Qəzzanın 13 kilometrliyində yerləşən Sderot oktyabrın 7-dən döyüş bölgəsinə çevrilib. Demək olar, hər gün HAMAS yaraqlıları bu şəhər istiqamətində onlarla raket buraxırlar.
Sderotun bütün əhalisi təhlükəsizlik baxımından məcburi şəkildə ölkənin içərisinə köçürülüb. Şəhərdə ancaq hərbçilər və jurnalistlərə rast gəlmək olar.
Seymur Kazımov qeyd edir ki, HAMAS-ın intensiv raket atəşinə baxmayaraq, şəhərdə ciddi dağıntı yoxdur. Çünki “Dəmir qübbə” Sderotda da quraşdırılıb. Buna baxmayaraq “Dəmir qübbə”nin tuta bilmədiyi raketlər ara-sıra şəhərə düşür.
Jurnalistlər şəhərdə olanda HAMAS-ın şəhəri atəşə tutmasının şahidi olublar. Atılan 40-50 raketin böyük hissəsini “Dəmir qübbə” zərərsizləşdirilib.
Şəhərin atəşə tutulması anını Türkiyənin Sözçü TV telekanalı da çəkib. Pressklub.az-ın əməkdaşı Seymur Kazımov da türkiyəli həmkarlarımız tərəfindən lentə alınıb (2.40 saniyədən etibarən).
Jurnalistlər kadrda artıq işlərini gördüklərini, bundan sonrasının isə əbəs yerə risk olduğunu bildirilər: “İşimizi görmüşük, bundan sonrası macəra axtarışı olar”.
Bundan sonra onlar təcili şəkildə avtomobillərə əyləşərək, daha təhlükəsiz yerə üz tutublar.