Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Evlənmək üçün ideal yaş - bəs sağlamlıq?



Sosioloq: “Bəzən oğlanlar 30-32 yaşda da evlənmək istəmir, mükəmməlçi olurlar və...”

Araşdırmalar göstərir ki, insanın evləndiyi yaş qurulan evliliyin keyfiyyətinə təsir edə bilər. Əlbəttə, orta məktəbdən və ya hətta kollecdən dərhal sonra evlənmək, ümumiyyətlə, yaxşı fikir deyil. Lisenziyalı klinik sosial işçi Kelsey Torgerson ailə həyatı qurmağa hazırlaşan şəxslərə deyir ki, insanlar evlənmək üçün ən azı 25 yaşına qədər gözləməlidirlər. Niyə?

Onun fikrincə, 25 yaşından əvvəl beyin tam inkişaf etmədiyi üçün insan həyat yoldaşı olaraq necə birini həyatında istədiyinə hələ əmin ola bilməz. Ən azı 25 yaşına qədər gözləmək gənc cütlüyə həm yaxşı, həm də pis vaxtlarda uyğun olub-olmadıqlarına aydınlıq gətirəcək, çətinlikləri birlikdə yaşamaq üçün vaxt verəcək.

Münasibətlər üzrə ixtisaslaşmış terapevt Veena Cullins isə bildirib ki, 28 yaşlı qadınlar özlərinə inamları, özünü dərk etməsi və həyat təcrübələri sayəsində sağlam evliliyə daha çox hazır olurlar. Digər tərəfdən, o, kişilərin 32 yaşında, yetkinləşib karyerasına başlayanda ailə qurmasının ən münasib zaman olduğunu deyir. Yəni ideal evlilik yaşının 28 və 28-dən yuxarı olduğu göstərilir.

Maraqlıdır ki, 25 yaşdan yuxarı ailə quranların 5 il ərzində boşanma ehtimalı daha aşağı yaşda evlənənlərə nisbətən 50 faiz azdır. Ailə Araşdırmaları İnstitutundan Nicholas H.Volfinger tərəfindən aparılan araşdırmaya görə, boşanma nisbətləri təxminən 30-34 yaşlarında ilk dəfə evlənən insanlar üçün ən aşağıdır.

Bəs 35 və ya daha yuxarı yaşda ilk dəfə ailə quran insanlar haqqında nə demək olar? Volfinger bu insanların bəzilərinin şəxsiyyətlərarası çətinliklər səbəbi ilə tərəfdaş tapmaqda çətinlik çəkdiyini və eyni səbəbdən boşanma ehtimalının daha yüksək ola biləcəyini təklif edir. Lakin bütün ekspertlər bununla razılaşmır. Merilend Universitetinin sosioloqu Filip Cohen qadınların 45-49 yaşları arasında ilk dəfə evləndikdə boşanma ehtimalının ən az olduğunu və boşanmanın ən vacib proqnozlaşdırıcısının olduğunu göstərən bir model təqdim edir. Təhsil səviyyəsi yüksək olanların, universitet məzunlarının boşanma nisbətləri daha aşağıdır.

Evlilik üçün ideal yaş öz yerində, bəs sağlamlıq faktoru? Məsələn, belə bir “daşlaşmış” qənaət var ki, gec ailə quran qadınların sağlam övlad dünyaya gətirmək şansı azalır, çünki zamanla yan xəstəliklər meydana çıxa bilər, qadının reproduktivlik dövrü isə çox da böyük deyil.

Şübhəsiz, xoşbəxt olmağın vahid resepti yoxdur.

“Qeyd olunan statistikaların hər birinin bir məqsəd güddüyünü düşünürəm. Çünki heç bir statistika məqsədsiz aparılmır. Xüsusilə böyük universitetlərin, institutların, araşdırma mərkəzlərinin statistikalarının hər birinin altında gizli məqsədlər var”.

Bu sözləri “Yeni Müsavat”a açıqlamasında sosioloq Lalə Mehralı bildirib. Sosioloq qeyd edib ki, qadınlar üçün 23, kişilər üçün isə 25 yaş evlilik üçün ideal dövrdür:

Ət festivalı - SOSium | TVPress

Lalə Mehralı 

“28-30 yaş arası evlilik tərəfdarı olan hansısa araşdırmaçı, mütəxəssis bunu əsaslandırmalıdır, sadəcə, şablon sözlərlə ifadə etməməlidir ki, bu yaşda evlənənlər arasında boşanmaların sayı az olur, daha dayanıqlı ailə qurulur və sairə. Bu məsələ fərddən asılı olaraq dəyişir.

Ümumilikdə 28-30 yaşında evlənən qadın ailə qurmağa gecikmiş sayılır. Hesab edirəm ki, qadın üçün ideal evlilik yaşı 23-dür. Bu yaş dövründə qadın artıq universitetin bakalavr səviyyəsini bitirir, işləmək iqtidarında olur. Bundan sonra təhsil səviyyəsini artırmaq, magistaturaya və digər pillələlərə daxil olmaq istəyirsə, bunu ailə həyatı qurduqdan sonra da edə bilər. Ailə həyatı buna mane deyil və ətrafımızdan da görürük ki, məqsədi, məramı, hədəfi olan insan üçün heç nə mane deyil. Sadəcə, bəzi insanlar “ailə həyatı qurdum, təhsilim və yaxud karyeram qaldı” kimi bəhanələrə sığınır. Bir daha qeyd edirəm, istəyən hədəfinə çatar.

Oğlanlar üçün isə hesab edirəm ki, 25-27 yaş evlilik üçün ideal yaşdır. Çünki oğlanlar universiteti bitirdikdən sonra iş təminatı reallaşır və sabit gəliri tənzimləndikdən sonra evlilik barədə düşünür. Bu da təxminən 25 yaş dövrünə gəlib çıxır.  

Bəzən oğlanlar 30-32 yaşa qədər subay qalırlar. Bu yaşda da artıq bir çoxu evlənmək istəmir, mükəmməlçi olur, hər şeyin ən yaxşısını istəyir, qarşı tərəfə qarşı kriteriyaları, şərtləri çox olur. Eləcə də qadınlarda bu cür olur. Və bildiyimiz kimi, ideal insan yoxdur, ona görə də bəzən bu yaşdan sonra evlilik alınmır. Buna görə həyatımızın qarşımıza çıxartdığı şanslardan vaxtında istifadə etmək lazımdır. Karyeranı necə inkişaf etdiririksə, ailəni də o cür inkişaf etdirməliyik".

Tanınmış mama-ginekoloq həkim Rəşad Sultan isə mövzu ilə bağlı qeyd edib: “Ginekologiya elmi baxımından evlilik və hamiləlik üçün ideal, yaş baxımından risksiz dövr 20-35 yaş aralığıdır. 20 yaş altı hamiləliklərdə erkən doğuş riski  3 dəfə artıq olur. 35 yaşdan sonra isə ümumiyyətlə yumurtalıq rezervi sürətlə azaldığına görə hamilə qalmaq qabiliyyəti də azalır.

Hamiləlikdə isə düşük, erkən doğuş, preeklampsiya, vaxtından qabaq doğuş riskləri artır. Uşaq baxımından da başda daun sindromu olmaqla, qüsurlar daha çox görülür".

Xalidə GƏRAY
“Yeni Müsavat”






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10