Əgər argentinalı Lionel Messi onunla eyni epoxada doğulmasaydı və futbolda onunla başa-baş perfotmans göstərməsəydi, Kriştiano Ronaldo şəkk-şübhəsiz öz dövrünün bir nömrəli futbolçusu olardı. Ancaq o bu mövqeni həmişə Messi ilə bölüşməli oldu.
Bununla belə, Ronaldo futbolçu kimi tarixdə ilk dollar milyarderi oldu. Onun haqqında kitablar yazılır, filmlər çəkilir, abidələri ucaldılır, şöhrəti dünyanı dolaşır.
Bəs dünyanın ən məşhur idmançısı necə yaşayır?
2004-cü il futbol üzrə Avropa çempionatının finalında Portuqaliya yığmasının tərkibində Yunanıstan komandasına uduzaraq gümüş medal qazananda onun 19 yaşı vardı. Hamı onun parlaq gələcəyi olacağını düşünürdü və heç kəs yanılmadı. Ronaldo 20 il boyunca dəfələrlə planetin ən yaxşı oyunçusu oldu. O. komandasıyla Avropa çempionu titulunu da qazandı, qazana bilmədiyi yeganə titul dünya çempionluğudur, o da onun özündən başqa daha 15-20 komanda yoldaşından asılı işdir.
Kriştianonun əsl soyadı Ronaldo deyil, ona bu ikinci adı ABŞ-ın keçmiş prezidenti Ronald Reyqanın şərəfinə veriblər.
O, 1985-ci ildə Portuqaliyanın Madeyra adasında anadan olub. Onun valideynləri bağban Xose Dinis Aveyro və aşpaz Maria Dolores dos Santos Aveyrodur.
Kriştiano ayaq açar-açmaz futbol oynamağa başlayıb və altı yaşında artıq yerli “Andorina” klubunda oynayıb. Sonra onu Madeyra klubu “Nasional” alıb – 20 top və 2 dəst forma qarşılığında. Ronaldonun sayəsində klub 10-12 yaşlılar arasında ölkə çempionatının qalibi olub.
2001-ci ildə 16 yaşlı Kriştiano Ronaldo klubla ilk peşəkar müqaviləsini imzalayıb. Onun ilk aylıq maaşı 2000 avro olub. O vaxt bu, onun üçün böyük pul idi, indiki milyonluq müqavilələri və milyardlıq sərvəti ilə müqayisədə isə pul deyil.
“Mançester Yunayted”in baş məşqçisi Aleks Ferqusson Ronaldonu 2003-cü ilin yayında Lissabonda “Sportinq”lə “MY”-nin yoldaşlıq görüşündə görüb və bir neçə gün ərzində Kriştiano ildə iki milyon dollarlıq müqavilə imzalayaraq onu İngiltərəyə aparıb. Bir il sonra isə onu futbol dünyası tanıdı.
2009-cu ildə "Mançester Yunayted" 2 milyon aldığı Ronaldonu satmaqla tam bir sərvət qazandı - 80 milyon funt-sterlinq. Bəs onu alan “Real Madrid” nə qazandı? On qat artığını. Ronaldo kral klubuna çempionluqlar, milyardlıq müqaviələlər, dünya şöhrəti hər şey qazandırdı.
2008-ci ildə 23 yaşlı Ronaldo Portuqaliya millisinin kapitanı oldu. O, komanda iki yüzə yaxın oyun keçirdi (milli komandalar tarixində ən yaxşı nəticə), keçirilən oyunların sayına görə rekord vurdu (2016), 2016 Avropa Çempionatını və 2019 UEFA Millətlər Liqası turnirini qazandı.
Karyerası boyunca onlarla rekord qıran Ronaldo indi milyarderdir, “CR7” adlı otellər şəbəkəsi var. Futbolçu ilk otelini doğma Madeyra adasında açıb.
2021-ci ildə The Mirror tabloidinin hesablamalarına görə, Kriştiano Ronaldonun doqquz dəbdəbəli yaşayış evi var. Onların ümumi dəyəri 50 milyon dollardan çoxdur. Futbolçunun Mançester yaxınlığında idman zalı, kinoteatrı, hovuzları və parkı olan evi var. O, Madridin elit bölgəsi olan La Fincada da malikanəyə sahibdir. 2015-ci ildə Ronaldo Nyu-Yorkdakı Trump Tower-də 18,5 milyon dollara üç otaqlı mənzil alsa da, mənzili 2021-ci ildə satışa çıxarıb.
