Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

11 sentyabr serialı: Ölümcül ad günü, naşı terrorçu - Üçüncü təyyarənin hekayəti


Yadigar Sadıqlı

"Deyəsən, o təyyarə Pentaqona çırpıldı..."

11 sentyabr terrorundan 22 il ötür. Bu hadisələr zamanı ələ keçirilən, amma sərnişinlərin müqaviməti üzündən terrorçuların məqsədlərinə çatmadığı dördüncü təyyarə haqqında ötən il məqalə yazmışdım. İndi digər üç təyyarə haqqında da yazmaq qərarına gəldim. Bu məqalə ələ keçirilən üçüncü təyyarə haqqındadır.

*** 

Ümumdünya Ticarət Mərkəzinin qüllələrinə çırpılan iki təyyarə kimi, üçüncü təyyarə də Los Ancelesə uçurdu, amma Bostondan deyil, Vaşinqtondan. “American Airlines” aviaşirkətinə məxsus “Boeing-757” təyyarəsinin marşrutu 77 saylı reys (AA77) adlanırdı. Kapitan Çarlz Berlingeymin və ikinci pilot Devid Şarlebuanın idarə etdiyi təyyarədə 4 stüard və 59 sərnişin vardı.

AA77-ni ələ keçirmək üçün təyin olunan 5 nəfərin hamısı Səudiyyə Ərəbistanı vətəndaşı idi. Qrupa Hani Hancor rəhbərlik edirdi və o, həm də pilot olacaqdı. Ondan əlavə, qrupda Xalid Mihdar, Məcid Moqəd, Navaf və Salem Hazmi qardaşları vardı. Hava limanında onların hamısı CAPP sistemi tərəfindən təkrar yoxlama üçün seçildilər. Amma şübhəli bir şey tapılmadı. 

“Boeing-757”-də biznes və ekonom salonlar vardı. Hancor və Hazmi qardaşlarının bileti biznes salona idi. Mihdar və Moqəd isə ekonom salonda yerlərini tutdular. Təyyarə nəzərdə tutulan vaxtdan 10 dəqiqə gec – saat 08:20-də uçuşa başladı.

Uçuşun başlamasından 30 dəqiqə sonra, 08:50-də kapitan Berlingeym hələ dispetçerlə əlaqə saxlayırdı. Bu zaman Boeing 10 min metrdən yüksəkdə uçur. Pilotun dispetçerlə son əlaqəsindən qısa müddət sonra, 08:51-08:54 arasında təyyarə ələ keçirildi. 

Hadisələrin belə cərəyan etdiyi təxmin olunur. Pilot kabinəsinə daha yaxın oturan Hazmi qardaşları hücum edərək pilotları hədələyir və yerlərini tərk etmələrini istəyirlər. Ehtimal olunur ki, AA77 pilotlarına xəsarət yetirilməyib, kabinədən çıxarmaqla qane olublar. Mihdar və Moqəd isə sərnişinləri və stüardları, eləcə də kabinədən çıxan pilotları hədələyərək, salonun arxa hissəsinə keçməyə məcbur edirlər.

Başqa təyyarələrdə olduğu kimi, burada da pilot funksiyasını yerinə yetirəcək terrorçu bu hadisələrdə iştirak etmir. Çünki onun xəsarət alacağı halda bütün plan pozula bilərdi. Pilotlar kabinədən çıxarıldıqdan və hamı təyyarənin arxa tərəfinə köçürüldükdən sonra Hani Hancor yerindən qalxır və sükan arxasına keçir. Təyyarə 08:54-də öz kursundan yayınmağa başlayır: əvvəlcə cənuba, sonra da şərqə, az əvvəl havaya qalxdığı Vaşinqtona dönür. Terrorçuların hədəfi ABŞ Müdafiə Nazirliyinin binası – Pentaqon idi. 

*** 

08:56-da AA77-nin transponderi söndürülür. Təyyarənin avtopilotu işə salınır və Vaşinqtonun koordinatları daxil edilir. Dispetçerlər təyyarənin ələ keçirilməsini ehtimal etsələr də, onu itirirlər. Onlar AA77-ni son qeydə aldıqları yerdən qərbdə axtarırdılar, təyyarə isə artıq şərqə qayıdırdı. 

Başqa təyyarələr kimi, üçüncü təyyarədən də telefon zəngləri olur. Əvvəlcə stüardessa Rene Mey anasına zəng edir, əhvalatı danışır və “American Airlines” şirkəti ilə əlaqə saxlayaraq xəbər verməsini istəyir. Amma anası şirkətə zəng edəndə orada artıq xəbərdar idilər.

Digər zəng edən tanınmış hüquqşünas və teleşərhçi Barbara Olson olur. O, əslində bir gün əvvəl uçmalı idi. Amma sentyabrın 11-də ərinin, Ədliyyə nazirliyində yüksək mənsəbli məmur (ABŞ-ın Baş solisitoru) Teodor Olsonun doğum günü idi. Buna görə də, heç olmasa, səhər ərini təbrik etmək üçün uçuşunu bir gün təxirə salır. 

