Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Cəmil Məmmədliyə pul verilməsi ilə bağlı sübut yoxdur


Sumqayıt Ağır Cinayətlər Məhkəməsində jurnalist Cəmil Məmmədli barəsindəki cinayət işi ilə əlaqədar məhkəmə istintaqı başlayıb. 

Bu gün hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə iş üzrə zərərçəkən qismində tanınan Fuad Həbibov ifadə verib.

O, Cəmil Məmmədlinin 2017-ci ildən tanıdığını deyib. Fuad Axundovun sözlərinə görə, Cəmil Məmmədli onun anası mərhum Nəcimə Babayevanın qətl işi ilə bağlı araşdırma aparıb. Fuad Həbibov bu müddət ərzində Cəmil Məmmədliyə hissə-hissə 3500 manat verdiyini bildirib. O, əlavə edib ki, bacısı Gülnarə Həbibova da jurnalistə hissə-hissə 6500 manat verib. 

Fuad Həbibov əlavə edib ki, jurnalist özü onlardan pul tələb etməyib. “Bizdən pul tələb etməyib. Özümüz vermişik”, - deyə o bildirib.

Cəmil Məmmədlinin vəkili Fariz Namazlı zərərçəkəndən pulun verilməsi ilə bağlı hər hansı sübutun olub-olmadığını soruşub. Fuad Həbibov sübutunun olmadığını deyib. 

Cəmil Məmmədli isə bildirib ki, ümumiyyətlə ona pul verilməyib. “Sübut ola bilməz. Çünki pul verilməyib. Deyilənlər hamısı yalandır”, - deyə jurnalist vurğulayıb. 

Proses oktyabrın 5-nə təxirə salınıb. 

Cəmil Məmmədli Cinayət Məcəlləsinin 178.2.4 (dələduzluq-xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 182.2.1 (hədə-qorxu ilə tələb etmə - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) 182.2.2 (təkrar hədə-qorxu ilə tələb etmə) və 221.2.2-ci ( xuliqanlıq) maddələri ilə ittiham olunur.

Jurnalist ittihamların qondarma olduğunu bildirir./Qaynarinfo






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10