Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Azərbaycandakı “rus dünyası” – Mehdiyevlərin “əcəb edirik” mesajı


Özünü politoloq kimi təqdim edən və “rus dünyası”nın Azərbaycandakı ən qatı və eyni zamanda da ən səviyyəsiz təbliğatçılarından, “aşiqlərindən” olan Nəzakət Məmmədovanın dövlətə xəyanət maddəsilə istintaqa cəlb edilməsi istər-istəməz uzun illər Rusiyanın ölkəmizdəki “boz kardinalı” kimi tanınan Ramiz Mehdiyevi yada salır və ilk ağıla gələn sözügedən maddənin tətbiq edilməli olduğu şəxslərin sırasının bir xeyli daha geniş olmasıdır. Təəssüf ki, belələri çoxdur və Azərbaycanda onların “xaç atası” olmaq və eyni zamanda da azadlıqda qalmaq, hətta böyük bizneslərə, lyuks həyata malik olmaq mümkündür…

Azərbaycanın unikallığı həm də ondadır ki, hamının açıq-aşkar gördüyü, bildiyi əməllərə görə ən azı məsuliyyətə cəlb edilməli olan şəxslər bəzən birbaşa yox, dolayısı ilə haqq etdikləri münasibəti, hərdən isə cəzanı alırlar. Bu sarıdan Ramiz Mehdiyev cəza alanlardan yox, belə demək mümkünsə, canını “soyuq münasibət görməklə” qurtaranlardandır. Yəni, adamın biznesi, bankı, əmlakları yerində, oğlu isə vəzifədə qalır. Məlum yolla toplanan milyonları, bəlkə də yüz milyonları olmasına baxmayaraq, təəssüf ki, ona toxunan yoxdur. 

Yəqin, həm də ona görə ki, bankları, biznesləri, milyonları olan təkcə o deyil, keçmiş və indiki məmurların arasında belələrini saymaqla bitirmək olmaz. Vaxtilə Mehdiyevi vəsf edənlər, yalnız onun göstərişlərilə hərəkət edənlər isə hələ də parlamentdə, yaxud yüksək vəzifələrdə oturmaqda davam edirlər. Yalnız dövlətin Mehdiyevin şəxsinə münasibəti əvvəlki münasibət deyil. Cəmiyyətin, xalqın isə belələrini heç əvvəldən görməyə gözü olmayıb…

“Bank oğlumun adınadır, o da idarə edir. Bu da indinin məsələsi deyil… Bank satılmayıb, satışda da deyil”. Bunu Ramiz Mehdiyevin özü mətbuatın “BANK BTB” haqqında sualını cavablandırarkən deyib.

"Ramiz müəllim hazırda telefona cavab verə bilmir. O, prosedurlar qəbul edir, hazırda masaj olunur". Bunu isə Mehdiyevin kürəkəni, sabiq deputat İlham Əliyev jurnalistin onun qayınatasının səhhətinə dair sualına cavab verərkən söyləyib. 

İstər-istəməz sual yaranır ki, bu adamlar kimə və nəyin acığını verirlər? 

Açıq deyirlər ki, bizim dövlətdən, xalqdan oğurladığımız pullarla yaradılan bankımız, o cümlədən, digər bizneslərimiz var, bütün bunları ölkə qanunlarına zidd olaraq general rütbəli, dövlət vəzifəsində təmsil olunan nümayəndəmiz idarə edir və heç kim də buna görə bizə “gözün üstə qaşın var” demir, yaxud deyə bilmir. “Ağsaqqal” isə öz kefində-damağındadır, hamamını, masajını qəbul edir və sair. 

İ.Əliyevin jurnalistə bu cavabı “yüksək mədəniyyət” göstəricisi olmaqla yanaşı, həm də kimlərəsə acıq vermək, yaxud mesaj vermək təsiri bağışlayır. Yəni, “biz beləyik”, “əcəb edirik” və s. Görünür, pandemiya dövründə toy etdiklərinə görə aldıqları “qulaqburması”, urvatsız, hörmətsiz, alçaldılmış vəziyyətə salınmaları, özünün isə kameralar qarşısındakı sındırılmış görkəmi, kövrəlib ağlaması yadından çıxıb. 

Görünür, tək “qulaqburması” ilə iş bitmir. Belələri artıq getmiş qatarlarından düşürülüb, çölün düzündə “lüt-üryan” buraxılmağa layiqdirlər… 

Azpolitika.info






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10