Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Həbsxananın həyətində ayaqlarım yanır, gözlərimdən yaş sel kimi axırdı...”


Məhbəsdə Nobel mükafatı alan Güney Azərbaycanlı Nərgizin hekayəti 

2023-cü ilin Nobel sülh mükafatı iranlı hüquq müdafiəçisi Nərgiz Məhəmmədiyə verildi: “İranda qadınların əsarətinə qarşı mübarizəsinə, insan hüquq və azadlıqlarının hamıya çatması uğrunda fəaliyyəti”nə görə. O, ömrünün az qala yarısını həbsxanada keçirib: hakimiyyətin tənqidinə, ölüm hökmünün ləğvi tələbinə və digər məhbusların hüquqlarının pozulmasına etiraza görə. Demək olar, bütün bu müddətdə də öz uşaqlarını görməyib. 

Həbsxana kamerasının pəncərəsindən dağlar görünür. Nərgiz Məhəmmədi dağları çox sevir; bir zamanlar hətta İranın əsas zirvələrinə yürüşlər təşkil edirdi. Amma hələ tələbə yaşlarında rəsmi ekspedisiyalarda iştirak hüququndan məhrum edilmişdi – siyasi fəallığına görə. Elə ona görə də indi Tehranın məşhur “Evin” həbsxanasında cəza çəkir. Elə ona görə də 2023-cü ildə Nobel sülh mükafatı aldı. 

Nərgizin 7 yaşı olanda İranda İslam inqilabı baş verdi. Ölkəni bürüyən siyasi repressiyalar dalğası onun ailəsinə də toxundu: iki kuzeni həbs olundu. 2022-ci ildə həbsxanadan hospitala köçürüldüyü zaman “The New York Times” qəzetinə verdiyi müsahibə zamanı Nərgiz anasının həbsxanaya sovqat daşımasını, edam edilənlərin siyahısını televizorda dinləməsini və qohumunun adını eşidəndə hönkürməsini xatırlayıb.

Ölüm hökmünün ləğvi Nərgizin hüquq müdafiəçiliyinin əsas sahəsi olacaqdı, amma əvvəlcə qadın mövzusundan başlamışdı. Universitetdə qadınlardan ibarət alpinist qrupu, sonra da siyasi fəallar qrupu topladı, qəzetlərdə gender bərabərliyindən yazdı. 

 Vətəndaş cəmiyyətinə həsr olunan gizli toplantıların birində Nərgiz gələcək əri, özü də siyasi fəal olan Tağı Rəhmani ilə tanış olur. Tağı 1998-ci ildə həbs ediləndə Nərgiz İranın repressiv sisteminə etiraz edir və özü də həbsə düşür. Onlar 2001-ci ildə evləndilər, tezliklə Tağı yenə həbs olundu. Nərgizin anası iki dissidentin nikahının uğursuz olacağını deyirdi, amma onlar hələ də birlikdədirlər.

Həbslər

vvv

Nərgiz Məhəmmədi 2000-ci illərdə tikinti şirkətində mühəndis işləyirdi, islahatçı qəzetlərdə köşə yazırdı və daha bir Nobel sülh mükafatı (2003) laureatı Şirin İbadi tərəfindən yaradılan İnsan hüquqlarının müdafiəsi mərkəzində mətbuat katibi idi. İşəgötürən 2008-ci ildə onunla müqaviləni pozdu, mərkəz isə 2010-cu ildə, demək olar, darmadağın edildi. 

2000-ci illərin sonundan Nərgizin həyatı həbslər zəncirindən ibarətdir. Hüquq-mühafizə mərkəzində işinə görə həbs. “Rejim əleyhinə təbliğata” görə. Ölüm hökmünün ləğvi tələbinə görə. Məhəmmədinin işgəncələrdə günahlandırdığı həbsxana rəhbərliyinə “böhtan atdığına” görə. Bəzən ittiham heç göstərilmirdi. Məsələn, 2014-cü ildə Nərgiz yazırdı: “Aldığım bildirişdə yazılırdı ki, “ittihamlara görə” hakimiyyətə təslim olmalıyam, amma həmin ittihamlarla bağlı heç bir izahat yoxdur”. Çox güman ki, həmin bildiriş üçün səbəb – həbsxanada işgəncələrə məruz qalan və 2012-ci ildə ölən hüquq müdafiəçisi və bloqer Səttar Beheştiyə həsr edilən nitqi olub. 

Nərgiz Məhəmmədi indi də həbsdədir. O, 2019-cu ilin kütləvi etirazları zamanı hakimiyyət nümayəndələri tərəfindən öldürülən İbrahim Kitabdarın məzarını ziyarət etməyə gedərkən, 2021-ci ilin noyabrında həbsə alınıb. Bir neçə cəzanı birdən çəkir, ümumilikdə həbsxanada 11 il keçirməlidir. Sonuncu cəzanı 2023-cü ilin avqustunda kəsiblər: həbsdə olduğu halda müsahibə verdiyinə və İran həbsxanalarındakı seksual zorakılıq haqqında BMT-yə rəsmi müraciət göndərdiyinə görə.  

 Onun hökmlərinin çoxu məhz həbsxanada baş verənləri ictimailəşdirməsinə görədir. 2021-ci ildə populyar “Clubhouse” tətbiqində keçirdiyi görüşdə iştirak edən qadınlar hakimiyyət nümayəndələrinin hücumuna məruz qalmalarından danışdılar. 

2022-ci ildə qadın məhbuslardan götürülən müsahibələr yer alan toplu və bir nəfərlik kamerada saxlanılanlardan bəhs edən sənədli film buraxdı. Hüquq müdafiəçisinin sözlərinə görə, son illər qadın zindanlarında seksual zorakılıq kütləvi və sistematik hal alıb. Rəsmi nümayəndələr bu iddiaları əsassız hesab edirlər. 