Barbara Olson ərinə iki dəfə zəng edir. İlk zəng 09:16-da olur. Qadın ərinə deyir ki,  terrorçular, pilotlar da daxil olmaqla, hamını təyyarənin arxası hissəsinə keçiriblər. İkinci zəng zamanı Teodor arvadına iki təyyarənin Ümumdünya Ticarət Mərkəzinə çırpıldığını deyir. Yəqin ki, Barbara Olson onları da eyni aqibət gözlədiyini anlayaraq, susur və əlaqə kəsilir. 

09:29-da Hani Hancor avtopilotu söndürür və idarəetməni öz əlinə alır. Sonrakı araşdırmaları göstərəcək ki, pilot-terrorçular arasında ən pis hazırlıqlı məhz Hancor olub və bu, onun AA77-ni idarə etməsində də özünü göstərir. “Boeing-757” sərnişin təyyarələri üçün yolverilməz sürətlə aşağı enir və yolverilməz manevrlər edir.

Təyyarə Vaşinqtona yaxınlaşanda Dallas adına hava limanının dispetçerləri onu görürlər, ancaq identifikasiya edə bilmirlər. Dispetçer Daniel O`Brayan sonalar deyirdi: “Sürət, manevrlər, dönüşlər… biz hamımız, təcrübəli aviadispetçerlər düşündük ki, hərbi təyyarədir. “Boeing-757” ilə belə uçmaq olmaz. Bu, təhlükəlidir”. Amma Pentaqonda həlak olacaq insanların bəxtsizliyindən təyyarənin konstruksiyası bu manevrlərə, sürətə davam gətirir. 

Paytaxtdakı başqa bir, Reyqan adına hava limanının dispetçerləri yaxınlıqda uçan “Lockheed C-130 Hercules” hərbi təyyarəsinin pilotundan radarda görünən təyyarə haqqında məlumat istəyirlər. Polkovnik-leytenant Siven O`Brayan təyyarənin “Boeing-757” və ya “Boeing-767” olduğunu xəbər verir. Az sonra O`Brayan yerdə alov kürəsi görərək, həmin tərəfə uçur. Məhz o, dispetçerə ilk xəbər verir: “Deyəsən, o təyyarə Pentaqona çırpıldı, ser”.

Hancor Pentaqona yaxınlaşma trayektoriyasını düzgün hesablamamışdı. O, beşmərtəbəli binaya yaxınlaşanda hələ çox yüksəkdə uçurdu. Təyyarəni burnu aşağı yönəltmək isə olmazdı: həm konstruksiyası dağıla bilərdi, həm də hədəfdən yan keçmək ehtimalı vardı. Buna görə də Hancor Boinqi binanın ətrafında 330 dərəcəlik dövrə vura-vura aşağı endirir və 850 km/saat sürətlə 09:37:46-da Pentaqonun qərb qanadına çırpır

Təyyarənin bina daxilində hərəkəti 1 saniyədən az çəkdi. Bu müddətdə o, 94 metr irəlilədi. Öndəki hissələr maneələrlə toqquşaraq həm özləri, həm maneələr məhv olduğundan təyyarənin gövdəsi daha çox içəri girdi. Tonlarla yanacağın alışması ilə alov 61 metr yüksəkliyə qalxdı.

Amma Pentaqon xüsusi möhkəmliklə tikilmişdi. Bir neçə il əvvəl isə partlayışa davamlı pəncərələr qoyulmuşdu. Bu da həm binanın daha uzun müddət davam gətirməsinə, həm də yanğının daha az yayılmasına səbəb oldu. Üstəlik, binanın həmin hissəsində təmir gedirdi və otaqların bir çoxu boş idi. Nəticədə, gözlənildiyindən xeyli az adam öldü

33 dəqiqə davam edən yanğından sonra binanın ən geniş yerində 29 metr, ən dərin yerində isə 15 metr olan hissəsi çökdü. Zərbə yerlə bərabər olduğundan yuxarı mərtəbələrdə daha az adam xəsarət almışdı. Dördüncü və beşinci mərtəbələrdə zərbədən və yanğından kimsə ölmədi, bina uçana qədər isə hamını təxliyə etmək mümkün oldu.

Birinci mərtəbədə 92, ikincidə 31, üçüncüdə 2 nəfər olmaqla Pentaqonda 125 nəfər həlak oldu. Onlardan 55-i hərbçi, 70-i isə mülki əməkdaşlar idi. Ölənlər arasında ABŞ ordusunun qərargah rəisinin müavini, general-leytenant Timoti Mod da vardı. O, İkinci dünya müharibəsindən sonra xarici düşmən tərəfindən öldürülən ən yüksək rütbəli hərbçidir

Təyyarədə həlak olan 59 nəfər və beş terrorçu ilə birlikdə AA77 terroru nəticəsində ölənlərin sayı 189 nəfər oldu. Daha 106 nəfər yaralandı. 

Ümumdünya Ticarət Mərkəzinə çırpılan təyyarələrdən fərqli olaraq, AA77-nin hər iki “qara qutu”su tapıldı. Amma səs yazılan qutu möhkəm zədələndiyindən informasiya almaq olmadı. Uçuş məlumatları yazılan qutudakı bütün informasiya isə bərpa olundu./pressklub

Yadigar Sadıqlı 






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10