Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Dincəlmək üçün dağa çıxanlar: Azərbaycanda turistlərə kim “dağ çəkir”?


2020-ci ilin martından bəri Azərbaycanın quru sərhədləri bağlıdır. Ölkədə təyyarə biletlərinin çox baha olması bölgələrə istirahət üçün üz tutanların sayını daha da artırıb. 

Yay fəslinin sonuna doğru yaxınlaşdığımızı nəzərə alsaq, avqustda istirahət üçün rayonlara üz tutanların sayında artım müşahidə edilir. Bu isə həmin ərazilərdə həm kirayə evlərin, həm də otellərin qiymətinə təsirsiz ötüşmür. Bu ayda bağ evlərinə, otellərə kütləvi tələbat yaranır ki, bu da real olaraq qiymət artımına səbəb olur. 

Bəs, görəsən, hazırda turizm bölgələrində qiymətlər necədir? Hansı istiqamətdə vətəndaşlar üçün istirahət daha ucuz başa gəlir?

Mövzu ilə bağlı Yenisabah.az-a danışan İsmayıllı rayonu Qalacıq kənd sakini, fərdi sahibkar Şahin Əlisoltanov rayondakı ümumi vəziyyətin ürəkaçan olduğunu bildirib: 

"Qalacıq kəndində yay fəsli ötən ilki kimi dolu keçir, istirahət üçün İsmayıllıya üz tutanların sayı çoxdur. Kəndimizə xarici ölkələrdən də üz tutanlar olur, bu il də xarici qonaqlarımız olub. Bundan öncəki ay Belçikadan gələn qonaqları qəbul etmişik. Qonaqlarımız hər şeydən razı qaldılar, gedərkən bizə xatirə hədiyyəsi də verdilər". 

Sahibkar qeyd edib ki, Qalacıq kəndində hər zaman turistlərə hörmət edilib, qonaq gələnlər yüksək səviyyədə qarşılanıb və yola salınıb:

"Bəzi yerlərdə ev yiyəsi ilə kirayəşin arasında problemlər yaşanır. Bizdə belə hal heç vaxt yaşanmayıb, hər zaman qonaqlarımıza yüksək səviyyədə xidmət göstərmişik, onlara əlimizdən gələn yardımı etmişik. Artıq iki aya yaxındır ki, evimdə qonaqlar var, Bakıdan gəliblər. Hər il istirahət üçün bizi seçirlər. Təsəvvür edin, biz qonaqlarımızla elə rəftar edirik ki, onlar plov bişirib bizi də dəvət edirlər, yaxud biz onları evimizə çağırırq, bir süfrə arxasında otururuq. Gələn qonaqlarla bu cür səmimiyyətimiz yaranır. 

Hazırda İsmayıllı yolunda təmir getdiyi üçün rayon səviyyəsində turistlərin sayı çox olmayıb, amma mənim daimi müştərilərim mütləq kəndimizə istirahət üçün gəliblər. Qonaq gələnlər yüksək səviyyədə qarşılanıb və yola salınıb". 

Ş.Əlisoltanov Kənd Təsərrüfatı Nazirliyinin də onu qiymətləndirdiyini açıqlayıb:

"Kənd Təsərrüfatı Nazirliyi bu il fərdi sahibkarlara dəstək kimi mənə də mükafat verdi. Həyətim üçün söhbətgah ("besedka"), uşaq əyləncə mərkəzi verildi, hamam-tualet tikdirdilər. Bu da çox ürəkaçan addımdır. Bizi çox yüksək qiymətləndirirlər. Nazirliyin sadə kənd camaatını izləməsi, əməyini dəyərləndirməsi gözəl hissdir". 

Qeyd edək ki, xüsusilə son günlər turistlər kənd rayonlarında qiymət artımından daha çox şikayətlənməyə başlayıblar. Avqustun sonuncu ongünlüyünü fürsət bilən bəzi işbazlar imkanı əldən vermirlər. Əlaqədar qurumların bu sahədə nizam-intizam yaratmasına ehtiyac yaranıb. Yayda dincəlmək üçün dağa çıxanlara "dağ çəkməyə" heç kimin ixtiyarı yoxdur. /Yenisabah 

Əsmətxanım Rzazadə 






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10