Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

İranın Azərbaycan dərdi bitdi? – Qəribə səssizlik


Keçmiş səfir: “Münasibətlər normal deyil, son dövrlər yaşanan gərginlik ikitərəfli münasibətlərdə dərin izlər buraxıb”

Deputat: “İran Azərbaycana qarşı təzyiqləri dayandırmayıb, bundan sonra da dayandırmayacaq”

44 günlük Vətən müharibəsində əldə edilən tarixi zəfər nəticəsində Qarabağ və Şərqi Zəngəzur 30 illik işğaldan azad olundu. Bundan Ermənistanla yanaşı, cənub qonşumuz İran da narahat olmağa başladı. Şərqi Zəngəzurla Naxçıvan Muxtar Respublikasını birləşdirən kommunikasiyanın açılmasını əngəlləmək cəhdləri, İranda başlanan kütləvi etirazlarda güneyli soydaşlarımızın fəallığı, eləcə də inkişaf edən Azərbaycan-İsrail təmasları molla rejimini təşvişə saldı.

Ölkəmizə qarşı çovektorlu təzyiq siyasəti yürüdən rəsmi Tehran Ermənistanla da münasibətləri yüksəltmək xəttini götürdü. Baş verənlər onsuz da soyuyan Azərbaycan - İran münasibətlərini daha da sərinləşdirdi.

Lakin son dövrlər Azərbaycan-İran münasibətlərində nisbi sakitlik hökm sürür. Analitiklər hesab edirlər ki, İran Azərbaycana yönəlik təzyiqlərin effektiv olmayacağını anlayıb və bu səbəbdən ölkəmizə qarşı hücumları azaldıb. Əks qənaətdə olanlar da var və onların bildirdiyinə görə, cənub qonşumuz Azərbaycana qarşı hər zaman düşmən mövqeyində olub və bu siyasətindən əl çəkməyəcək.

Azərbaycanın İrandakı sabiq səfiri, keçmiş deputat Nəsib Nəsibli AYNA-ya şərhində deyib ki, son dövrlər yaşanan gərginlik ikitərəfli münasibətlərdə dərin izlər buraxıb: “İranla Azərbaycan arasında münasibətlər normallaşmayıb. Bu barədə fikir yürütmək üçün kifayət qədər əsaslar yoxdur. İran imkan düşdükcə Azərbaycana qarşı təzyiq edir. Bu, həmişə belə olub. Yəqin ki, yaxın gələcəkdə də belə olacaq”.

“Çünki İran bəzi məsələlər var ki, onlardan təşviş keçirir. Bunlardan birincisi İranda yaşayan soydaşlarımızla bağlıdır. Güneyli fəalların da digər İran vətəndaşları kimi, kütləvi etirazlarda fəal iştirakı rəsmi Tehranı narahat edir. Azərbaycanın İsraillə yaxınlaşan münasibətləri də onları təlaşa salır. Zəngəzur dəhlizinin də açılmasını istəmirlər. İran əsassız siyasət yürüdür və bu yolla Azərbaycana təzyiq etmək mümkün olmayacaq”, - deyə müsahibimiz söyləyib.

Onun sözlərinə görə, Azərbaycanın varlığı İranı qıcıqlandırır: “Böyük dövlətlər İrana qarşı sanksiyalar tətbiq edir. Daxildə ciddi etirazlar baş verir. Əhali molla rejiminin şıltaqlılarına dözmək niyyətində deyil. Düzdür, mövcud şəraitdə inzibati yollarla bunun qarşısını ala bilsələr də, uzun müddət belə davam etməyəcək. Cənub qonşumuz qürub dövrünü yaşayır”.

“Tehran həmişə çalışıb ki, regionda əsas güc olsun. Bu gün görür ki, Azərbaycan da güclənir. Dünyada önəmli dövlətə çevrilir. Türkiyə ilə dərin müttəfiqlik münasibətləri mövcuddur və ümumilikdə Türk dünyası inkişaf yolundadır. Bunu həzm etmək İran üçün asan deyil. Mövcud nisbi sakitlik isə İranın reallığı qismən dərk etməsi ilə bağlıdır. Rəsmi Tehran fərqindədir ki, Azərbaycana təzyiq edə bilməyəcək”, - deyə Nəsibli vurğulayıb.

YAP-çı deputat Məşhur Məmmədov mövzuya dair AYNA-ya açıqlamasında bildirib ki, tarixi qələbəmizdən sonra regionda yeni reallıq yaranıb və İran da bu reallıqla barışmaq məcburiyyətindədir: “İran hər zaman Azərbaycana qarşı qısqanclıq mövqeyindən yanaşıb. Ölkəmizə qarşı təzyiq siyasətindən əl çəkməyib və imkan düşdükcə bundan bəhrələnib. Elə götürək 30 illik işğal dövrünü. Baxmayaraq ki, Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal etmişdi, Xocalıda misli görünməmiş soyqırımı törətmişdi, İran bir an belə, Ermənistanı dəstəkləməkdən imtina etmədi. Bu, aydın şəkildə göstərirdi ki, İran Azərbaycana qarşı düşmən mövqeyindədir”.

“Uzun illər ərzində ölkəmizin daxilində casus şəbəkəsi yerləşdirdi, nifaq toxumu səpməyə çalışdı. Cənab Prezident İlham Əliyevin qətiyyəti sayəsində bu iyrənc planlarını həyata keçirə bilmədi. Təbii ki, İran heç zaman istəməzdi ki, torpaqlarımız işğaldan azad olsun. Lakin müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və rəşadətli Azərbaycan Ordusunun şücayəti sayəsində torpaqlarımız işğaldan azad olundu. Bu tarixi qələbəni molla rejimi ağır zərbə kimi qiymətləndirir”, - deyə həmsöhbətimiz diqqətə çatdırıb.

Deputatın dediyinə görə, İkinci Qarabağ müharibəsindən sonra İran Azərbaycana qarşı təzyiqləri artırsa da, niyyətini həyata keçirə bilmədi: “Görəndə ki, Azərbaycanın qələbəsinə mane ola bilmədilər, Ermənistanı daha dərindən dəstəkləməyə başladılar. Zəngəzur dəhlizinin açılmasına mane olmağa çalışdılar. Azərbaycanın İrandakı səfirliyinə terror hücumunun bu günə qədər açılmaması, rəsmi səviyyədə cənub qonşumuzun bu terror olayını məişət hadisəsi kimi təqdim etməsi göstərdi ki, molla rejimi Azərbaycana qarşı istənilən təxribata və düşmənçiliyə hazırdır”.

“İrandakı kütləvi etirazlardan təlaşa düşən fars rejiminin xaricdə düşmən axtarışı və Azərbaycanı düşmən elan etməsi də işlərinə yaramadı. Unutmaq lazım deyil ki, İran Azərbaycana qarşı təzyiqləri heç zaman dayandırmayıb. Bundan sonra da da dayandırmayacaq. Əgər bunu etsəydi, 30 il ərzində edərdi. Sadəcə başa düşdülər ki, təxribatçı ssenariləri ilə ölkəmizə təzyiq edə bilməyəcəklər. Buna görə də, geri çəkildilər”, - deyə Məmmədov fikrini tamamlayıb.






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10