Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Bakıda TÜKÜRPƏDƏN QƏTL: sevgilisiylə görüşmək üçün körpəsini öldürdü


CİNAYƏT İŞİ

Qısa arayış...

2022-ci il sentyabrın 10-u saat 22 radələrində Hövsan qəsəbəsində, 1 yaşlı Yusif adlı oğlan uşağı ölür. Bu barədə məlumat daxil olan kimi polis və prokurorluq əməkdaşları məhkəmə-tibbi ekspertinin iştirakı ilə hadisə yerinə baxış keçirir.

Məlum olub ki, adisə Hövsan qəsəbəsi, Bağlar massivində yerləşən nömrəsiz evdə baş verib. Otaqda pəncərənin qarşısında, 100 ml qramlıq plastmas qabda, ağzı açıq vəziyyətdə, üzərində “Hidrogen Peroksid” sözü yazılmış məhlul, yanında 250 ml qramlıq şəffaf plastmas qabda, ağzında əmziyi olan süd aşkar edilib. Qabı açıb iylədikdə süddən spesifik qoxu gəlməsi müəyyən olunub.

Şübhəli şəxs qismində Bakı şəhər sakini, əvvəllər məhkum olunmayan 2002-ci il təvəllüdlü Nərgiz Bağıyeva saxlanılıb.

Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Yusif Bağıyevin ölümünün bilavasitə səbəbi tənəffüs yollarının küt əşya ilə sıxılması nəticəsində baş vermiş mexaniki asfiksiya olub.

İstintaqla müəyyən edilib ki, Nərgiz Bağıyeva 2021-ci il noyabrın 19-da nikahdan kənar doğulan oğlu Yusif Bağıyevə gündəlik qayğı və daimi qulluq tələb olunduğundan, həmçinin sərbəst hərəkət edə bilməməsi, eləcə də digər kişilərlə münasibətlərinə mane olması səbəbindən, onu öldürmək qərarına gəlib. Buna görə, 2022-ci il sentyabrın 10-da körpəni döşəmədə, döşəyin üstündə şiddətli əzab verən zəhərləmə üsulundan istifadə edərək, əmzikli süd qabının içində olan qidasına, məişətdə istifadə olunan “Hidrogen Peroksid” məhlulunu qataraq içizdirib. Sonra onu həmin vəziyyətdə tək qoyaraq, vaxt keçməsi və əzab içində ölməsindən ötrü, təxminən 250 metr aralıda yerləşən mağazaya gedib bir ədəd uşaq bezi alıb. Geri qayıdanda, oğlunun ölmədiyini və ağlayıb-qışqırdığını görüb. Səsini kəsmək və ölümünü tezləşdirmək üçün, sol əli ilə uşağın ağız-burnunu tutub, tənəffüs yollarını qapadıb. Körpə olduğundan, hər hansı müqavimət göstərmək iqtidarında olmayacağını bilə-bilə, Nərgiz Bağıyeva müstəsna dərəcədə rəhmsizlik və qəddarlıqla Yusif Bağıyevi qəsdən həyatdan məhrum edib.

İş üzrə dindirilmiş Nərgiz Bağıyeva bildirib ki, 2013-2014-cü tədris ilində, valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2 nömrəli ümumi orta internat məktəbin V sinifinə qəbul edilib və IX sinifdən sonra təhsilini davam etdirməyib:

“Hövsan Bağlar massivində fərdi evdə anam Leyla, bacım Mehbarəf və bacımın rəfiqəsi Nazəndə Məmmədova ilə birlikdə yaşayırdıq. Atam Akif Kərimov 2011-ci ildə xərçəng xəstəliyindən vəfat edib. Özüm heç yerdə işləmirdim. Anam Hövsanda, dəniz kənarında yerləşən restoranda xadimə işləyirdi. 2021-ci ilin yanvar ayında Zığ qəsəbəsində yaşayan, Ziya adlı avtomobil ustası ilə tanış oldum. Həmin il hamilə qaldım. Uşaq anadan olmazdan əvvəl həmin şəxsdən ayrıldım. Ziya mart ayında növbəti dəfə narkotik maddə qəbul etdiyinə görə həbs olundu. 7-8 aylıq hamilə olanda Hövsanda, balıq satışı dükanında işləyən Xəlil adlı şəxslə tanış oldum. Noyabrın 19-da oğlum dünyaya gəldi. Anam əvvəllər Yusifi görmək istəməsə də, son vaxtlar uşağa öyrəşmişdi. Övladıma baxmaqdan bezmişdim. Çünki, özümə, habelə Xəlillə görüşməyə vaxt ayıra bilmirdim. Yusifi aparıb uşaq evinə qoymaq istəsəm də, anam buna razılıq verməyərək, özünün uşağa baxacağını deyirdi.

