İslam Respublikası da, Məhəmmədrza şah da fələstinlilərin zülmünün artmasına xidmət ediblər
Müharibə İran hakimiyyətinin xilası ola bilər. Vaxtı ilə İraqla müharibə Tehran hakimiyyətinə müxalifəti əzməyə, öz istəklərinə, o cümlədən hicabın məcburi tətbiqini gerçəkləşdirməyə yardım etmişdi.
İran düşməni, ABŞ və İsraili özgə torpaqlarında qarşılayır: İraq, Suriya, Yəmən, Livan, Fələstin. Bunları İnqilab Keşikçiləri Qvardiyasının Qüds qolu və bu kimi onun xaricdəki maraqlarını təmin edən təşkilatlar vasitəsilə həyata keçirir.
“Həşdi-Şabi”, Bəşşar Əsəd, husilər, “Hizbullah”, HƏMAS Tehranın xaricdəki qüvvəsi, gücüdür. İran hakimiyyəti təhlükəsizliyini bu kimi törəmələri ilə təmin edir.
Oktyabrın 7-də HƏMAS-İsrail qarşıdurması gözlənilməz idimi? Yaxud, bunun 1973-cü il ərəb-İsrail müharibəsi ilə əlaqəsi varmı?
HƏMAS 1987-ci ildə qurulub. Fələstin Azadlıq Təşkilatı isə 1964-cü ildə təşkil edilib. Onu da PKK terror qruplaşması və başqaları kimi, keçmiş SSRİ yaradıb. Bu səbəbdən, Fələstin dövlətinin qurulması uğurunda mübarizə aparan təşkilatlardan heç birinin bir əsr yaşı yoxdur. Bu baxımdan, ehtimal etmək olar ki, Fələstin dövlətinin qurulması İsrailə və onu müdafiə edən dövlətlərə qarşı lazım olub.
HƏMAS-İsrail müharibəsini 1973-cü il ərəb-İsrail müharibəsi ilə əlaqələndirmək istəyənlər də var. Fikrimizcə, bu müharibə iki tərəf, yəni yəhudi dövləti ilə ərəblər arasında son zamanlar başlamış normallaşma prosesinə qarşıdır. Bu hadisəni xatırlamaqla İsraillə ərəblər arasında münasibətləri gərginləşdirməyə çalışırlar.
Bəs, bu müharibə daha çox kimə sərf edir?
İranda yaranmış şərait bunun daha çox Tehrana sərf etdiyini deməyə əsas verir. Bir il əvvəl İranda məcburi hicab qaydalarına etiraz aksiyaları başlayıb. Tehran rəsmiləri bu aksiyaları “İslam Respublikası düşmənlərinin”, yəni İsrail, ABŞ, Böyük Britaniya, NATO, Avropa İttifaqının təşkil etdiyini iddia edir. Onda belə çıxır ki, HƏMAS-İsrail müharibəsi İranın düşmənlərinə bir il əvvəl təşkil edilmiş hadisələrə görə cavabıdır.
Başqa sözlə, İran hakimiyyəti ABŞ-a cavab verib.
İran İnqilab Keşikçiləri Qvardiyası baş komandanının müavini admiral Əli Fədəvi bildirib ki, “əl-Əksa tufanı” əməliyyatı İsrailə dağıdıcı zərbə vuracaq. O, HƏMAS-ın hücumunu “tarixi hadisə” adlandırıb.
Onun çıxışının əsas, maraqlı məqamı isə budur: “ABŞ-ın İranda ən ağır iğtişaş yaratmaq planı var idi”.
HƏMAS-ın hücumunda Tehran hakimiyyətinin maraqlarının 3 istiqamətdə təmin olunduğu qənaətinə gəlmək olar:
– ötən il İranda başlamış etiraz aksiyalarına cavab verilib;
– həmin aksiyaların davam etməsinin qarşısı alınıb;
– İsrailə qarşı hücumu dəstəkləyib (hələ ki, ola bilsin, təşkil edib).
Fələstin dövləti, o cümlədən Qəzza zolağında hakim olan HƏMAS heç bir texnologiyaya, istehsalata, yəni iqtisadiyyata malik deyil. Bu qruplaşma və dövlət donorların, xüsusən İranın hesabına mövcudluğunu qoruyur. Fədavi çıxışında Fələstinin güclü olduğunu əminliklə iddia etməsi də şübhəlidir. Çünki başqa dövlətlər, yaxud donorlar Fələstinə hərbi və başqa yardımı etsə idi, ondan Tehran xəbər tutmaya bilərdi. Ancaq belə ehtimal etmək olar ki, HƏMAS-a verdiyi silahlıların gücünü bildiyi üçün admiral belə arxayın açıqlama verir.
