Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Qışa hazırlıq: Qaz limiti ləğv olunacaq?


Azərbaycanda istehlak edilmiş təbii qazın 59,6 faizi istehsal ehtiyaclarına sərf edilib, 40,4 faizi isə əhaliyə satılıb.

Bunu Dövlət Statistika Komitəsi açıqlayıb. Bildirilib ki, bu ilin yanvar-iyun aylarında 11 milyard 800 milyon kubmetr və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 4% çox təbii qaz ixrac edilib. Əhali tərəfindən 2 milyard 527,7 milyon kubmetr və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,1% çox təbii qaz istehlak edilib. Onun 38,6%-i Bakı şəhərinin, 2,8%-i Naxçıvan Muxtar Respublikasının, 11,3 %-i Abşeron-Xızı, 6,1%-i Gəncə-Daşkəsən, 5,9%-i Lənkəran-Astara, 5,8%-i Qazax-Tovuz, 5,7%-i Mərkəzi Aran, 5%-i Quba-Xaçmaz, 4,9%-i Şəki-Zaqatala,4,5%-i Qarabağ, 3,6%-i Mil-Muğan, 3,4%-i Şirvan-Salyan, 2,4%-i isə Dağlıq Şirvan iqtisadi rayonlarının payına düşüb.

Statistika Azərbaycanda kifayət qədər təbii qaz ehtiyatı olduğunu göstərir. Belə bir vəziyyətdə qazın əhaliyə limitlə verilməsi də narazılığa səbəb olur.

İqtisadçı-ekspert Akif Nəsirli bildirib ki, dünyada təbii sərvəti olan ölkələrdə həmin sərvət daxildə əhaliyə maya dəyərinə verilir:

“Bir çox ölkələrdə təbii qazın vətəndaşlara maya dəyərinə verildiyini görürük. Həmçinin təbii qazı olan ölkələr daxildə satdığı qiymətlə dünya bazarındakı qiyməti müqayisə etmir. Amma Azərbaycanda qazın qiymətini qaldıranda bunu dünya bazarındakı bahalaşma ilə əlaqələndirirlər. Əslində, dünyada təbii qaz baha olanda, biz daha çox qazanc əldə edirik. Yəni dünyada təbii qaz bahalaşanda, bizdə ucuzlaşmalıdır. Lakin biz bunun əksini müşahidə edirik. Dünyada bahalaşma olanda ölkəmizdə də qiymət qalxır.

Nəzərə almaq lazımdır ki, Azərbaycanda istehsal olunan təbii qazın üçdə biri ölkə daxilində istifadə olunur, üçdə ikisi isə xaricə ixrac edilir. Həmçinin ölkəmizdə istehsal edilən təbii qazın yarıya qədəri də “Əsrin müqaviləsi”nə uyğun olaraq, “BP” şirkəti tərəfindən hədiyyə edilir. Bu, səmt qazı adlanır. Yəni bu qaz müqaviləyə əsasən, pulsuz olaraq bizə verilir. Ölkəmizdə həmin qazdan məişətdə istifadə olunur”.

Ekspert müqayisə üçün bildirib ki, İranda qazın bir kubunu Azərbaycan pulu ilə 2 qəpiyə verirlər:

“Azərbaycanda isə təbii qazın kubu 20-25 qəpiyə təklif olunur. Heç 1200 kub 2 aya belə bəs etmir. Nəticədə limit keçilir. Yəni bizdəki ortalama qiymət İrandan belə 10 dəfə bahadır. Buna görə də ya qiymət ucuzlaşmalı, ya da limit ləğv olunmalıdır”./“Cümhuriyət”






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10