Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Növbəti mərhələdə Qarabağın erməni sakinlərinin reinteqrasiyası həll edilməlidir” – SABİQ NAZİR


Tofiq Zülfüqarov:  “Kim istəyirsə, Azərbaycan vətəndaşlığını qəbul etsin, qanunlara tabe olsun, yaşasın, kim istəmirsə, çıxıb gedə bilər, yol açıqdır”

Qarabağda Azərbaycan Ordusunun keçirdiyi lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olunub. Azərbaycan Müdafiə Nazirliyindən bildirilib ki, Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq 2023-cü il sentyabrın 20-də saat 13:00-da aşağıdakı şərtlər altında lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olunub:

- Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır.

- Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir.

- Yuxarıda qeyd olunan proseslərin Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirilmiş şəkildə həyata keçirilməsi təmin edilir.

Qeyd edək ki, Azərbaycan əməliyyat tədbirlərinin yalnız Qarabağdakı erməni silahlılarının təslim olması şərti ilə dayandırılacağını bəyan etmişdi. İndi verilən qərar onu deməyə əsas verir ki, qondarma rejim tam təslim oldu.

Diplomat, sabiq xarici işlər naziri Tofiq Zülfüqarov AYNA-ya müsahibəsində bildirib ki, belə bir qərar gözlənilən idi.

- Birincisi onu qeyd etmək lazımdır ki, bu, xüsusi hədəflərə qarşı lokal xarakterli əməliyyat idi və genişmiqyaslı müharibə olacağı onsuz da gözlənilmirdi. Azərbaycanın antiterror tədbirindən başqa yolu qalmamışdı. Çünki Qarabağda Rusiya “sülhməramlılarının” müvəqqəti məsuliyyət zonasında qalmış Ermənistan ordusunun dəstələri və qondarma rejimin “müdafiə ordusu”nun qalıqları yeni taktika seçmişdilər. Bu taktika da hərbi müqavimət taktikası idi. Belə güman edirdilər ki, ilkin mərhələrə rus qoşunları onların müdafiəsini təşkil edəcəklər,  onlar da həmişə olduğu kimi, yenə də rusların arxasından Azərbaycana qarşı terror aktları törədəcəklər. Amma biz gördük ki, vəziyyət dəyişib, Qarabağdakı qanunsuz silahlıları, xunta rejimini Rusiya müdafiə etmir, yaxud da edə bilmir. Bunun müxtəlif səbəbləri var, əsas səbəb isə odur ki, Rusiyanın ermənilərə ciddi dəstək vermək imkanları yoxdur. Bəlkə də heç Moskvanın buna istəyi də yoxdur.

Azərbaycan müşahidə etdi ki, bu dəstələr “hərbi müqavimət” cəhdi göstərirlər. Hər zaman olduğu kimi, bu dəfə də terrordan istifadə etdilər. Azərbaycan məcbur idi ki, bu addımı atsın. Beynəlxalq təcrübədə də var ki, dövlət terror aktlarına cavab verməlidir. Azərbaycan da bu addımı təbii olaraq atdı.

Əminəm ki, bu zərbələr nəticəsində onlara dəyən ziyan çox oldu. Əvvəl hardasa gələcək barədə diskussiyalar aparırdılarsa, artıq bu diskussiyalar yas mərasimlərində olacaq. İndi Qarabağdakı erməni silahlılarını  bu yola sürükləyən radikallar cavab verməlidirlər ki, nəyə görə hadisələri bu səviyyəyə gətirib çıxardılar.

- Bu əməliyyatın belə nəticələnəcəyi gözlənilən idimi?

- Mən əvvəldən də inanmırdım ki, genişmiqyaslı müharibə olsun. Mövqelər tutuldu, döyüş mövqelərinin nəzarətə alındığı açıqlandı. Demək olar ki, Qarabağda Azərbaycanın suverenliyinin bərpası istiqamətində böyük addım atıldı. Yəni ki, Xankəndidə Azərbaycan bayrağının dalğalanmasını görəcəyik.

- Qarabağdakı separatçılar İrəvana kömək üçün çağırış etdilər, amma Paşinyan hökumətindən mənfi cavab gəldi. Ermənistan məsələyə qarışmaq gücündə deyil, yoxsa qarışmaq istəmədi?

- Paşinyan indi çox çətin vəziyyətdədir. Əgər Ermənistan Azərbaycana qarşı hansısa hərbi addım atsa, layiqli cavab alacaqdı. Bunu İrəvandakılar yaxşı bilirlər. İndi Ermənistanda maraqlı vəziyyət yaranıb: İrəvana mer seçkiləri göstərdi ki, Paşinyanın əhali arasında dəstəyi azalıb. Nikol indi populist addımlar atmasa, tənqid hədəfinə çevriləcək. Populist addım atsa isə yeni itkilərlə qarşılaşacaq. Bu baxımdan, Paşinyanın vəziyyəti mürəkkəbdir.

