Mənim müşahidəmə görə, Azərbaycanda xalqın böyük əksəriyyəti Qarabağda baş verən köklü dəyişikliyin Azərbaycan dövləti və xalqı üçün nə demək olduğunun fərqində deyil. İnsanlarımız olayın miqyasını təsəvvür edə bilmirlər. Söhbətin nədən getdiyini bəsit şəkildə izah etməyə çalışacam. Sadəcə qısa və konkret bir misal çəkəcəm. Ümid edirəm ki, bu misal üzərində təsəvvürlərə bir az aydınlıq gələcək.
Məlumdur ki, “ASALA” terror təşkilatının “ASALA-RM” qanadının qurucusu, "Avo" ləqəbli Monte Melkonyan ermənilər üçün bir əfsanədir. Amerikada doğulmuş və sonradan məşhur terrorçuya çevrilmiş bu şəxsin dillər əzbəri olan bir fikri var: “Əgər biz Qarabağı itirsək, erməni tarixinin son səhifəsini çevirmiş olacağıq”.
Yəni, Qarabağın əldən getməsi ilə ermənilərin mövcudluğuna son qoyulur. O deyirdi ki, Qarabağdan sonra türklər Zəngəzur və Ermənistanın digər bölgələrinə doğru irəliləyəcəklər.
44 günlük müharibədəki məğlubiyyətdən sonra erməni analitiklər Monte Melkonyanın bu fikrini tez-tez sitat kimi önə çəkirlər. Onlar deyirlər ki, 2020-ci il atəşkəs sazişindən sonra Azərbaycanın “Zəngəzur dəhlizi” məsələsində təkid etməsi və 2020-2021-ci illərdə sərhəd böhranı zamanı Azərbaycanın Ermənistan Respublikasının suveren ərazisinə girməsini nəzərə alsaq, Monte Melkonyanın uzaqgörənliyinə bir daha əmin ola bilərik.
Bəli, o, keçmiş Dağlıq Qarabağın taleyini bütün erməni xalqının uzunmüddətli təhlükəsizliyi üçün həlledici faktor hesab edirdi.
Ermənilər Qarabağı itirdilər. Monte Melkonyanın obrazlı şəkildə dediyi kimi, erməni tarixinin sonuncu səhifəsi çevrildi. Kitab bağlandı. Erməni nağılının davamı olmayacaq.
Monte Melkonyanı Qarabağda öldürdüyümüz kimi, erməni faşizmini də Qarabağda dəfn etdik. Məsələ bitdi. Rahat olun. Sadəcə bitmiş məsələnin başa çatması və rəsmiləşməsi üçün kiçik zaman fasiləsi lazımdır. 44 günlük müharibədən sonra 3 il səbirlə gözlədik. Qarabağda antiteror əməliyyatını isə cəmi 1 günə keçirdik. İndi isə söhbət illərdən və aylardan yox, günlərdən gedir. Yaxın günlərdə hər şey öz yerini alacaq...
Onu da deyim ki, sentyabrın 25-də Azərbaycan parlamentində “Qərbi Azərbaycan”la bağlı dinləmələr olacaq. Ermənistan mətbuatı yazır ki, Azərbaycan Süniki ələ keçirmək fikrindədir. Bu məqsədlə də azərbaycanlıların Zəngəzur mahalının Sünik mərzinə və Dərələyəz mahalının Vayots dzor mərzinə geri köçürülməsi ilə bağlı müzakirələrə start veriləcək.
Yəni, Ermənistanın kitabı bağlanıb, Azərbaycan isə təzə fəsilin ilk hissəsini yazmaqdadır...
Elbəyi Həsənli
Mia.az