Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

BƏNÖVŞƏ ƏTİRLİ SƏTİRLƏR


Cənub bölgəsinin axar-baxarlı guşəsində, dağların qoynunda ilhamını bulaqların zümzüməsindən, yarpaqların pıçıltısından, kol dibindəki bənövşənin ətrindən alan bir şair var. Lənkəran rayonunun Şovu kəndində yaşayır ELXAN ŞOVULU. Zəhmət adamıdır, yazdığı şeirləri oxuduqca torpaqın qoxusunu hiss edirsən, alın təri ilə yoğurduğu TORPAĞIN! 

  Elxanın şeirlərində onun lirik qəhrəmanı andına sədaqətli, sevgilisinin həsrətilə yaşayan aşiqdir. Hiss olunur ki, o, sadə bir kənd adamıdır, hissləri kövrək, utancaq bir gəncdir. Sevgilisinin ardınca gah dənizdən keçir, gah da dağlara çəkilir, kol dibində öz sevgilisini gözləyən bənövşələrlə dərdləşir, şeirlərinin sətirlərinə bənövşə ətrini qatır. Elə məhz “Bənövşə ətirli günlərim” kimi mükəmməl bir şeirlər toplusunun yaranıb ərsəyə gəlməsi də bu hiss və duyğularının nəticəsidir!


Oxucuları Elxan Şovulunun bir neçə şeiri ilə tanış etməklə şair dostumaza yaradıcılıq uğurları arzulayırıq!



İKİ DAMCI


Biz ki bir buluddan qopan damcılar,

Sən dənizə düşdün, mən dağa düşdüm.

Sən bir an içində oldun bəxtiyar,

Mən bir az sevincdən uzağa düşdüm.


Yerə çatdığımda daş üstə düşdüm,

Sanki çilikləndi büllur bir saray.

Taleyim düş dedi, baş üstə, düşdüm,

Nə idi bu qismət,nə idi bu pay?


Sən dəniz olmuşdun bir an içində,

Dərədən-dərəyə dəniz gəzirdim.

Yaxamdan yapışan zaman içində,

Dəyirman fırlayıb, dövran əzirdim.


Sən dəniz olmuşdun, nazın dalğalar,

Hərdən də sahilə sataşardın sən.

O daşdan bu daşa çırpılıb, naçar,

Sənə qovuşmaqçün savaşırdım mən.


Gah sağa, gah sola burulur yollar,

Bu çay yatağına boyun əymişəm.

Bir az da yolumu gözlə, nə olar,

Bir bilsən nə qədər qəribsəmişəm.


Kim bilir, bəlkə də xoşbəxt deyilsən,

Bəlkə də xəyalın küləklərdədir.

Nə qədər dəniz tək sevilə bilsən,

Xoşbəxtlik arzuda, diləklərdədir.


Nə deyim, dənizdə qovuşmasaq da,

Deməyək, qurtardı, daha yorulduq.

Axı həsrətlilər qovuşur göydə,

Bəlkə də haçansa bir bulud olduq.




İKİMİZİK


İkimizik bu dünyada, sən və mən,

Dünya bizdən, biz dünyadan xəbərsiz.

Ya birimiz keçə bilə çəpərdən,

Ya birimiz bir yol tapa çəpərsiz.


İki dibçək, həm də eyni otaqda,

Çiçəyimiz bir günəşə boylanır.

Ayağımız ayrı-ayrı torpaqda,

Dodağımız bir öpüşə boylanır.


İki muncuq, bir sevginin sapında,

Məndən keçib, hara qaça bilirsən?

Elə vaxtda durmuşam ki qapında,

Nə mən döyə, nə sən aça bilirsən.


İçimizdə dolaşmışıq özümüz,

Bu həsrətə dözmək olmur, dözürük.

Baxışırıq yumulanda gözümüz,

Gözü bağlı gəzmək olmur, gəzirik.


Bədirlənmiş ay nə bilir gecələr,

Ulduz-ulduz tikələnmək yamandır.

Bir olaydı bu dünyada sevənlər,

Aman Allah, ikilənmək yamandır.


HƏYAT

Ömür ayrı şeydir, həyat ayrı şey,

Bir olan öm(ü)rün yüzüdür həyat.

Hər kəs özü yazır, etməsin giley,

Hər kəsin öz ürək sözüdür həyat.


Səması göylərdən dərindir, dərin,

Baxar baxışlarda qoyar əsərin.

Səni ürəyində gəzdirənlərin,

Səni gizlin gəzən gözüdür həyat.


Əlinə verdiyi yaxası yoxdu,

Oyandın, verdiyi yuxusu yoxdu.

Ölümdən oyana qorxusu yoxdu,

Ömrün gülümsəyən üzüdür həyat.


Qəm yemə, üzünə bəxtin baxmadı,

Bəlkə də su idi, dondu, axmadı.

O ki, gözləyirdin, gəlib çıxmadı,

Onu gözləməyin özüdür həyat.



SƏSİN

Bu necə sehirli, ovsunlu səsdir?

Bu səsin sirrini aça bilmirəm.

Əsiri olmuşam, sanki qəfəsdir,

Bu səsdən bir yana qaça bilmirəm.


Geriyə qayıdır, həsrətdəyəm çox,

Bu səs durnaların köçündən gəlir.

Sanki telefonun o başından yox,

Axıb ürəyimin içindən gəlir.


Körpə çağlarımdan yadigarımdır,

Təzəcə-təzəcə iməkləyirlər.

Yarı yolda qalan arzularımdır,

Səsindən güc alıb çiçəkləyirlər.


Ay göydən əl edib salam göndərdi,

Ulduzlar sayrışdı gülümsəyərək.

Səsin, elə bildim görüş yeridi,

İndicə hardansa yarım gələcək.


Səsinlə qurtarır hər bir həsrətim,

Bahar qədəmiylə oyadır yeri,

Bir vaxt atıb gedən ilk məhəbbətim,

Sanıram səsinlə qayıdır geri.


Bir gün bu dünyadan gedəndə yəqin,

Bədənim səsinə büküləcəkdir.

Göylər alacaqdır səsinin rəngin,

Ruhum da səsinə çəkiləcəkdir.

Əlzaman Baxış, cenub.az






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10