Məşhur Məmmədov: “Nə vəd vermişəmsə, yerinə yetirəcəyəm”
Bu gün, 2023-cü il, oktyabrın 3-də ölkə başçısının sərəncamı ilə Məşhur Şahbaz oğlu Məmmədov, respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə, 60 yaşında
“Şöhrət” ordeni ilə təltif edilib. Oxucular üçün maraqlı olacağını nəzərə alıb, 3 il öncə aldığımız müsahibəni qısa ixtisarla sizə təqdim edirik.
Bu günki müsahibimiz Millət vəkili Məşhur Məmmədov hansı maraqlı məqamlara toxundu? Masallıları qarşıda hansı ürəkaçan işlər gözləyir?
1. Məşhur müəllim, Sizinlə parlament seçkisi öncəsi müsahibəmizdən 6 aydan artıq vaxt keçir. Təsəvvürünüzdəki millət vəkilliyi ilə real millət vəkilliyi arasında fərqlər çox oldumu?
-Əslində elə ciddi fərq görmədim. Bilirdim ki, düşündüyümdən daha ağır və məsuliyyətli bir işin altına girirəm. Bilirdim ki, daha çətin, daha şərəfli, daha gərgin çalışmalıyıq ki, hədəflərə nail olaq. Milli Məclisdəki deputatlarla münasibət qurduqca aydın oldu ki, daha ciddi, daha böyük işlər uğrunda çalışmalıyıq. Cənab prezident İlham Əliyev 1-ci iclasda dedi ki, bu günki deputatlar daha böyük məsuliyyətlə çalışmalıdır və inanıram ki, onlar ölkəmizin rifahı üçün əllərindən gələni edəcəklər. Mən də, bir deputat kimi bu məsuliyyəti bütün ciddiliyi ilə başa düşürəm. İnanıram ki, birgə səylərimizlə daha böyük uğurlara imza atacağıq.
2. Başa düşürük ki, pandemiya dövrü görəcəyiniz çox işləri təxirə saldı. Hər halda 6 ayda gördüyünüz hansı iş millət vəkili kimi sizə daha çox fərəh verir?
Öncə bir məqamı xatırladım. Mən seçicilərimə söz vermişdim ki, may ayına kimi onlarla təkrar görüşəcəyəm, lakin pandemiya qadağaları imkan vermədi. Buna baxmayaraq, məktublar, virtual görüşlər, zənglər vasitəsi ilə həmin boşluğu doldurmağa çalışmışam.
Təxirə salınan işim, vədim yoxdur. Nə vəd vermişəmsə, hamısının arxasındayam. Tədricən, reallıqları nəzərə alaraq, təmkinlə, inamla onları icra edirəm və edəcəyəm. Zaman keçdikcə görəcəksiniz ki, seçicilərim qarşısında daim başı uca, üzü ağam.
3. Pandemiyanın ilk aylarında sizin təşəbbüsünüzlə rayonda kütləvi pulsuz çörək aksiyaları keçirildi. İndi vəziyyət daha kritikdir. Bəs niyə həmin xeyriyyəçilik aksiyaları indi keçirilmir?
O vaxt, vəziyyət çətin idi. Xalq belə vəziyyətə tam hazır deyildi. Həmçinin pandemiya hamını qəfil yaxaladığı üçün hakimiyyət hələ hərtərəfli yardım paketi hazırlamamışdı. Bir də fəaliyyətimə yaxşı bələd olan biri kimi yaxşı bilirsiniz ki, etdiyim xeyirxahlıqlar barədə reklamı xoşlamıram. Deputatalığa qədər də çox geniş miqyaslı xeyiryyə işləri görmüşük, indi də görürük, Allah ömür və fürsət versə, gələcəkdə də edəcəyik. Əslinə qalsa, insan etdiyi yardımların reklamından qaçmalıdır
4. Əsasən sizin təşəbbüsünüzlə rayondakı iş adamları bir araya gəlir. İlk addım olaraq, 2 ay öncə yazdığımız kimi (Masallıda “”Uşaq bağçası” intibahı” gözlənilir), 10-dan artıq uşaq bağçasının tikilməsi və təmiri nəzərdə tutulurdu. Vəziyyət nə yerdədir? Ümumiyyətlə bu sahibkarların birliyi bizə daha nələr vəd edir?
Öncə bu təşəbbüsə qoşulan bütün sahibkarlara ürəkdən təşəkkür edirəm. Artıq ilk addımı da atmış və şəhərin mərkəzində 100 yerlik uşaq bağçasının inşasına başlamışıq. Yaxın vaxtlarda Ərkivan və Boradigah qəsəbələrində, Mahmudavar, Yeddioymaq, Köçəkli və digər kəndlərdə yeni uşaq bağçalarının inşasına, yaxud bəzisinin əsaslı təmirinə başlanılacaq. Bu, necə deyərlər, minimum hədəflərdir. Ola bilsin ki, belə bağçaların sayı 10-dan artıq olsun. Bütün imkanlar, reallıqlar ölçülüb biçilir. Çalışırıq ki, haylü-küylü vədlər olmasın. Nə isə dəqiq edə biləcəyik, o iş imkanlarımız daxilindədir, o barədə də öhdəlikıər götürək. Saytınıza müsahibə şansıdan istifadə edib, rayonumuzdakı bütün imkanlı şəxsləri belə xeyirxahlıqlara çağırıram.
