Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Rusiya Qarabağdan gedir…


Azərbaycan seçimini edib, bəs Ermənistan?

Rusiya Müdafiə Nazirliyinin nümayəndələri sülhməramlı kontingentin Qarabağı tərk etməsinin konkret müddətini müzakirə etmək üçün İrəvana səfər edəcək. Bu barədə TASS agentliyi məlumat yayıb. Oktyabrın 5-də isə Rusiya sülhməramlı kontingentinin Qarabağın 3 rayonunda – Əsgəran, Ağdərə və Şuşadakı postları ləğv edilib. 

Beləliklə, Azərbaycan bölgədə, konkret olaraq Qarabağda yeni reallığın yaranmasına nail olub və artıq bu reallıq Rusiya hərbi kontingentinin Qarabağı tərk etməsini diktə edir. 

Hələ bir neçə ay əvvəl Rusiya sülhməramlılarının 2020-ci il 10 noyabr tarixli Üçtərəfli Bəyanatı ilə müəyyən edilmiş Qarabağda qalma vaxtı başa çatandan sonra nə edəcəyi müzakirə olunurdu. Xatırladaq ki, həmin bəyanata uyğun olaraq, Rusiya hərbi kontingenti 5 il müddətinə Qarabağda yerləşdirilmişdi və səlahiyyətlərinin bitmə müddətinə 6 ay qalmışa qədər tərəflərdən hansısa biri (Azərbaycan və ya Ermənistan) etiraz etməsə, hərbi kontingentin qalma müddəti avtomatik olaraq daha 5 il müddətinə uzadılmalıydı. Və hamı, Azərbaycanın nəzərdə tutulmuş zamanda etiraz edib-etməyəcəyi və etiraz edəcəyi təqdirdə bunu nə ilə əsaslandıracağı üzərində baş sındırırdı. Eyni zamanda, Rusiyanın mümkün etiraza reaksiyası və Qarabağda qalmaq üçün hansı provokasiyalara əl ata biləcəyi müzakirə olunurdu. Ermənistanın buna etiraz etməyəcəyi, hətta Rusiya hərbi kontingentinin daha uzun müddətə burada qalmasına çalışacağı öncədən məlum idi. 

Azərbaycanın keçirdiyi uğurlu antiterror əməliyyatından dərhal sonra bölgədə başqa reallıq yarandı. Bu dəfə artıq Rusiyanın 2025-ci ildən sonra Qarabağda qalmaq müddətinin uzadılması deyil, ümumiyyətlə, bu müddətə kimi qalıb-qalmaması məsələsi müzakirə olunurdu.  

Bu gün isə Rusiya sülhməramlılarının ən qısa müddətdə Qarabağdan çıxmasının konkret vaxtının müəyyən edilməsi reallığı  yaranıb. Və buna görə də, Rusiya Müdafiə Nazirliyinin nümayəndələri İrəvana səfər ediblər. 

Qeyd edək ki, Rusiya hərbi kontingentinin tezliklə Qarabağı tərk edəcəyini ilk olaraq Ermənistan kütləvi informasiya vasitələri xəbər vermişdilər. Onların məlumatına görə, hərbçilər noyabrın 1-nə kimi Azərbaycan ərazisini tərk edəcəklər. Məlumatı Rusiya Dövlət Dumasının ermənipərəst deputatı Konstantin Zatulin də təsdiq etmişdi.

Sülhməramlıların tezliklə Azərbaycan ərazisini tərk edəcəyi ilə bağlı ən ciddi siqnalı şəxsən Rusiya prezidenti Vladimir Putin verib. O, oktyabrın 5-də “Valday” diskussiya klubunda çıxışı zamanı Qarabağdakı sülhməramlılar barədə danışıb: “Növbəti çox vacib məqam. Bizim sülhməramlıların hüquqi statusu istisnasız olaraq bu bəyanata əsaslanır (liderlər arasında 2020-ci il 10 noyabr Üçtərəfli Bəyanatını nəzərdə tutur). Sülhməramlıların başqa digər statusu yaranmadı. İndi bunun niyə belə olduğu barədə danışmayacağam. Azərbaycan hesab edirdi ki, buna ehtiyac yoxdur. Azərbaycansız nəsə imzalamaq isə mənasız idi. Təkrar edirəm, bütün status bu bəyanata əsaslanıb. Sülhməramlıların hüquqları ancaq bir şeydə idi: atəşkəs rejiminə əməl edilməsini müşahidə etmək. Vəssalam. Sülhməramlıların başqa heç bir hüququ yox idi. Ancaq müşahidə”. 

Daha sonra Putin əlavə edir: “Görüşlərdən birində Əliyev mənə yaxınlaşıb dedi ki, hamı, hətta Ermənistan Qarabağın Azərbaycan ərazisi olduğunu qəbul edir. Sizin hərbçiləriniz bizim ərazimizdədir. Gəlin onların statusunu öz aramızda ikimiz həll edək. Paşinyan da təsdiq etdi ki, bunu biz həll etməliyik”. Nəhayət, Rusiya prezidenti Qarabağdakı sülhməramlıların vəzifəsi ilə bağlı əsas cümləni söyləyir: “Orada heç kim qalmayıb. Ermənilər hamısı gedib. Orada erməni qalmadığını bilirsinizmi?”

Beləliklə, hətta Rusiya prezidenti də etiraf edir ki, ermənilər Qarabağı könüllü şəkildə tərk etdiklərinə görə, orada kimisə qorumaq və müdafiə etmək ehtiyacı qalmayıb. Vəssalam, Rusiya Azərbaycandan gedir! 

Amma ortaya sual çıxır: Rusiya sülhməramlılarının bölgəni tərk etməsi məsələsi niyə İrəvanla razılaşdırılmalıdır? Axı, bir müddət öncə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Rusiya sülhməramlılarının Qarabağda qalması məsələsinin bundan sonra Moskva və Bakı arasında həll ediləcəyini bildirmişdi. Axı Putin özü də son çıxışında etiraf edib ki, prezident İlham Əliyev bu məsələnin iki dövlət arasında həll edilməli olduğunu deyib və hətta Paşinyan da bununla razılaşıb. Bəs Rusiya Müdafiə Nazirliyinin nümayəndələri niyə Bakıya deyil, İrəvana üz tutublar?

Cavab çox sadədir: hər şeyi son günlər yaranan yeni reallıq diktə edir! Artıq Qarabağdakı sülhməramlılarla Azərbaycan güc strukturlarının nümayəndələri əvvəllər olduğu kimi ara-sıra və uzaqdan deyil, sıx təmas halındadırlar və yəqin ki, onlara getmək vaxtının çatdığı açıq şəkildə bildirilib. Bunun üçün onların Bakıya nümayəndə heyəti göndərməsinə ehtiyac yoxdur. İrəvana nümayəndə heyəti göndərmək isə ona görə lazımdır ki, Üçtərəfli Bəyanat bütün hallarda Ermənistanla da imzalanıb. Üçüncü tərəf olan Ermənistana rəsmi olaraq məlumat verilməlidir.  

İndi ortaya başqa ciddi bir sual çıxır. Çünki məsələ heç də hər şey ilk baxışdan göründüyü qədər sadə deyil. Rusiya Qarabağı (Azərbaycanı) tərk edir. Ehtimal ki, tezliklə 102-ci hərbi bazanın Ermənistanı da tərk etmək məsələsi qoyulacaq. Bəs yaranmış boşluğu hansı qüvvələr doldura bilər.

Azərbaycan öz seçimini edib – Türkiyə çoxdan buradadır. Bəs Ermənistan?

Press Klub






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10