Bazar ertəsi Birləşmiş Ştatlar Rusiyanı Dövlət Departamentinin nümayəndəsinin dediyi kimi, “ölkədən çıxmağa və Gürcüstan ərazisini işğalı dayandırmağa” çağırıb.
“Biz bu siyasətə dəstəyimizi açıq şəkildə bildirməyə davam edəcəyik”, – Dövlət Departamentinin mətb uat katibi Mett Miller gündəlik brifinqdə on beş ildir davam edən Rusiya-Gürcüstan müharibəsi ilə bağlı TURANın suallarını cavablandırarkən deyib.
Elə həmin günün əvvəlində dövlət katibi Entoni Blinken Vaşinqtonun Gürcüstanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyi və ərazi bütövlüyünə “sonsuz dəstəyini” bir daha təsdiqləyən bəyanat yayıb.
“Rusiyanın hərəkətləri nəticəsində münaqişədən zərər çəkən əhalinin həyatı həmişəlik dəyişib. Rus qoşunlarının hərəkətləri nəticəsində ölənləri, yaralananları və məcburi köçkünləri dərin hörmətlə yad edir və dərdlərinə şərik olduğumuzu səmimi şəkildə bildiririk”, – Blinken bildirib.
“Rusiyanın işğal zamanı hərəkətləri, o cümlədən Kremlin bədniyyət dezinformasiya kampaniyaları və əhalinin kütləvi köçkünlüyü əvvəllər olduğu kimi böyük çətinliklərə səbəb olmaqda davam edir. Ukraynada olduğu kimi, Gürcüstan xalqı da beynəlxalq hüquqa hörmətsizlik göstərən və qonşularına ağalıq etmək istəyən Rusiyanın hərəkətlərinin nəticələrindən əziyyət çəkib”.
Blinken həmçinin qeyd edib ki, ABŞ Rusiyanı 2008-ci ildə atəşkəs razılaşmasına əməl etmədiyinə və qoşunları münaqişədən əvvəlki mövqelərə çəkmədiyinə görə məsuliyyətli olmağa çağırmaq niyyətində qətiyyətlidir.
“Rusiya həmçinin Gürcüstanın Abxaziya və Cənubi Osetiya regionlarının müstəqilliyinin tanınmasını ləğv etməlidir. Bu tədbirlər yüz minlərlə məcburi köçkünün təhlükəsiz şəkildə öz evlərinə qayıtması və ləyaqətlə yaşaya bilməsi üçün zəruridir”, – deyə o, əlavə edib./pressklub