Hadisə günü, saat 20 radələrində anam işdə idi. Bacım ilə rəfiqəsi isə “28 May” metrosunun yanında yerləşən kinoteatra getmişdilər. Həmin vaxt uşağı öldürmək qərarına gəldim. Yusifi döşəmədə olan döşəyin üstünə qoydum, sonra isə südünə “Hidrogen Peroksid” məhlulu qataraq uşağa içizdirdim. Sonra marketə gedərək, yeni süd alıb qayıtdım. İçəri girəndə Yusifin, döşəyin üstündə, qoyub getdiyim kimi kürəyi üstə qaldığını və ağladığını gördüm. Ağzından köpük gəlsə də, hələ də sağ idi. Səsinin tez kəsilməsi üçün sol əlimlə ağzını və burnunu sıxdım, nəfəs almağa qoymadım və onu boğdum. Öldüyünə tam əmin olduqdan sonra Yusifi qucağıma alıb, yoldan keçən taksi ilə, evdən təxminən 500 metr aralıda yerləşən Xəlilin dükanına getdim. Ona uşağın yeməyinə kimyəvi maddə qatdığımı və uşağı boğduğumu söyləmədim. Xəlilə yalandan, mağazadan süd alıb evə qayıdanda guya həyətdə kiminsə olduğunu və övladımın halının qəflətən pisləşdiyini dedim. Buna görə, Xəlil də mənimlə birlikdə həmin taksiyə oturdu və 11 saylı Təcili Tibbi yardım məntəqəsinə getdik. Həkimlər müayinə etdikdən sonra, körpənin öldüyünü bildirdilər”.



Zərərçəkmiş şəxsin hüquqi varisi Leyla Bağıyeva ifadəsində göstərib ki, restoranda xadimə işləyib. Nəvəsi Yusif onun qızı Nərgiz və Ziya adlı, narkotik maddəllər qəbul edən şəxsin nikahdan kənar doğulmuş uşağı olub:

“Ziya Yusifə atalıq qayğısı ilə yanaşmırdı, onu saxlamaqdan imtina etmişdi və hətta öz soyadını uşağa verməmişdi. Körpəni demək olar ki, hər gün iş yerimə aparıb manejdə saxlayırdım. Hadisə günü də Yusifi restorana aparmışdım. Bir neçə saatdan sonra, Nərgiz yanıma gələrək “evdə tək qaldığıma görə darıxıram, uşağı ver mənə, aparım biraz oynadım” dedi. Cavab olaraq qızıma “evdə uşağa baxa bilməyəcəksən, özüm gələndə uşağı gətirərəm” dedim. Buna baxmayaraq Nərgiz məndən Yusifi götürüb, evə apardı. Sonra bildim ki, qızım südə “Hidrogen Peroksid” qataraq, uşağa içizdirib. Buna baxmayaraq, körpə dərhal ölməyib”.

Leyla Bağıyeva əlavə edib ki, özü dünyaya uşaq gətirmək üçün neçə illər müalicə alıb və nəticədə Nərgiz dünyaya gəlib:

“Buna baxmayaraq, qızım öz övladının başına bu oyunu açdı. Nəvəm demək olar ki, 2 saatın güdazına getdi. Körpəni, ondan-bundan borc pul alaraq, 10 aylığına gədər özüm saxlamışdım”.



Şahid qismində dindirilmiş Ziya Əlizadə bildirib ki, “Xalqlar dostluğu” metrosunun yaxınlığında, avtomobillərin mühərriki təmiri üzrə usta işləyir:

“2021-ci ilin aprel ayında Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və saxlama) maddəsi ilə 1 il 6 ay müddətinə azadlıqdan məhrum olunmuşam. 1 ildən sonra əvf fərmanı ilə əlaqədar cəzamın qalan hissəsindən azad edildim. Tutulmamışdan əvvəl Hövsan qəsəbəsində, küçədə Nərgiz Bağıyeva ilə tanış olmuşdum. İlk dəfə cinsi əlaqədə mənim avtomobilimdə olmuşuq.

