əmək təcrübəsi qazanmışdı. Amma SƏHNƏ onunçun həyatın bir parçasıydı. “Müqəddəs ocaq” adlandırdığı səhnədə ilk uğurlu addımlarını atıb, teletamaşalarda müxtəlif rollarda oynamışdı...
Deyirdi ki, səhnədə ölüm səhnəsi yaratmaq kinodakından qat-qat müşküldü. Lal obrazını yaratmaq isə ondan da çətindir. Hüseyn Cavidin “İblis” dramında səhnədə oynadığı lal ərəb roluna görə tamaşanın rejissoru Mehdi Məmmədov kollektiv çəkdirdikləri şəklin arxasına bu sətirləri yazmışdı: “İlham, lal dilində gözəl danışdığına görə səni təbrik edirəm!..”
“Bulağın İlhamı” və İlam bulağı
Sonra səhnədə sərkərdə, xan, xaqan, kral, böyük siyasi xadim də oldu: Bəxtiyar Vahabzadənin "Dar ağacı"nda Sabutay, İlyas Əfəndiyevin "Hökmdar və qızı"nda Məhəmməd xan, Şekspirin "Kral Lir"ində Fransa kralı, Əli Əmirlinin "Mesenat"ında N.Nərimanov, Mövlud Süleymanlının "Fatehlərin divanı"nda Bilgə xaqan obrazlarına səhnə ömrü verdi İlham...
Akademik teatrın ən populyar tamaşalarında iştirak etməklə yanaşı, İlham Azərbaycan dövlət radiosunun məşhur "Bulaq" verilişinin aparıcılarından biri idi. Çox incə qəlbli, həssas insan idi İlham.
Əməkdar artist Əli Salahlı haqqında “Sonuncu monoloq” kitabımı oxuyandan sonra mənə telefonla minnətdarlığın bildirdi. Mənə elə gəldi ki, İlham əyalət teatrlarında çalışan və dünyasını dəyişən sənətkarların yad olunmasına bərk kövrəlmişdi... (Əli Salahlı 12-13 yaşlarında ilk dəfə çıxdığı səhnədə 59 yaşında Yetim Əlabbasın monoloqunu deyərkən dünyasını dəyişmişdi)
Bir il ö neçə il öncə “Həzrəti Yusif” teleserialında Yaqub peyğəmbərin rolunu səsləndirirdi İlham. Sanki təkcə səsləndirmirdi, həm də həmin polu oynayırdı. Səsi ayrılıq həsrətindən təşnə olan ürəklərə sərinlik yayırdı… Amma İlham etiraf edirdi ki, dublyaj zamanı mətni oxuyarkən bəzi məqamlarda özü də bərk kövrəlib, hətta ağlayıb da...
Toy-büsatımız İlhamsız qaldı
Bir də nədənsə xanandələr həmişə “Apardı sellər saranı” mahnısını oxuyanda, “Gedin deyin Xoşçobana, gəlməsin bu il Muğana!” sözlərini eşidəndə, gözümün önündə Xalq artisti İlham Əsgərov canlanır. İlhamın Muğan toylarında əlində mikrofon, Dədə Qorqudsayağı səsiylə, əzəmətiylə bəylə -gəlinə xeyir-dua verməsinın az şahidi olmamışam. “Xançoban” söz sövqatıyla hər il Muğana gəlirdi... İnana bilmirəm. Təəssüf ki, doğma kəndi Xoşçobanlının da, Muğanın da, Azərbaycan da toy-büsatları söz-sənət aşiqi İlhamsız qaldı!.. İlham xeyir-duasıyla sanki müdrik, ağsaqqal babaların ruhunu yaşadırdı...
İlham dünyası...
...Səhnədə Elçin Həşimovun tarı cuşə gəlir… Xanəndə Məsumun səsi pərdə-pərdə yüksəlir. İlham da qəzəl deyir. Dünyanın gözəlliklərindən zövq alır insan. Dağların hüsnünü örtmüş buludlar aram-aram seyrəlir. Dəmirağac meşəsinə haray düşür, ün düşür: “Dünya yaşamalı dünyadır, qardaş!” misraları ruhlara sığal çəkir.
