Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Böyük müharibə planı və dəyişən ritorika


Bakı öz ziyanına olaraq başqasının oyununu oynayarmı?

“Bakı Ermənistandan keçməklə Naxçıvana quru dəhlizin yaradılması üçün hər hansı zorakı addım atmaq niyyətində deyil”. Bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Onun sözlərinə görə, Azərbaycan ancaq Ermənistandan keçməklə (Zəngəzur dəhlizi) Naxçıvanla nəqliyyat əlaqəsi yaratmaq istəyir ki, bu da “həm hər iki ölkəyə, həm də bütün regiona fayda verəcək”.

“Azərbaycanın Ermənistanın suveren ərazisində heç bir hərbi məqsədi və ya hədəfi yoxdur, bu, Azərbaycanın gündəmindən kənardır”, – Hacıyev Reuters agentliyinə bildirib.

Əliyevin köməkçisi əlavə edib ki, Bakı İrəvana nəqliyyat və kommunikasiya xətlərinin çəkilməsi məsələsini ancaq sülh yolu ilə həll etməyi təklif edir.

Azərbaycan prezidenti İlham Əliyev bundan bir müddət əvvəl bildirmişdi ki, Azərbaycan ərazisində Zəngəzur dəhlizinin yaradılması ilə bağlı işlər çox güman ki, 2024-cü ilin sonuna qədər yekunlaşacaq.

Maraqlıdır ki, Qarabağda baş verən son hadisələrdən sonra Azərbaycan hakimiyyəti Sünik (Zəngəzur) ilə bağlı çıxışın tonunu kəskin şəkildə dəyişib. Cəmi bir neçə ay əvvəl hökumət rəsmilərinin ritorikasında Ermənistanın İran sərhədi yaxınlığında Araz (Araks) çayı boyunca dəmir yolu və avtomobil yolunun çəkilməsinə razılıq vermədiyi təqdirdə Zəngəzur dəhlizinin güc yolu ilə çəkilməsinin mümkünlüyü ilə bağlı eyhamları aydın görünürdü.

Buna görə də, bir çox müşahidəçilər narahatlıqlarını ifadə edirdilər. Çünki hadisələrin belə bir inkişafı Azərbaycanın beynəlxalq hüququ, Ermənistanın hamı tərəfindən tanınmış əraziləri üzərində suverenliyini pozması demək olacaqdı və böyük regional müharibə ilə nəticələnə bilərdi. Amma indi – bütün Qarabağ ərazisi üzərində nəzarət bərpa ediləndən sonra Azərbaycan hakimiyyəti nədənsə, Ermənistan ərazisindən dəhliz çəkmək marağını kəskin şəkildə itirib. Üstəlik, bu dəhlizin çayın o biri sahili ilə, yəni İran ərazisindən keçə biləcəyi barədə bəyanatlar getdikcə daha çox eşidilir. Maraq birdən birə niyə itib? Nə baş verir? Qarabağdakı son antiterror əməliyyatları ilə Zəngəzur dəhlizinin konkret olaraq Ermənistan ərazisindən keçməsi təkidinin itməsi arasında hansı əlaqə var?

“Açığını desəm, Azərbaycanın Zəngəzur dəhlizinə marağının itdiyini düşünmürəm”. Bunu Pressklub.az-a açıqlamasında Gürcüstan Strateji Təhlil Mərkəzinin (GSAC) aparıcı eksperti Gela Vasadze bildirib.

Onun fikrincə, təbii ki, buna maraq var, amma məsələ qiymətdədir.

Əgər biz Ermənistanla bütün kommunikasiyaları, o cümlədən haqqında danışdığımız kommunikasiyaları açacaq sülhdən danışırıqsa, əlbəttə ki bu, bütün tərəflər üçün doğru və faydalı olardı. Amma əgər söhbət Moskvanın və məncə təkcə Moskvanın deyil, Qərbdəki bəzi digər qüvvələrin də istədiyi kimi Azərbaycanı yeni regional münaqişəyə cəlb etməkdən gedirsə, məncə, burada şanslar sıfıra yaxındır.

Bakı öz ziyanına olaraq başqasının oyununu oynamayacaq. Üstəlik, sülh onsuz da bağlanacaq. Bu da o deməkdir ki, bütün hallarda Ermənistanla nəqliyyat kommunikasiyaları açılacaq”, – gürcü analitik hesab edir./pressklub 

Rauf Orucov






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10