Cəza çəkərkən, noyabr ayında qardaşım zəng edərək, Nərgiz adlı qadının məni axtardığını xəbər verdi. 2022-ci ilin mart ayında həbsdən çıxandan sonra Nərgizin yaşadığı evə getdim. Söhbət zamanı qadın uşağın məndən olduğunu bildirdi. Uşağı götür, gəl gedək mənimlə yaşayaq desəm də, Nərgiz mənə görüşdüyü adamı olduğunu və ərə gedəcəyini söylədi. Qadın başqası ilə görüşdüyü üçün bir daha onunla əlaqə saxlamadım. Sentyabrın 11-də Nərgizin anası mənə zəng edərək, qızının uşağı boğub öldürdüyünü dedi”.

Ziya Əlizadə əlavə edib ki, həbsindən əvvəl Nərgiz onunla birlikdə bir neçə dəfə narkotik maddə istifadə edib.



Şahid Xəlil Qənbərov bildirib ki, icarəyə götürdüyü mağazada, dəniz məhsullarının satışı ilə məşğul olur:

“2021-ci ilin noyabr ayında Nərgiz Bağıyeva ilə tanış olanda, o, hamilə idi. Qadın mənə uşağın atasının cəzaçəkmə müəssisəsində olduğunu demişdi. Övladı anadan olandan təxminən 1 ay sonra Nərgiz yanıma gələrək, uşağa yemək almağa pulu olmadığını bildirdi və onu işə götürməyimi istədi. Mən də balığa getdiyim müddət ərzində, mağazada qalmasını, gündəlik ona 10-15 manat pul verəcəyimi dedim. 2022-ci ilin yanvar ayından aramızda sevgi münasibətləri yarandı. Uşağının adı Yusif idi, bir neçə dəfə onu özü ilə dükana gətirmişdi. Uşağa demək olar ki, Nərgizin anası baxırdı. Qadın özü, azad həyat tərzi keçirən insan idi. Qadına qarşı ciddi münasibətim olmayıb, sadəcə bir neçə dəfə cinsi əlaqədə olmuşuq. Mart ayında Nərgizin başqa şəxslə münasibəti olduğunu öyrəndiyim üçün, aramızda soyuqluq yarandı. Hadisədən 10 gün əvvəl qadın yanıma gələndə, ona gedib uşağın atası ilə barışmasını bildirdim. Həmin gün mağazada intim əlaqədə olmuşuq”.



Qida Təhlükəsizliyi Agentliyi tərəfindən verilmiş məktuba əsasən, Yusif Bağıyevin naməlum şəraitdə ölməsi ilə əlaqədar aparılmış müayinə zamanı, hadisə yerindən götürülmüş əmzik qabında olan südün tərkibində həqiqətən “hidrogen peroksid” aşkar edilib.

Məhkəmə iclasında Nərgiz Bağıyeva ittiham üzrə özünü tam təqsirli bilib. Əməlindən peşman olduğunu bildirərək, prosesdə ifadə verməkdən imtina edib.

Prokuror təqsirləndirilən şəxsin 16 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Zərərçəkmiş şəxsin hüquqi varisi Nərgiz Bağıyevaya məhkəmədən uşağın haqqını və qızına qanunla müəyyən edilmiş həddə cəza təyin edilməsini tələb edib.

Son sözündə Nərgiz Bağıyeva internat məktəbində böyüdüyündən heç kəs tərəfindən sevilmədiyini, həyatda bədbəxt insan olduğunu bildirərək, törətdiyi ağır cinayət əməlinə görə ona yüngül cəza təyin edilməsini xahiş edib.

Məhkəmə qənaətə gəlib ki, Nərgiz Bağıyeva oğlundan qurtulmaq və Xəlil Qənbərovla azad həyatını yaşamaq istəyib. Ağır həyat şəraiti və kənar şəxslərin birtərəfli münasibəti nəticəsində Nərgiz Bağıyevada analıq hissi yaranmayıb və buna görə də o, öz uşağına lazımi şəkildə qayğı göstərə bilməyib. Analıq hissinin yaranmamasının əsas səbəbləri – onun yaşının nisbətən az olması, öz ailəsində valideyn sevgisindən və qayğısından məhrum olması, onunla yaxın münasibətlər quran şəxslərin səthi münasibət bəsləmələri olub. Məhz bunun nəticəsində qadın soyuqqanlı şəkildə doğma övladını qəsdən həyatdan məhrum edib.



Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.9-cu (köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddələrində nəzərdə tutulan cinayət əməllərinin bütün tərkib əlamətləri mövcud olduğundan məhkəmə hesab edib ki, Nərgiz Bağıyeva həmin maddələrlə təqsirli bilinərək, cəzalandırılmalıdır.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nərgiz Bağıyeva 14 il müddətinə azadlıqdan məhrum olunub./lent.az






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10