Bundan əlavə, Nərgiz ölüm hökmünün ləğvinə çalışır, belə hökmlərin adətən işgəncə altında alınan ifadə və etiraflar əsasında çıxarıldığını söyləyir. 

Hüquq müdafiəçiləri Məhəmmədinin indiki cəzasını “uzun sürən edam” adlandırırlar. Çoxsaylı həbslər sağlamlığını pozub. 2021-ci ildə onun nevroloji xəstəlikdən əziyyət çəkdiyi xəbər verilirdi. 2019-cu ildə növbəti həbs müddəti zamanı uşaqlığının götürülməsi əməliyyatı keçirilib və zəruri qulluq olmadığından (onu, demək olar, dərhal kameraya qaytarmışdılar) sepsis yarandı. Üstəlik, ona kəsilən cəzalar içində şallaqlama da var (yerinə yetirilib-yetirilməməsi haqda məlumat yoxdur).

Bütün bunlara baxmayaraq, Nərgiz Məhəmmədi həbsxanada da fəallığını davam etdirir. Məsələn, digər məhbuslar üçün vətəndaş hüquqlarından bəhs edən seminarlar keçirir. 2021-ci ildə Məhsa Əmininin ölümündən sonra “Qadın! Həyat! Azadlıq!” şüarı altında keçirilən kütləvi etirazlar zamanı da bir neçə həmrəylik aksiyaları keçirdi və zindanın həyətində nitq söylədi.

Ailə və ölkə

“Mən “Evin”in həyətində zəncirotu toplayırdım. Qızmar asfaltın üzərində ayaqyalın durmuşdum. Ayaqlarıma isti idi, ürəyim alovlanırdı”, – Nərgiz Məhəmmədi 2015-ci il iyunun 14-də xatırlayırdı. O, növbəti həbsini çəkirdi; əri də məhkum olunmuşdu, amma ona ölkədən getmək icazəsi verilmişdi. Tağı və onların əkiz uşaqları – Əli və Kiana – vidalaşmağa gəlmişdilər. “Uşaqlarımın əlləri, ayaqları, üzləri gözümün önündən keçirdi, göz yaşlarım isə yaz yağışı kimi axırdı”, – Məhəmmədi deyir. 

O vaxt Əli və Kiananın 8 yaşları vardı, indi 16. Bütün bu illər ərzində Nərgiz onların necə böyüdüyünü görə bilmədi, nadir hallarda onlarla telefonla danışdı. 

İnstagram səhifəsində dustaqların hüquqlarının pozulması haqda bəyanat yerləşdirəndən sonra telefonla danışmağı qadağan edildi. Hüquq müdafiəçisinin ailəsi Fransada yaşayır. 

“Biz bu ayrılığa məhkum edildik. Çox ağırdır. Ata və ər kimi Nərgizin bizimlə yaşamasını istəyirəm. Amma siyasi fəal həmkarı olaraq onun mübarizəsini dəstəkləməli və həvəsləndirməli, səsini çatdırmalıyam”, – Tağı Rəhmani 2023-cü ilin mayında arvadının əvəzinə PEN mükafatını alarkən dedi.

Anası ilə qürur duyduğunu deyən Əli də eyni fikirdədir. Kiana isə hesab edir ki, siyasi fəallığı həyatının məqsədi edən adamın gərək uşağı olmasın. “Mən qızım və oğlum üçün istənilən adamdan daha yad biri oldum, ömrümün ən yaxşı illərini buraxdım, keçənlər də geri qayıtmayacaq. Amma mən əminəm ki, azadlıq, bərabərlik və sülh olmayan dünya yaşamağa, hətta baxmağa layiq deyil. Mən uşaqlarımı görməməyi və səslərini eşitməməyi, amma ölkəmin əsarətdəki kişilərinin, qadınlarının və uşaqlarının səsi olmağı qərara aldım”, – Nərgiz Məhəmmədi “The New York Times” qəzetinə müsahibəsində deyir.

O, 2022-ci il etirazları haqqında məhbəsdən gizli göndərdiyi və “The New York Times”da yer alan məktubunda yazır: “Biz İran xalqı İslam respublikasının teokratiyasından çıxırıq. Bu, bir nöqtədən digərinə hərəkət olmayacaq. Uzun və çətin proses olacaq, amma faktlar göstərir ki, mütləq baş verəcək”.

Press Klub: Nərgiz Məhəmmədi 1972-ci aprelin 21-də Zəncan şəhərində anadan olub. Qəzvində yerləşən İmam Xomeyni adına Beynəlxalq universiteti fizika ixtisası üzrə bitirib. Hüquq müdafiəçisi fəaliyyətinə görə 1998-ci ildən bəri dəfələrlə həbs olunub. Son 15 il ərzində o, bir sıra mükafatlara layiq görülüb (Aleksandr Langer mükafatı, Per Anger mükafatı, Veymar mükafatı, Andrey Saxarov mükafatı, Ulof Palme mükafatı və s.). Şirin İbadi 2010-cu ildə insan hüquqları sahəsində Feliks Ermakor mükafatını alanda onu Nərgiz Məhəmmədiyə həsr etmiş və “o cəsarətli qadın bu mükafatı məndən çox haqq edir” söyləmişdi. 

Hazırladı: Yadigar Sadıqlı

Mənbə: https://www.forbes.ru/forbes-woman/497987-protiv-gosudarstvennogo-nasilia-za-cto-nargiz-mohammadi-polucila-nobelevskuu-premiu 






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10