5. Hazırda rayonda yerləşən, sahibləri kənarda yaşayan 1000-dən artıq boş ev var. Bu binalardan uşaq bağçası, həkim məntəqəsi və sair sosial obyekt kimi faydalanmaq planları varmı?
Bu həqiqtən ciddi və olduqca həssas problemdir. İnsan on min manatlarla xərc çəkir, min arzu ilə ev tikir. Bu onun mülkiyyətidir. Toxunulmazdır. Lakin bir rayonda yüzlərlə evin illərlə istifadəsiz qalması, hətta yararsız halı düşməsi də arzu olunan deyil. Digər bir məqama da diqqət çəkək. Tutaq ki, 10 adam evini könüllü şəkildə uşaq bağçası, yaxud tibb məntəqəsi kimi istifadə üçün bağışladı, ya da icarəyə veridi. Axı bunun ildə on min manatlarla da yemək, təchizat, ştat və sair xərcləri də var. Və bu işlər bir günlük, beş günlük edilmir ki, təsadüflərin ümidinə qalsın. Biz hər kəsin haqqına hörmətlə yanaşmalıyıq. Belə işlərin dəqiq mexanizmini tapmalıyıq.
6. Bu gün həm də rayonda çox ucuz qiymətə özəlləşdirilən, lakin faktiki istifadə edilməyən onlarla bina var? Belə obyektlərin canlandırılması üçün nə etmək olar?
Əslində bu sualın cavabın əvvəlki cavabımda qismən verdim. Belə mülklərin qorunması Konstitusiyamızda öz əksin tapıb. Bu işdə zor və tələskənlik olmaz. Problemi doğuran səbəblər araşdırılmalıdır. Hansı sahibkar istər ki onun yüz min manatlarla dəyəri olan mülkü illərlə istifadəsiz qalsın. Bax, buradan bəyan edirəm. Həmin istifadəsiz qalmış mülklərinizi canlandırmaq üçün sizə uzun müddətli kredit lazımdırsa, sənədləşmədə-filanda hər hansı maneə, əngəllər varsa, var qüvvəmlə çalışıb həmin şəxslərə yardımçı olmağa hazıram. Əgər sizə güzəştli kreditlər lazımdırsa, maraqlı, prespektivli, gələcəyə hesablanmış layihələr təqdim edin və bizə güvənin.
7. Milli Məclisdə bir sıra təkliflər səsləndirmisiniz. Onlardan hansı reallaşıb və ya reallaşmaq üzrədir?
Milli Məclisin bir görünən tərəfi var, bir də çox görünməyən. Məsələn, daimi komissiyalar. Burada olduqca qızğın mübahisələr gedir. Hər deputat seçildiyi rayonla bağlı hansısa problemi həll etmək istəyir. Heç bir təklif diqqətdən kənarda qalmır, qeydə alınır, diqqətlə öyrənilir. Elə təkliflər var 1 aya, eləsi var bir neçə aya, eləsi var bir neçə oxunuşdan sonra bir ilə həllin tapır. Mənim dilimdən eşitdiyiniz və eşitmədiyiniz bir sıra təkliflər də zamanında öz həllini tapacaq. Hazırda onu deyə bilərəm ki, təhsil, səhiyyə və sığorta ilə bağlı çox ciddi islahatlara təkan verəcək layihələr üzərində işlənilir. Mənim də təkliflərim sırasında olan erkən nikahla bağlı çox mükəmməl qanun hazırlanır. İllərlə cəmiyyətin baş bəlasına çevrilən erkən nikahların baş verməməsi və törətdiyi fəsadlarının kökünün əsaslı şəkildə kəsmək üçün daha kəskin və düşünülmüş addımlar atmalıyıq. Çünki bu bəla həm də təhsilin və gender bərabərliyinin bəlasına çevrilir.
Müsahibənin 2-ci hissəsində nələri oxuyucaqsınız?
-Masallının qədim hamamı təmir olunacaqmı?
-Niyə dünyadakı masallılı sahibkarları virtual məkanda belə bir yerə yığmaq olmur?
- Xeyriyyə təşkilatlarının adı ilə özünü reklam edənlər və halal xeyriyyəçilər barədə nələri eşidəcəksiniz?
- Millət vəkili rayonda vətəndaş cəmiyyətini və mətbuatı necə görmək istəyir?
- Millət vəkili hər gün neçə məktub alır və həmin məktublar ona necə çatır?
- Doğrundamı Masallıda paklıq siyasətinin 2-ci dalğası olacaq?
Zahir Əmənov