- Demək olarmı ki, Xankəndidə suverenliyimiz bərpa olundu. Müdafiə Nazirliyinin rəsmi açıqlamasında “Konstitusiya quruluşunun bərpası” ifadəsi var idi...

- Bizim məqsədimiz ərazilərimizdə etnik təmizləmə aparmaq deyil, suverenliyimizin tam bərpasıdır. Azərbaycan elan edib ki, Qarabağın erməni sakinləri vətəndaşlığımızı qəbul etsinlər, birgəyaşayış olsun. Reinteqrasiya prosesi də bəyan edilib. Bizim siyasətimiz buna yönəlib. Amma təəssüf ki, “sülhməramlıların” nəzarət etdiyi bölgədə işğalçı adminstrasiyanın “strukturları” qalıb. Söhbət həm hərbi strukturlardan gedir, həm də xunta şəklindəki “siyasi qurumlardan” gedir. Məsələ burasındadır ki, Qarabağdakı rejim tam şəkildə Ermənistanın dövlət büdcəsindən maliyyələşir. Ordakılar Ermənistanın hərbçiləridir, Ermənistanın “məmurlarıdır”. Çünki Ermənistan büdcəsindən maaş alırlar. Bizim əməliyyatda, hansısa güc tətbiq etməkdə əsas məqsədimiz ondan ibarətdir ki, Qarabağda xuntanın girov saxladığı insanları azad edək. Ona görə də rəsmi Bakı tələb edir ki, Qarabağdakı qeyri-qanuni qurum fəaliyyətini dayandırsın, qanunsuz silahlı dəstələr silah-sursatlarını təhvil verib ərazini tərk etsinlər. Bundan sonra Azərbaycan Qarabağda yaşayan erməni əhali ilə reinteqrasiya prosesini davam etdirəcək. Bizim mövqeyimiz tam şəkildə beynəlxalq qanunlara uyğundur.

Bəziləri deyirlər ki, İkinci Qarabağ müharibəsini belə bitirməli deyildik, sonadək getməli idik, Xankəndidə bayrağımızı qaldırmalı idik və s. Başa düşməliyik ki, belə etsəydik, o zaman dövlətimiz zərbə altında qalacaqdı. Baxın, yüz ildən çox vaxt keçib, amma “erməni soyqırımı” mövzusu hələ də Türkiyəyə qarşı istifadə olunur. Nəzərə almaq lazımdır ki, Azərbaycana qarşı beynəlxalq aləm tərəfindən ikili standarlarla yanaşmalar mövcuddur. Onların bəyanatlarında bunları açıq şəkildə görürük. 2020-ci ildə Xankəndi ilə bağlı hansısa addımları atsaydıq bundan Azərbaycana qarşı istifadə olunacaqdı.

- Bu dəfə istifadə edilməyəcək?

- Azərbaycan nə edir ki, ona qarşı bundan istifadə edilsin?! Sadəcə xüsusi hədəflərə zərbələr endirildi. Azərbaycan mülki əhaliyə qarşı əməliyyat aparmadığını bəyan etdi, mülkilərə toxunulmadı. Eyni zamanda, qanunsuz silahlılara təslim olmaq, silahlarını rus hərbçilərinə təhvil vermək tələb olundu ki, buna da nail olundu. Əslində qalsa Üçtərəfli Birgə Bəyanatda göstərilir ki, erməni hərbçilər tərksilah olunmalıdır, bunu da “sülhməramlılar” həyata keçirməlidirlər. Dünən ultimatum verildi ki, silahlarını təhvil versinlər, əks halda, Azərbaycan əməliyyatla onları tərksilah ediləcəklər. Onlar da bu ultimatumdan görünür ki, nəticə çıxardılar. Bu siyasət beynəlxalq qanunlara uyğun siyasətdir. Ona görə də Azərbaycana qarşı bundan hansısa formada istifadə cəhdləri olsa da, effekt verilməyəcək.

Növbəti mərhələ reinteqrasiya məsələsinin həllidir. Əsas məsələ odur ki, Qarabağda yaşayan erməni sakinlər sərbəst seçim etsinlər. Yəni kim istəyirsə, Azərbaycan vətəndaşlığını qəbul etsin, qanunlara tabe olsun, yaşasın, kim istəmirsə, çıxıb gedə bilər, yol açıqdır. Sabah Yevlaxda görüş keçiriləcək. Görək bu danışıqlardan hansı nəticə əldə olunacaq. Azərbaycan dövləti onların təhlükəsizliyini təmin etməyə hazırdır və bu barədə bəyanatlar ən yüksək səviyyədə səsləndirilib. Bu da beynəlxalq qanunlara tam uyğundur.

Anar Bayramoğlu 






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10