İran tərəfi HƏMAS-ın qələbə qazandığını deyir. Tehran rejimi ilə HƏMAS-ı birləşdirən başlıca amil İsrail dövlətinin məhv etmək niyyətidir. O zaman qruplaşmanın qələbəsini təmin edən nədir? Tehran HƏMAS-ın cürət edib, İsrailə hücum etməsini qələbə sayır. İran hakimiyyətinin bu bəyanatı təəssüf doğurur. Çünki normalda heç bir dövlət bir bölgədə hakimiyyəti ələ keçirən qruplaşmanı dəstəkləməz. HƏMAS 2006-cı ildən Qəzza zolağında hökuməti ələ keçirib. Oraya nəzarət edir. De-fakto Fələstində ikihakimiyyətlilik yaranıb. Çünki Mahmud Abbasın başçılıq etdiyi hökumət İranın sözünə baxmır, daha çox qərblə əlaqə qurmağa üstünlük verir. Fələstinin iki hakimiyyətə bölünməsi İranın regionda istədiklərini həyata keçirməsinə nail olub. HƏMAS-İsrail müharibəsi Tehranın çin olan yuxularındandır.
Tehran daxildəki etirazların qarşısını almaq üçün də HƏMAS-ın hücumundan yararlanıb.
İran hakimiyyəti ölkədə etiraz aksiyalarının hələ bir müddət baş verməyəcəyinə arxayındır. İranda elan olunmamış hərbi-polis rejimi mövcuddur. Hərbi hissələrin döyüş hazırlığı vəziyyətinə gətirildiyi istisna olunmur. Tehran bununla həm daxili etirazların qarısını, həm də xarici müdaxilənin qarşısını almağı planlaşdırır. Ancaq Sistan Bəlucistanda əhalinin etirazları davam edir, Tehranda futbol stadionunda sloqanlar söylənilir…
Hələ bir neçə ilə əvvəl İran parlamentinin deputat hökuməti Fələstini yedizdirməkdə ittiham etmişdi. Bu baxımdan, ölkə ictimaiyyətinin “biz niyə Fələstinə, HƏMAS-a yardım etməliyik” kimi haqlı sualı cavabsızdır. Çünki bu məsələnin mahiyyətində İran cəmiyyətinin maraqlarının müdafiəsi durmur. Belə bir şəraitdə onların övladlarının boğazından kəsilərək HƏMAS, husi, “Həşti-şəbi”, “Hizbullah”, “İslami-cihad” və başqalarının silahlandırılması cəmiyyətdə narazılıq doğurur.
Tehranda çıxan “Şərq” qəzeti son saylarından birində İsrailə hücumla bağlı xəbərdarlıq edərək, yazıb: “Hökumət ağıllı siyasət yürütməlidir. Fələstin məsələsində birtərəfli yanaşmanın beynəlxalq ictimaiyyətdə və dövlətlər səviyyəsində heç bir nəticə verməyəcəyini İran hökuməti başa düşməlidir. İran ərəb və müsəlman dövlətləri ilə əməkdaşlıq etməli, Fələstin məsələsində isə ağıllı siyasət yürütməlidir”.
Qəzet Tehranın yürütdüyü HƏMAS-ı müdafiə siyasətinin nəticə verməyəcəyini də vurğulayıb.
Odur ki, İran cəmiyyəti son 44 ildə gördüyümüz cəmiyyət deyil. HƏMAS mövcud olduğu 36 il, Qəzza zolağını idarə etdiyi 17 il ərzində Fələstinin azadlığı istiqamətində heç nəyə nail olmayıb. Elə onun baş sponsoru Tehran hakimiyyəti də bu bölgənin təməl məsələsi ilə bağlı uğur əldə etməyib. Əksinə, öz əməlləri ilə 44 illik İslam Respublikası rejimi də, Məhəmmədrza şah da Fələstin müsəlmanlarının, ərəblərinin zülmünün artmasına xidmət ediblər… Qaçqınlıq, günahsız axan qanlar bunu təsdiqləyir. Deməli, Fələstin dövlətinin təməl məsələsinin həllinin açarı nə HƏMAS-da, nə də Tehrandadır. Bu sayaq qruplaşma və rejimlər Fələstin məsələsindən yalnız öz maraqlarını qorumaq üçün istifadə edir… Elə Tehranın ABŞ-a cavabı kimi…pressklub
Sədrəddin Soltan