Astarada orta yaşlı qadın ehtiyatsızlıq ucbatından su anbarında boğulub.
APA -nın cənub bürosunun verdiyi məlumata görə, bu gün səhər saatlarında rayonun Kijəbə qəsəbəsində Dürriyə kənd sakini, 1971-ci il təvəllüdlü Ağabacı Canhəsən qızı Məmmədova həyat yoldaşı ilə birgə İran İslam Respublikasına getmək üçün avtobus gözləyən zaman əl-üzünü və ayaqqabılarını yumaq istəyib. Yaxınlıqdakı Lovayın su anbarına gedən qadının gec qayıtmasından narahat olan Bəşir Əzizov oraya yaxınlaşanda A. Məmmədovanın su üzərində cansız bədəni ilə rastlaşıb. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran filialına təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.