Yasla söhbəti yenə gündəmdə
Azərbaycanda yas mərasimlərinin qəbiristanlıqların yanında keçirilməsi nəzərdə tutulur.
Bunu “Xəzər xəbər”ə açıqlamasında Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov bildirib.S.Novruzov onu da deyib ki, müvafiq qanun layihəsinə əsasən, aztəminatlı ailələr üçün yas mərasimlərini bələdiyyələr təşkil edəcək.
Nazirlər Kabinetinin qərarına əsasən, hazırda yeni qəbiristanlıq ərazilərinin seçilməsi üçün işlər aparılır.
Məsələ ilə bağlı ilahiyyatçı Elşad Miri Oxu.Az-a açıqlama verib.
Bildirib ki, yeni qəbiristanlıq ərazilərində yas mərasimlərinin təşkili üçün nəzərdə tutulan yerlər istifadəyə verildikdən sonra məscidlərdəki mərasim zallarının aqibətinin necə olacağı maraqlıdır:
“Qəbiristanlıqların salınması və idarə edilməsi qaydalarına əsasən, bu ərazilərin idarəçiliyi bələdiyyələrin ixtiyarına veriləcək. Bəs bu məsələnin tətbiqinə başlanıldıqdan sonra məscidlərdəki mərasim zalları ləğv ediləcək? Bax, bu məsələ maraqlıdır”.
E.Miri VİP mərasim zallarından da danışıb:
“Ümumiyyətlə, Azərbaycanda yas mərasimlərinin keçirilməsinə kim nəzarət edir? İndi sosial ədalətin bərpasından danışılır. Bəs bu məscidlərdə verilən - bəziləri VİP olduğu üçün hər kəs orada ehsan verə bilmir - mərasim zalları necə olsun? Cəmiyyətdə elə fikir formalaşıb ki, sanki onun ölüsünə VİP zalda yas mərasimi verilsə, birbaşa, sorğu-sualsız cənnətə gedir. Bunları tənzimləmək lazımdır”.
Könül Cəfərli