İlhamın səsi neçə-neçə səs dalğasında öz ahəngi, öz rəngi, avazı ilə tanınır... Bu səs çalarında neçə-neçə olməz ustad sənətkarın, cəngavərin obrazı göz önündə canlanır. Yaddaşlara qətrə-qətrə hopur Babək qüruru, Nizami zirvəsi, Füzulinin qəm karvanı, Nəsimi dəyanəti, Xətainin qılınc və söz sərkərdəliyi... İlham, obrazlı tərzlə desək, ta qədimdən üzü bəri yaranan poeziyamızın vuran nəbzi, döyünən qəlbi idi...
İstəyirdim Qələbə müjdəsini
İlahm versin!
İlhamlı günlərdə - hər dəfə onu səhnədə, efirdən səsini eşidəndə şirin xəyala dalırdım... Günlərin bir günü Kazım Ziya sənətini yaşadan xalq artisti İlham Əsgərov Dədəm Qorqudsayağı səsiylə elimizə - obamıza QƏLƏBƏ müşdəsi verəcək... İlahi, zəfər təranələri ilə süslənən Azərbaycan İlhamın qələbə müjdəli səsiylə necə də möhtəşəm görünərdi.... Taleyin və tarixin min cür sınağına sinə gərən Qarabağ eli bayram libasına bürünərdi. Pərən-pərən düşmüş insanlar yurd yerlərinə dönərdi. İlhamın səsi AZADLIQ meydanına nur çiləyərdi: “Gözün aydın, Azərbaycan!..”
Amansız ölüm xəbəri xəyalımın qol-qanadını sındırdı...
Söz cəngavəri, söz sərkərdəsi
Tarixçılərin yazdığına görə qədim Muğan cəngavərləri boylu-buxunlu olublar. İlham səhnədə də, həyatda da mənə o qədim cəngavərləri xatırladırdı:
- Ehey, siz niyə belə cırlaşmısınız? - deyir, - Niyə bir-birinizdən aralı düşmüsünüz? Çiyinlərinizi bir-birinə söykəyin, qardaşlar, bir olun! Yurdumuzun nicatı bizim birliyimizdədir...
...Yaradıcılığının otuz illik gecəsində dostlarından biri ona Məkkədən üzük gətrmişdi. Bəlkə o üzük mənin barmağımda elə də parlaq görünməzdi, amma söz sərkərdəsi İlham Əsgərovun barmağına yaraşırdı. İlham bütün vücudu ilə, ululara xas səsi ilə səhnədə daha əzəmətlı görünürdü.
Qəribə də olsa, son vaxtlar mən onu istər kinoda, istər teatr səhnəsində yalnız özümün arzuladığım rollarda görmək istəyirdim : Şah İsmayıl Xətai, Nadir şah Əfşar, Qaçaq Mozu... Sonuncunu tanımadınız yəqin! Qaçaq Mozu elə qaçaq Nəbi kimi bir igid olub bizim Muğan tərəflərlərdə. İlhamın həmkəndlisidir. Ona öz zəmanəsinin Robin Qudu da demək olar.
İlhamın ruhu....
Nə isə... Son vaxtlar həyat səhnəsində qəfil itirdiklərimiz o qədər çoxdur ki! Ölüm mələyi nə ad-sana baxır, nə də yaşa. Dünən axarlı-baxarlı Viləş sahilində gəzib-dolaşarkən eşitdim ki, ÖLÜM çağrılmamış qonaq kimi İlhamın da ünvanını tapıb. Və sanki Dəmbəlovdan əsən sərin meh də onun ölməz səsini yayırdı hər yana. İlhamın ruhu isə Sarəngin bu misralarını pıçıldayırdı.
Ax Viləş, qəlbimdə qanlartək, fəğanlartək Viləş!
Ax Viləş, gərdişi-dövranda zamanlartək Viləş!
Hey axırsan naz ilə, avaz ilə, dəmsaz ilə,
Ruhuma laylay çalan sənsən, kamanlar tək Viləş!
Uca Rəbbimizdən sənə qəni-qəni rəhmət diləyirəm İlham!Sənin sənətinə, şəxsiyyətinə və ruhuna ehtiramla,
Nurəddin ƏDİLOĞLU,
Yazıçı-jurnalıst