Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Bayden Ukrayna üçün 100 milyard dollar istəyəcək



ABŞ prezidenti Co Bayden Konqresdən Ukraynaya 2025-ci ilin əvvəlinə qədər kifayət etməli olan ən böyük hərbi və humanitar yardım paketini istəmək niyyətindədir.

“The Daily Telegraph” qəzetinə istinadən xəbər veririk ki, onun həcmi 100 milyard dollara çata bilər.

Nəşr qeyd edir ki, Demokratlar administrasiyası 2024-cü ilin noyabrında keçiriləcək prezident seçkilərinə qədər Respublikaçılar Partiyası ilə yeni mübahisələrdən qaçmağa çalışır. Buna görə də həmin dövrə qədər Ukraynaya yardım üçün yetəcək həcmdə vəsaitin ayrılmasına nail olmaq niyyətindədir.

Nəşrin həmsöhbəti qeyd edib ki, “böyük paket” konsepsiyası administrasiyanın bir çox üzvləri tərəfindən güclü şəkildə dəstəklənir:

“Ukrayna tərəfdarları bunun birdəfəlik qanun layihəsi olmasını istəyirlər ki, bu da onlara bu məsələ ilə seçkilərdən əvvəl məşğul olmamağa imkan verəcək”.

Bayden administrasiyasının rəsmisi nəşrə bildirib ki, devrilmiş respublikaçı Kevin Makkartinin yerinə ABŞ Nümayəndələr Palatasının yeni spikeri seçilənə qədər “bu paketin olub-olmayacağı və ya nə qədər olacağı ilə bağlı heç bir qərar verilməyəcək”. Eyni zamanda, 2024-cü ilin sonuna qədər davam edəcək böyük paketin ayrılması imkanının araşdırıldığı və “variantlardan biri” olduğu vurğulanıb.

Nəşrin yazdığına görə, qanun layihəsi Nümayəndələr Palatasının üzvləri və senatorların əksəriyyəti tərəfindən təsdiqlənmək üçün yaxşı şansa malikdir. Bu günə qədər Konqresin hər iki palatası ciddi fikir ayrılığı olmadan Ukraynaya ümumi dəyəri 113 milyard dollar olan 4 yardım paketini artıq təsdiqləyib.

Administrasiya rəsmisi həmçinin “The Daily Telegraph”a bildirib ki, Bayden çıxış edərək “Ukraynanı dəstəkləməyin niyə bu qədər vacib olduğunu və əks halda, hansı risklərin yaranacağını izah edib, Amerikanı birləşdirməyə çalışacaq”.

“O, Ukraynanın maliyyələşdirilməsi ilə bağlı tənqidlərə birbaşa müraciət edəcək və onlara cavab verəcək”, - deyən Ağ Ev rəsmisi prezidentin çıxışının mümkün vaxtını dəqiqləşdirməyib.

Musavat.com






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10