Oynadığı komandaların həkimlərinin yekdil fikrincə Ronaldonun sağlamlığı fenomenaldır: hazırda 38 yaşında olan forvardın fiziki forması 23-24 yaşlı idmançırın fiziki göstəricilərinə təndir. O, siqaret çəkmir, spirtli içki qəbul etmir. Onun atası 18 il əvvəl içki problemi səbəbindən dünyasını dəyişib.
Yaraşıqlı, fiziki cəhətdən mükəmməl, varlı Kriştiano həmişə qızların və qadınların kumiri olub. O, sadiq ailə başçısı Messidən fərqli olaraq, gəncliyində əsl pleyboy olub və özünü yalnız bir partnyorla məhdudlaşdırmayıb, daima modellərlə oturub-durub, tətillərə onlarla gedib. Kriştiano Ronaldo bir müddət rus model İrina Şeyklə yaşayıb. Ancaq onlar ailə qurmayıblar. 2015-ci ildə cütlük ayrılıb. Nəhayət, Ronaldo satış üzrə köməkçi Corcina Rodrigez ipə-sapa yatmayan yaraşıqlı oyunçunu cilovlaya bilib. İndi onların iki qızı var - Alana Martina (2017-ci il təvəllüdlü) və Bella Emeralda (2022-ci il).
Ronaldonun tərcümeyi-halındakı yeganə "ləkə" zorlama şübhəsi idi - amerikalı Ketrin Mayorqa adlı qadın 2018-ci ilin sentyabrında futbolçunu ittiham edirdi ki, 2009-cu ildə Las-Veqasda futbolçu onu zorlayıb. Daha sonra iddia olundu ki, guya Ronaldo susması üçün ona 375 min dollar ödəyib. 2019-cu ilin iyulunda Las-Veqas prokurorluğu Mayorqanın bu adama qarşı ittihamlarını əsassız hesab edib. Böyük ehtimalla qadın onu şərləyirdi. Çünki 20 yaşından bu günə qədər cinsi həyat xüsusunda “əlini sallasa əllisini tapan” Ronaldonun kimisə zorlamasına ehtiyacı yox idi. Qadınlar özləri hər yerdə onun boynundan sallaşırdılar.
İndi Ronaldo o qədər zəngindir ki, inanılmaz dərəcədə bahalı avtomobillər ala bilir. Müxtəlif vaxtlarda müxtəlif markaların superkarları, idman avtomobilləri və cipləri onun qarajlarını doldurub. Onların arasında Ferrari (Monza, 599 GTO və F12 TDF), Bugatti (Veyron, Chiron və Centodieci - oyunçunun ən bahalı avtomobili, dəyəri 11 milyon dollar), Mercedes (G-Wagon Brabus, AMG GLE 63 və S65 AMG), Rolls-Royce (Phantom Drophead və Cullinan), Lamborghini Aventador, Bentley (Flying Spur və Continine) var.
Oyunçunun saat kolleksiyası da zəngindir - başda brilliantlarla işlənmiş “Roleks” olmaqla ən yaxşı markalar, qiymətləri də bir neçə yüz min dollar.
Artıq “qoca futbolçu” karyerasının sonunda Səudiyyə Ərəbistanına gedib. 2022-ci ilin sonunda o, ölkənin paytaxtı Ər-Riyadı təmsil edən "əl-Nasr"la müqavilə imzalayıb. Komanda ona mövsümdə 200 milyon avroluq rekord maaş təklif edərək, yenidən portuqaliyalını dünyanın ən çox maaş alan idmançısı edib.
25-30 il öncə kasıb bağbanın, az maaşlı aşpazın övladı olan Ronaldo bu gün krallar kimi lüks villalarda yaşayır, ən lüks avtomobillər sürür, ən təntənəli ziyafətlərə qatılır, dünyanın ən məşhur adamlarından biridir, demək olar ki, hər yerdə sevilir. Bir az da keçəcək, ölkəsinin ən varlı adamlarından birinə çevriləcək, böyük və gəlirli holdinqlərin, şirkətlər qrupunun sahibi olacaq.
O, bütün bunları təkcə ayaqlarının gücü ilə qazanmayıb, eyni zamanda iradəsinin hesabına, nəfsini boğmağın sayəsində, məşqlərdən qalmamaq, öz üzərində daim işləmək, qazandıqları ilə qane olmamaq əzminin nəticəsində qazanıb.
Bu da o deməkdir ki, Ronaldonun ayaqları ilə yanaşı, başı da yaxşı işləyib. Söhbət heç də onun başı ilə vurduğu qolların sayından getmir, adamın düşünmək, doğru qərarlar qəbul etmək qabiliyyətindən gedir.
Araz Altaylı, Musavat.com