Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Daim şübhələrə yol açan mövzu geri qayıdır: Sayğaclara “barmaq edilir”?



Osman Gündüz: “Digər dövlət qurumlarının və müstəqil ekspertlərin “Azərişıq”ın infromasiya sistemini birgə audit etmələri doğru olardı”

 

““Azərişıq” yenidən 5 milyon manatlıq smartkart tipli ağıllı sayğaclar alacaq. Yenə də həmin Dubay şirkəti olan “Sensemi DMCC OF DUBAİ”dən alınacaq. Artıq müqavilə də bağlanıb”.

 

AYNA xəbər verir ki, bu fikirləri şəxsi “Facebook” hesabında Azərbaycan Milli İnternet Forumunun (AMİF) prezidenti Osman Gündüz paylaşıb. O bildirib ki, əvvəllər də “Azərişıq” bu şirkətdən bir xeyli bu tip sayğaclar alıb.

 

“Ötən il sayğacla bağlı ciddi problemlər yaşanmışdı. “Azərişıq”ın vətəndaşlara göndərdiyi bildirişlərdəki məbləğin real enerji sərfiyyatına uyğunluğundan şübhələnmək üçün müəyyən əsaslar yaranmışdı. Bu məbləğin bir neçə dəfə çox olduğu haqqında sosial mediada kütləvi məlumatlar açıqlanmışdı. Bundan sonra bir xeyli ictmai müzakirələr aparıldı. Lakin təəssüf ki, bu məsələ indiyədək də öz həllini tapmayıb”, - deyə Gündüz bildirib.



AMİF rəhbəri qeyd edib ki, “Azərişıq”ın ağıllı sayğaclarına və ya ümumiyyətlə onun informasiya sisteminə müdaxilə edildiyinə dair (kənar müdaxilə, məqsədyönlü müdaxilə, sistemin özünün düz çalışmamasından dolayı olan problemlər və s.) şübhələlər üçün əsaslar hələ də qalır. O, fikrini belə əsaslandırıb:

 

1. Sərfiyyatı hesablayan proqram təminatını – billing sistemini “Azərişıq” özü hazırlayıb. Bildiyim qədər digər aidiyyatı dövlət qurumları tərəfindən bu sistemə hər hansı baxış keçirilməyib;

 

2. Sayğaclardakı hesablamaları mərkəzə ötürən informasiya şəbəkəsini “Azərişıq” özü qurub və özünə məxsusudur;

 

3. Xarici şirkətlərə məxsus olan sayğacların da alınmasında yalnız bu qurum – “Azərişıq” iştirak edir. Bu sayğacların daxili alqoritminin necə işləməsi, xaricdən və ya daxildən müdaxilə ehtimalları ilə bağlı bizim digər dövlət qurumları tərəfindən testdən keçirilməyib.

 

“Belə olan halda düşünürəm ki, “Azərişıq”ın üzərində dövlət və ictimai nəzarət imkanlarını təmin etmək üçün hökumət ciddi səylər göstərməlidir. Fikrimcə, digər aidiyyatı dövlət qurumlarının və müstəqil ekspertlərin “Azərişıq” infromasiya sistemini birgə audit etmələri doğru olardı. Xatırlayıram ki, Nazirlər Kabinetinin bu il keçirilən toplantısında Prezident “Azəriqaz”ı sayğaclardakı problemlərə və qazın keyfiyyətinə görə ciddi tənqid etmişdi”, - deyə O.Gündüz fikrini yekunlaşdırı.


Müəllif: Ayna.az






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10