Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Eyni kişiyə aşiq olan iki ulduz bacının ACI DRAMI


İki məşhur müğənni bacılardan Neşe və Gülden Karaböceklərdən bəhs edirik.

Onlar  ötən əsrin 70-80-ci illərinə damğasını vurmuş, milyonlar qazanmış iki titrək səsli sənətkar idi.

Böyük bacı Neşe Karaböcek ilk dəfə səhnəyə addımını 5 yaşında qara böcək rolu ilə atmışdı. Ona görə əsl soy adı Gökçen olsa da, səhnə adı olaraq Neşe Karaböcekdən istifadə etdi, aktrisalığı buraxıb müğənniliyə başladı və uğur qazandı. Neşe tezliklə dövrünün ən nüfuzlu mükafatlarını qazanır və həmin dövrdə çox kiçik səsyazma studiyası olan Atilla Alpsakarya ilə evlənir. Neşe ilə evlənmək Atillaya uğur gətirir, tezliklə onun “Elenor” studiyası ölkənin ən böyük studiyasına çevrilir, Neşenin albomları ona milyonlar qazandırır. Lakin cütlüyün evliliyi yavaş-yavaş çat verməkdəydi. Həmin illərdə 18 yaşına çatmamış Gülden də müğənnilik eşqinə düşür, bacısının adını tutub İstanbula gəlir. Neşe bacısının müğənni olmasını istəmir, ona dəstək olmur və getdiyi bütün qapıları üzünə bağladır. Ata-anasını da Güldenə qarşı qoyan böyük bacı Güldenin İstanbulda təklənməsinə səbəb olur. Gülden tamamilə tək qalır. O ərəfədə ona bacısının əri Atilla dəstək olur. Atilla Güldenə ev tutur, yaşayışını təmin edir. Bu münasibət İstanbulda dildən-dilə düşür, hər kəs onun yeznəsi ilə sevgili olduğunu söyləyir, maqazin xəbərçiləri Güldenin adını “enişteçi” (enişte – yeznə) qoyurlar. 

“Ona doğmam kimi münasibətim vardı. Dar günümdə yanımda bir o qalmışdı. Əsla sevgili gözüylə görmürdüm. Lakin adım kirlənmişdi, evlənmək məcburiyyətində qaldım” deyə Gülden sonralar müsahibələrinin birində deyəcəkdi.

Beləcə 1974-cü ildə Atilla Neşedən ayrılıb, Güldenlə evlənir. Güldeni həm arvadı, həm biznesi kimi görən Atilla evlənən kimi Güldenin də soyadını Karaböçek yazdırıb vallar buraxır. Bu türk tamaşaçısına maraqlı gəlir, qalmaqallarla adı hallanmış Güldenin şöhrəti heç də Neşeninkindən az olmur. Şöhrət və milyonlar qazanır, lakin ömürlük bacısını və ailəsini itirir.

Yalnız çox illər sonra bir dəfə böyük sənətkarların israrı ilə bir araya gəlib barışan bacıların ürəkləri bir-birini bağışlamır, onlar gah küsülü, gah barışıq yaşayırlar.

İndi 76 yaşı olan Neşe sonralar bir jurnalistlə ailə qurub, Hasan adlı oğlu doğulub.  5 il öncə oğlu vəfat edib. 2020-ci ildə Neşe Karaböceyin ölməsi barədə xəbər çıxsa da, müğənni sağ-salamat olduğunu bildirib. Hərdən bir TRT kanalı ilə yayımlanan konsert proqramlarında yer alır.

68 yaşlı Gülden Karaböceyin adı isə bu günlərdə yenidən hallandı. Onun kiçik və ucuz bir məhəllə kafesində oxuması barədə xəbərlər gündəmə bomba kimi düşdü. Bir zamanlar pavilyonlarda parlayan ulduz indi məhəllə arası kiçik kafelərdəmi oxuyur? Bu xəbərlərə münasibət bildirən Hülya Karaböcek (müğənninin qızı) bildirib ki, görüntülər 4 il öncə Bursada imza günündə çəkilib. Gülden xanım yenə böyük salonlarda səhnələrə çıxır. 

Zaman heç kimə amanla davranmır. Gülden xanımın o görüntülərinin altına yenidən xoş olmayan şərhlər yazıldı. Yeznəsinə göz dikən, yuva yıxan qadın deyə təhqirlər yağdı. Hətta həmkarı Demet Akalın da onun haqqında “Enişteçi” deyə fikir bildirdi.

Bax belə, illər keçsə də, bəzi hekayələr və incikliklər unudulmur, əfv edilmir./lent.az






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10