Əkrəm İmamoğlu: "İnqilab edəcəyik"
İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu BBC-nin 1997-ci ildən bəri yayımlanan "Hardtalk" proqramında qonaq olub. AYNA xarici mediaya istinadən xəbər verir ki, təxminən 25 dəqiqəlik müsahibədə İmamoğlu gündəmi dəyərləndirib.
Vəzifəyə gəldiyinə görə təəccüblənmədiyini, çox hazırlıqlı olduğunu deyən İmamoğlu 31 martda da, 23 iyunda da çox tədbir gördüklərini, seçkilərdə hiylə olmadığını, ancaq aradakı fərqə görə mübahisə yaratmağa çalışıldığını bildirib.
İmamoğlu aparıcının Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın "topal ördək" təbirini xatırlatmasına da cavab verib: "Demokratiyaya inanırsınızsa, nəticələrdən asılı olmayaraq, qalib gələn şəxsi nəyəsə bənzətmək yolverilməzdir. "Topal ördək" çox pis bənzətmədir. Biz dimdik ayaqdayıq".
Aparıcının "Siyasi təcrübəniz illərdir hakimiyyətdə olan AKP-ni və bu günə qədər formalaşdırdığı bəzi sistemləri dəyişdirmək üçün yetərli olacaqmı?" sualına isə İmamoğlu, "İnqilab edəcəyik" - deyə cavab verib
"Mən siyasi manipulyasiyalarla məşğul olmağı üstün hesab etmirəm. İşimlə məşğul olacağam. Yanlış şeyləri, rəqəmləri düzəldəcəyəm və insanlara göstərəcəyəm" - deyə o vurğulayıb.