Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

41 ildən sonra ilk dəfə - İranda qadınların stadion qadağası


Ümid Nəccarinin "İranda qadınların stadion qadağası" adlı yazısını təqdim edirik.

Bir neçə gün öncə İrandakı qadağalar haqqında yazmışdım.
Nə yalan deyim, istər güneydən, istər quzeydən yaxşı reaksiya gəldi.
Bu dəfə başqa qadağa haqqında yazmaq istəyirəm.

İnanmazsınız, İran inqilabı dövründə qadınların səsi qadağan edildi. Yox, yox, qadınların seçki hüququnu nəzərdə tutmuram. Söhbət eləcə qadın səsindən gedir. Yəni, kişi qadının səsini eşitməməliydi. Eşitsə, vay halına! Cəhənnimin düz ortası! Qır qazanı! Qaraqışqırıq! Hay-həşir!

****
Kişi məclisi nədi, qadının kişi məclisində işi nədi... Ər arvadının adını çəkməzdi ki, bəs filankəs arvadımın adını bilər, amandı. “Xanım” deyərdi, “əyal” deyərdi...

Qadın kimdir, nəçidir? Bişir-düşür, geyindir-kecindir...


Son illərdə xeyli adam qadınlara stadion qadağasının götürülməsilə əlaqədar çıxışlar edib. Qayıdıb nə desələr yaxşıdır? Deyiblər, yox, olmaz. Stadiona heç uşaq aparmaq olmur, qalmışdı qadın...

Qadın? Stadion? Qətiyyən! Söyüş! Təhqir!
Biri də soruşmayıb ki, bu tərbiyəsizliyi, bu əxlaqsızlığı məmləkətə kim gətirib? Görəsən, cəmiyyətin əxlaqi-mənəvi boşluğuna səbəb nədir?
41 ildən sonra, nəhayət, qadınların stadiona girişinə icazə verildi. Dedilər, əlbəttə, qadınlar da hansısa komandaya azarkeşlik edə bilərlər.
Qərara gəliblər ki, azadlığı qram-qram versinlər: Dörd stadion... Yəni qadınlar hələlik dörd stadiona gedə bilərlər.
Kişilərə də tapşırıblar ki, stadiona gələndə tərbiyələrini, nəzakətlərini də özləriylə gətirsinlər. İşdi, azarkeşlik etdikləri komanda məğlub olsa, qətiyyən əsəbiləşməsinlər, söyüş söyməsinlər, eləcə qrənfil atsınlar oyunçuların başlarına.

Bir neçə gün öncə Təbrizdəki qonşumla görüntülü danışırdım. Xala necə sevinirdi, ilahi! Hə, nədir, nə məsələdir? Bəs əri bunu Traktorun oyununa aparıbmış. Deyir, o qədər çığırmışam, səsim batıb...

Mən də sevindim, qəhərləndim.



Nə görüblər ki o qadınlar? Çətinlik, müsibət, qadağalar...
Yayın cırhacırında... çadrada...
Başqa ölkələrdə də, lağlağı, atmaca: Hə, İranda bürününürsünüz, bura gəlincə özünüzü buraxırsınız...


Traktor - 50 milyon türkün azadlıq səsi.
İllərlə qadağalar altında yaşayan xalq heç olmasa, stadionda etiraz səsini, sosial sifarişlərini hayqırır... Ört-basdır etdiklərini dilinə gətirir, qışqırır, ürəyini boşaldır...
Barı bunu çox görməsələr...
Bir gün qadınların istəkləri reallaşacaq, bir gün çıxacaq qaranlıqlar aydınığa!
Necə deyərlər, qış keçəcək, üzüqaralıq kömürə qalacaq.../kulis az







Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10