Sovet dövründə bir siyasi lətifə vardı, çox populyar idi, hər yerdə danışıb gülürdülər. Lətifə antisovet səciyyəliydi, əslində buna görə Stalinin vaxtı olsa, adamları tutardılar, amma ta Brejnevin vaxtıydı, vintlər xeyli boşalmışdı, belə şeylərə görə adam tutmağa məsul olanlar da gülürdülər, amma bərkdən yox, eləcə qımışırdılar.
Xüləs, lətifə beləydi: Hər dəfə sovet rəhbərləri siyasi bürönun iclasından çıxandan az sonra DTK xəbər gətirir ki, bəs indicə “Amerikanın səsi” iclasda nəyin müzakirə olunduğu, hansı qərar qəbul edildiyi barədə xəbər yayıb. Brejnev və MK katibləri hiddətlənirlər, bir-birinə baxırlar və deyirlər, yəqin aramızda çuğul (bu sözün rusca qarşılığı daha yaxşı və ifadəli səslənir, amma eldən ayıbdır deyə yazmıram) var, bizim başımız müzakirəyə qarışanda çıxıb xəbərçilik edir. Rəhbərlər nə illah edirlər, “Amerikanın səsi”nin Kremldən iç xəbərlər verməsini durdura bilmirlər. Axırda Brejnev növbəti iclasa başlayanda əmr edir ki, toplantı davam etdiyi vaxt nə bir adam içəri girəcək, nə bir adam bayıra çıxacaq. Hamı xəbər sızmasının qarşısının alınması üçün bununla razılaşır. İclas başlayır. Çərənçi MK katiblərinin zəvzəməsi uzun çəkir, iclasın ortasında Brejnevin qarnı bərk ağrıyır, amma ta öz əmri olduğu üçün iclası tərk edə, özbək qardaşların sözü olmasın, hoyatxanaya (yəqin ki, həyat sözündəndir, yaxşı sözdür) gedə bilmir. Qarınağırısı keçmir və dözülməz olur, Brejnev fikirləşir ki, 2-3 dəqiqə də dözsün. Amma tualetin içərisindəki 1 dəqiqə ilə bayırındakı 1 dəqiqənin arasında 600 saniyə fərq olduğu üçün təntimiş ahıl rəhbər daha çox dayana bilmir, büzmə funksiyası daşıyan əzələlər boşalır, klapan açılır və liderimiz özünü batırır. Ağsaqqal bu biabırçılıqdan necə qurtaracağını fikirləşərkən qapı açılır, mühafizəçilər və xidməti personal girirlər içəri - əllərində də ləyən və su qabı. Onlar Brejnevə yaxınlaşanda rəhbər soruşur: “Hardan bildiniz”? Mühafizənin şefi deyir ki, “Amerikanın səsi” xəbər verdi.
İndi onun sözü olmasın, “Amerikanın səsi” xəbər verib ki, Çeçenistanın rəhbəri Ramzan Kadırov komadadır. (Əslində ayrıca götürülmüş bir bölgəfə fironluq etdiyinə görə ona Ramzes də demək olar).
Rusiyanın özündə bu barədə məlumatı olan, olsa da, yayan yoxdur. Amma xarici radiolar, saytlar elə yazırlar. Onlar da bunu öz yanlarından yazmırlar, belə xəbərləri onlara öz dövlətlərinin kəşfiyyatı verir. Çoxdan məlumdur: xarici xüsusi xidmət orqanlarının Kremldə, dövlət aparatında casusları var (ingilislər “spay” deyir, bizdəki “sıpa” kimi səslənir). Bax, həmin casuslar Rusiyada nə məxfi və maraqlı şeylər olsa, anındaca çatdırırlar amerikoslara. Onlar da servis edir leqal xəbərçilərə.
İndi Kadırovun komada olması xəbəri belə bir informasiya dövriyyəsindən keçib gələrək ictimaiyyətə əyan olub.
Oxşayır ki, yalan xəbər deyil. Çünki Ramzan son vaxtlar heliumlu şar kimi şişmişdi, adama elə gəlirdi ki, buraxsalar, Moskva olimpiadasının “Mişka”sı kimi göyə qalxar.
Bir də sanki onun beynində nəsə bir proses gedirdi, ətrafını yığır, yeniyetmə uşaqlar kimi bir sakit meşəlikdə “müharibə-müharibə” oynayır, klip çəkib yayırdı. Nə ehtiyac vardı, bilinmirdi. Əgər səni öndən düşmənə hücum edən yerdə çəkirlərsə, o deməkdir ki, mülki operatorlar səndən qabaqdadırlar və təhlükəsiz məkandadırlar. Yoxsa hansı başıxarab operator düşmənə sarı dalı-dalı gedər və hələ rəhbərin kadrdan çıxmamasına çalışar?
İndi Ramzanın komada olması xəbəri düzdürsə, ən maraqlısı odur ki, birdən-birə buna nə gələr? Bahəddingilin kəndinin həkimi demişkən, ilan vursa, tafsıyardı. Hərçənd deyirlər, onu bu günə qoyan ilan zəhəri deyil, başqa zəhərdir. Yoxsa Kadırov cavan adamdır, sağlam həyat tərzi keçirir, əsl müsəlmandır, içmir, çəkmir, zövcələri də ona yaxşı baxırlar, durduğu yerdə hansı mərəzə mübtəla olsa, dərdinə əlac tapılardı.
Kim bilir, bəlkə İsraildə, Almaniyada, Avstriyada onu sağalda bilərlər? O vaxt dioksinlə zəhərlənmiş Yuşşenkonu, “noviçok”la becərilmiş Navalnını xarici ölkələrdə sağaltmadılarmı? Avropalılar belə zəhər-zəhrimarların zərdabını tapıblar. Elə olsa da, zalım oğlu o qədər tərs-tərs, sərt-sərt danışıb ki, tibbi yaxşı inkişaf eləmiş ölkələr ona şəxsən sanksiya tətbiq ediblər, ölkədən çıxa bilmir.
Nəysə... Gözləyək, görək xarici radiolar çeçenlərin liderindən nə xəbər verir. Əgər xəbər yalan çıxsa, bir daha o radioların saytına girməyəcəm./Müsavat