Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Təzə xəbər istəyirsən? Elə mən də istəyirəm





Sovet dövründə Suleyman Abdullayevin oxuduğu muğamda belə bir misra var idi “Xəstə çox şey dilər, lakin imdad olmaz”.

İndi bizlər də çox şey istəyirik, amma necə əldə edək, onu bilmirik.

Elə özüm qarışıq hamı  təzə xəbər axtarışındadır. Bəzən onlarla paytaxt saytını qurdalayırsan, lakin “damara düşən” bir xəbər tapmırsan.

İndi gör, əyalət nə gündədir.

Əksəriyyət “Təzə nə var, yox?” sualına “Əşi, nə olacaq, elə-belə”-deyib keçir.

Doğrudanmı, təzə xəbər yoxdur, ya biz tapa bilmirik?

İndi isə klassik suala cavab axtaraq-kimdir günahkar?

Deyək ki, günahkarın biri, lap böyüyü mən, bəs digərləri?

Məlumdur ki, region oxucusu yerli xəbərə daha çox maraqlıdır. Məsələn, iyulun 15-də ölkə saytlarından 4-5 xəbər paylaşdıq. Çoxunda oxu sayı 150-200-ü keçmədi. Həmin gün axşam saat 22.30-da sayta ərkivanlıların Bakıda üzləşdiyi bədbəxt hadisələrlə bağlı kiçik bir xəbər qoyduq. Dərhal oxu sayı 500-ü adladı.

Yeri gəlmişkən, həmin olaylardan bizi dərhal xəbərdar edən bəzi dostlara təşəkkür edirik.

Keçək yenə günahkarlara. Dedik ki, günahkarın biri mən-qocalmışam, səhhətimdə problemlər var, hakimiyyətdəkilərlə dostlaşmışam, əvvəlki kimi sərt yazmıram və sairə.

Əziz izləyici bəs sizdə heç günah yoxdur?

Bir dəfə də demişəm, indi də deyirəm- bu gün hamı jurnalistdir. Əvvəlki deyil ki, ancaq 1-2 nəfərin qəzeti ola, sənə də orada söz verməyələr. İndi maşallah FB var, canlı yayım var, onlarla sayt var-buyur sözünü de də. Amma əksəriyyət danışmır. İstəyir onun əvəzinə biz danışaq.

Qonşusunda oğurluq olur. Yüz min manatlarla pul aparırlar, heç kimin cınqırı çıxmır. Hətta adı gizli qalmaq şərti ilə məlumat vermir.

Yaxud da, xəbərin təsdiqini tapmaq müşkülə çevrilir. Bu günlərdə digər saytlara istinadən xəbər paylaşmışdıq ki, rayon maliyyə şöbəsinin müdirinin evindən 8  milyon manat oğurlanıb. Zərər çəkən dedi yalandır, polis dedi bizə şikayət olmayıb, öz kəndçilər dedi eşitməmişik. 

Xəbər çap olunandan sonra isə  Azər müəllimin xeyrinə və ziyanına xeyli məlumatlar dolaşdı. Bəziləri dedi ki, onun 8 milyonu ola bilməz. Çünki Təhsil, Səhiyyə, mədəniyyət və s. idarələrin mühasibatlığı yerli maliyyə idarələrindən alınandan sonra rayonun büdcə təşkilatlarına ayrılan cəm vəsait 8 milyondur. Digərləri isə daha uzağa gedərək bildirdi ki,  oğurlanan pullar  Azər müəllimin indiki yox, vergidə, sosial yardımın gəlhagəlində yığdığı pullardır.

Nəhayət isə qonşular təkid etdi ki, Azər müəllim ailəsi ilə toyda olanda onlardan içi pul və ziynət əşyaları dolu seyf oğurlanıb. Guya oğrunu da tanıyırlar. Qohum-əqrabadan şübhələndiləri var.

İndi biz nə yazaq, ya yazmayıb, oxucuya nə deyək? Əlac ona qalıb ki, dua edək, oğrular tapılsın. Yenə çoxlarına baxanda Azər müəllim pis oğlan deyil. Hərdən əli yuxarı olanda bizim kitab evindən kitab da alırdı.

Nə isə. Günkar söhbətinə davam eləyək.

Çoxları əməldə müxalifətə dəstək verməsə də, daim onu günahlandırır. Müxalifət də bizi. Belə ki, ofisimizin yanında polis onlara təzyiq etdi, biz yazmadıq. Özləri isə səhifələrində ala-yarımçıq, qrammatik səhflərlə dolu statuslar paylaşır. Oxucu “nə olub?” sualına aydın cavab tapmır. Bir çəhbəçi yazır ki, mənim qəzetimi heç 1 ildir oxumur, oxumaq istəmir. (Buna da deyən yoxdur ki, olmayan şeyi necə oxuyarsan. Qəzet maliyyə çətinliyinə görə 2 ildir çıxmır). Ən vacibi. Mən yazmadım, siz gəlin, müraciət edin, bəyanatınızı verin. Verməsəm, inciyin. Kinoda deyilmişkən, sən bir lotereya al, sonra de ki, maşına düşmədi.

Görürəm, söhbət çox uzandı. İstəyirəm ardı qalsın sonraya.

Ardında oxuyun:

Kimlər məlumatı necə gizlədir?

İnformasiya verməmək üçün hansı bəhanələrdən istifadə olunur?

O hansı məktəbdir ki,  direktor müavininin otağı direktorun otağından 4 dəfə böyükdür?

Rüşvət necə adiləşdi?

“Hökumət saytları” niyə ürəkdən “tikan” çıxartmır?

İctimai Birlilər fəxri-fərman paylamaqdan başqa hansı işləri görür?

Siyasi partiyaların rayon şöbələri ortaya bir  analitik yazı qoya bilərmi?


Zahir Əmənov






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10