Tələni kimin qurduğu, kimin isə bu tələyə düşdüyü bəlli deyil
Yaxın Şərq yenidən döyüş meydanına çevrilib. Oktyabrın 8-də səhər tezdən HƏMAS yaraqlılarının İsrail ərazisinə başladığı hücum və İsrail ordusunun əks-zərbələri nəticəsində bu günə qədər hər iki tərəfdən 2 minə yaxın adam öldürülüb, minlərlə yaralı var, yüzlərlə insan əsir və girov götürülüb.
Nə milyonlarla ərəbi, nə də milyonlarla yəhudini regiondan köçürmək mümkündür. Bu problem hər hansı bir formada kökündən həll olunana qədər toqquşmalar zaman-zaman davam edəcək. Buna görə də israillilər və fələstinlilər arasında kövrək atəşkəsin tezliklə pozulacağı heç kimə sirr deyildi. Amma miqyasın belə olacağı heç kimin ağlına belə gəlmirdi.
Bu gün dünya mediası HƏMAS yaraqlılarının İsraildə yəhudilərlə bərabər qarşılarına keçən hər kəsi (ilk gün baş verən qətliam zamanı ABŞ, Fransa, Kanada, Ukrayna və digər Avropa ölkələrinin nümayəndələri ilə yanaşı Tailandın 11 vətəndaşı öldürülüb, Nepal vətəndaşları girov götürülüb, bir qrup Çin vətəndaşı isə yoxa çıxıb – güman ki, onlar da girovluqdadır) amansızcasına güllələməsini, eləcə də İsrail ordusunun Qəzza bölgəsini bombardman edərək, cəhənnəmə çevirməsini müzakirə edir. Eyni zamanda, ortada müzakirə olunan başqa bir mövzu var: mükəmməl silahı, kəşfiyyatı, ordusu ilə öyünən və alınmaz qala – imperiya kimi təqdim olunan İsrail bu hücumun qarşısında niyə aciz qalıb?
Ondan başlayaq ki, İsrailin MOSSAD milli kəşfiyyat xidməti, eləcə də AMAN və Şabak kəşfiyyat xidmətləri HƏMAS qruplaşmasının hücuma hazırlaşdığını müəyyən edə bilməyiblər. HƏMAS yetkililəri bildirilər ki, əməliyyat ən azı 1 il (bəzi mənbələrə görə, 2 il) hazırlanıb. Hücum zamanı bir və ya bir neçə deyil, yüzlərlə reaktiv yaylım atəşi sistemindən, pilotsuz uçuş aparatlarından, deltaplanlardan istifadə olunub. Necə olub ki, dünyanın ən mükəmməl kəşfiyyat xidmətlərindən birinə, hətta bəzi iddialara görə birincisinə, malik olan dövlət “qulağının dibində” hazırlanan bu miqyasda əməliyyatdan bixəbər qalır? Necə olub ki, kəşfiyyat sərhədə yığılan, faktiki olaraq mühasirə vəziyyətində anklava daşınan bu qədər silahdan bixəbər qalır?
Başqa bir maraqlı məqam: İsrail milyardlarla dollar vəsait xərcləyərək, Qəzza bölgəsi ilə sərhəddə ən müasir kameralarla, siqnal vasitələri ilə, digər avadanlıqlarla təchiz olunmuş divar qurub. Həmin sistemə qulluq edən keçmiş hərbçilər etiraf edirlər ki, sözün birbaşa mənasında bu divarın üstündən quş uçması mümkün olmayıb. Hər kiçik hərəkət avadanlıqlar və kameralar tərəfindən qeydə alınıb və cavab tədbirləri görülüb. Bəs hücum anında minlərlə silahlının divara yaxınlaşması niyə qeydə alınmayıb?
Bəziləri iddia edir ki, siqnal sisteminin işə düşməməsinin daha dərin izahı var və guya ki, əməliyyatın hazırlanmasında birbaşa iştirak etdiyi iddia olunan İran, hakerlər vasitəsilə İsrail müdafiə sistemini dağıdıb. Onda ortaya daha bir sual çıxır: əgər ən vacib anda İsrail müdafiə sistemini bu qədər asanlıqla sıradan çıxartmaq mümkündürsə, onda tərif edilən İsrail silahının qüdrəti mifdən başqa bir şey deyil?
Yeri gəlmişkən, son hücum əməliyyatları İsrail silahı ilə bağlı bəzi digər çatışmazlıqları da ortaya çıxardı. Məsələn, İsrail şəhərlərini qorumalı olan “dəmir günbəz” işinin öhdəsindən tam gələ bilmədi. HƏMAS-ın atdığı raketlər Tel-Əviv, Qüdsü də vura bildi. Əlbəttə, ortada İsrail üzərinə bir gecədə 5 min raketin (!) buraxılması faktı var və “dəmir günbəz” bu raketlərin böyük hissəsini havadaca neytrallaşdıra bilmişdi. Amma digər fakt da var: kimin dəstəkləməsindən asılı olmayaraq, İsrailə hücum çəkən qüvvə yarımmühasirə şəraitində yaşayan Qəzza bölgəsinin HƏMAS təşkilatıdır. Bəs İsrailə daha ciddi hazırlığa və daha mükəmməl silaha malik olan dövlət və ya dövlətlər hücum etsə necə?
Eyni şeyi dünya tank sənayesinin “əfsanəsi” sayılan İsrail istehsallı “Merkava” tankı barədə də söyləmək olar. HƏMAS təşkilatının kvadrakopter vasitəsilə havadan atdığı qumbara tankla bərabər “Merkava”nın nüfuzunu da partlatmış oldu.
İsrail silahlı qüvvələrinin hazırlıqsızlığı da ciddi suallar doğurur. Qeyd edək ki, HƏMAS hücum zamanı İsrail ordusunun bir neçə bazasını ələ keçirib, onlarla əsgəri qətlə yetirib, aralarında briqada generalı olmaqla, bir neçə yüksək rütbəli zabiti əsir götürüb. Sonradan əsir düşmüş HƏMAS yaraqlısı bildirib ki, onlara təxminən 5 saat (!) ərzində müqavimət göstəyilməyib, atəş açılmayıb. Maraqlıdır, deyilmi?
Əlbəttə, heç kim İsrail ordusunun gücünün ancaq kağız üzərindəki mif olduğunu iddia edə bilməz və HƏMAS-ın hücumundan sonra verilən cavab da, ordunun bundan 50 əvvəlki müharibədə də, ondan sonrakı əməliyyatlar zamanı uğuru da bunu göstərir. Amma çox ciddi suallar yaranıb: hazırlıqsızlıq, təxribat, yoxsa tələ? Eyni zamanda, tələni kimin qurduğu, kimin isə bu tələyə düşdüyü bəlli deyil. İsrail, yoxsa…?
Yeri gəlmişkən, İsrail ordusunun nümayəndələri, hökumət qəti açıqlama verib: Qəzza bölgəsində böyük, miqyasında görə təsəvvür edilməyəcək quru əməliyyatı başlanılır və əsas məqsəd HƏMAS-ın birdəfəlik məhv edilməsi olacaq. İsrail ordusunun komandanlığı daha da irəli gedərək, başqa bir bəyanat verib: Elə bir cavab olacaq ki, bunu bundan sonra 50 il xatırlayacaqlar.
Və dünyanın heç bir böyük dövləti vətandaşına qarşı amansızcasına davranan HƏMAS-ı məhv etdiyinə görə İsraili qınamayacaq.
Press Klub