İstər 1-ci, istər 2-ci Qarabağ savaşında onlarla şəhid verən, həmişə misilsiz igidlikləri ilə qəhrəmanlıq göstərən masallılı gənclər antiterror əməliyyatlarında da fəal iştirak ediblər.
Ürək ağrısı ilə qeyd edək ki, artıq Masallının 7 şəhidi var.
Onlardan 2 nəfəri Bakıdan hərbi xidmətə çağırıldıqları Binəqədi və Nərimanov rayonlarında dəfn olunublar.
Dünən, sentyabrın 20-də isə Masallıda 2 şəhidimiz dəfn edildi.
Səhər saatların Masallı şəhər qəbiristanlında Sənan Mirzəyev torpağa tapşırıldı.
Həmin gün axşam tərəfi isə Xırmandalı kəndi 13-cü şəhidini, Şəmistan Yusiflini dəfn etdi.
Məlumat üçün qeyd edək ki, Şəmistan Yusiflinin 25 yaşı var idi. 4 bacının yeganə qardaşı idi.
Müəllimlərinin dediyinə görə, Şəmistan çox zehinli, yaddaşlı gənc olub. Belə ki, dərsin əvvəlində tanış olmadığı mətni 10 dəqiqə oxumağı kifayət idi ki, həmin mövzunu yüksək səviyyədə danışsın. Sonralar ölkənin ən nüfuzlu ali məktəblərindən biri olan H. Əliyev adına Hərbi məktəbinə daxil olub, oranı uğurla bitirib. Baş leytenant idi. 2-ci Qarabağ savaşında da igidliklə döyüşmüş, bir neçə medalla təltif olunmuş.
Anasını gənc yaşlarında itirən Şəmistan ailə vəziyyəti çox ağır olduğundan hətta təqaüdünü də atasına göndərirdi.
Şəmistan Yusiflinin dəfnində Masallı RİH-nin Başçısı Araz Əhmədov, millət vəkili Məşhur Məmmədov, din xadimləri, hüquq mühafizə orqanlarının, digər idarə və müəssislərinin rəhbərləri, ictimaiyyətin nümayəndələri iştirak etdi.
Şəmistanın dəfnindən qayıtdıqdan sonra xəbər yayıldı ki, Masallıya daha bir şəhid gətirilir- Eltac Əhədov.
Ailənin yeganə oğlu olan Eltac Əhədov gənc yaşlarında anasını itirdiyi üçün Çaxırlı kəndində yaşayan dayısının himayəsinə verilib.
Hazırda şəhidin ata yurdunda - Təzə Alvadı kəndində, yaxud təhsil aldığı, dayısının yurdunda (Çaxırlı kəndində) dəfn olunması ilə bağlı kiçik mübahisə yaranmışdır. Məsələyə aydınlıq gəldikdən sonra şəhidimiz dəfn ediləcək.
Dünən gecə saatlarında daha bir şəhid xəbəri gəldi. Belə ki, Ərəb kəndindən olan müddətdən artıq hərbi qulluqçu Babayev Sahil Sarıbala oğlu da şəhidlik zirvəsinə ucaldığı bəlli oldu.
Son olaraq bu gün səhər saatlarında Sığıncaq kəndindən olan Abbasov Mehdi Əmrah oğlunun şəhid olması xəbəri gəldi.
Allah şəhidlərimizi rəhmət eləsin.
Cenub.az, Faiq Hüseynzadə