Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Monika Belluççini çəkən azərbaycanlı rəssam: "Çılpaq çəkməyimi istədi..." - Müsahibə


Monika Belluçinin portretini çəkən, YUNESKO Rəssamlar İttifaqının fəxri üzvü Sakit Məmmədovu doğum günü münasibəti ilə təbrik edir və onunla müsahibəni təqdim edirik.

- Ənənəvi sualla başlayaq. Necə hiss etdiniz ki, sizdə rəssamlıq qabiliyyəti var?

- Bütün uşaqlar kimi mən də divarları yaza-yaza başladım. Uşaqlığım dəniz sahilində keçib. Qumluqda yaza-yaza, çəkə-çəkə rəssam oldum. Uşaqların əksəriyyətində şəkil çəkmək üçün həvəs və istedad olur. Lakin böyüdükcə çox adamda bu qabiliyyət və həvəs sönür. Məndə isə sönmədi.

Mənə qədər nəslimizdə rəssam olmayıb. Ancaq məndən sonra böyük bir rəssam nəsli yetişməyə başladı. Bilirsiniz, elə ailələr var, nə o ailənin üzvləri, nə də qohumları istəmir ki, onlarda kimsə rəssam olsun. Buna onların gözü qabağında uğursuzluğa düçar olan rəssamlar səbəb olur. Bu başqa incəsənət sahələrinə də aiddir.

Lakin elə ailələr də var, onlarda çox gözəl peşə sahibi yetişir. Ailənin davamçıları isə böyüklüyünü, hörmətini, şöhrətini görüb onun kimi olmağa can atırlar. Ancaq deyim ki, bu məşhurluq da hər adama qismət olmur...

Çünki o zirvəyə yalnız zəhmət və əziyyətlə çatmaq mümkündür. Bunun üçün yalnız istedadlı olmaq bəs etmir. Uğurun 10%-i istedadın, 90%-i zəhmətin payına düşür. Təbii, buraya insanın keçdiyi məktəbin ona bəxş etdiyi professionallığı da qatmaq lazımdır. O məktəb ki, sənətkarın ruhunu ortaya çıxarır. Onun haraya aid olduğunu göstərir. Sənətkarın ruhu da onun rənglərində gizlənir.

- Sonra gəlir həyatınızın ən anlamlı hissəsi - tələbəlik illəri...

- Bəli... tələbəlik illərim Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində keçib. Oranı fərqlənmə diplomu ilə bitirdikdən sonra əsgərliyə getdim. Əsgərlikdən sonra isə Sankt-Peterburqda yerləşən Repin adına Rəssamlıq Akademiyasına daxil oldum. Orada Lenin təqaüdü ilə oxuyan ilk azərbaycanlı tələbə idim. Bu təqaüdü böyük araşdırma-yoxlama əməliyyatlarından sonra Moskva təyin edirdi. Təqaüdü almaq üçün hər hansı bir ictimai təşkilatın və ya partiyanın üzvü olmaq tələb edilirdi. Mən isə heç bir qurumun üzvü deyildim. İctimai fəallığımın olması üçün konsertlər təşkil etməyə başladım. Komandamızda hind, ərəb, suriyalı, iordaniyalı, misirli, əfqanıstanlı musiqiçilər var idi. Çoxu da müsəlman idi. Beləliklə, bu ansamblla birgə hər bayram bir konsert təşkil edirdik. Hətta o dərəcəyə gəlib çatmışdı ki, məsələn Suriya günü olanda da məni dəvət edirdilər. Yəni bir-birimizə çox qaynayıb-qarışmışdıq.

Mİn İlİn adamı” – Sakİt Məmmədov

Yeri gəlmişkən, mən tar, saz, gitara və zərb alətlərində ifa etməyi bacarıram. Bu bacarığı da mənə pionerlər evi bəxş etdi. O vaxt çox gözəl bir pionerlər evimiz var idi. Bir tərəfində rəssamlıq dərnəyi, digərində musiqi. Rəssamlığa gedəndə musiqi tərəfə də baş çəkirdim. Musiqi ilə məşğul olduğumu heç evdə bilmirdilər. Amma musiqiyə çox həvəsim var dı. Evdə bunu biləndə mənim üçün musiqi mağazasındakı bütün alətlərdən aldılar. Kamançadan tutmuş, gitaraya qədər.

- Yəni, ailənizin dəstəyi var idi.

- Təbii ki... Bilirsiniz, mən fəhlə ailəsində doğulmuşam. Belə bir şey var də, həmişə zəhmətkeş ailələrdə böyük şəxsiyyət, tanınmış insan yetişdirməyə xüsusi maraq olur. Buna görə də uşaqlarını ya prezident, ya baş nazir olmaq məqsədilə böyüdürlər. Əslində bu çox yaxşı arzudur. Həmişə böyükdən yapışmaq lazımdır ki, heç olmasa, orta səviyyəyə gəlib çıxa biləsən.

- 1937-ci ildə Pablo Pikasso “Quernika” adlı müharibə məzmunlu əsərini çəkir. Əsər sərgiləndiyi zaman bir alman zabiti rəssama yaxınlaşaraq: “Bunu siz yaratmısınız?” - soruşur. Pikasso isə zabitə “xeyr, siz yaratmısınız” - deyir.
Bəs siz faciələrə səbəb olan liderlərə nəyi çəkib göstərmək istəyərdiniz ki, baxın, bu sizin əsərinizdir?

- Çox maraqlıdır. Bayaq pəncərənin qarşısında dayanıb gölə baxırdım. Orada balıq tutanlar mənzərəyə bir sakitlik verir, adama isə rahatlıq gətirir. Eyni zamanda da radio dinləyirdim. İçində olduğum vəziyyətin təsiri ilə ağlıma bir fikir gəldi. Mən ölmək istəməzdim, ancaq bu dünyadan getmək istəyərdim. Yer kürəsindən baş götürüb getmək istəyərdim. Hər insan yaşamaq, yaratmaq arzusundadır. Amma nəyə görə? Kimə görə? Baxırsan ki, dünyada necə dahi insanlar var. Gecəsini gündüzünə qatıb ixtiralar edib, faydalı şeylər yaradıb. Amma görürsən ki, beyinsiz, küt insanlar yaradılmış gözəllikləri “uf” demədən dağıdırlar. Bax o zaman adamın heyfi gəlir bu dünyada yaşayıb-yaratmağa. Başa düşmürəm, bir insanın necə əli gəlir bu gözəllikləri, dahiyanə yaradılışları dağıtmağa?

Yeni rəssamlıq məktəbinin banisi Sakit Məmmədovun sərgisi keçirilib - Günün  Səsi

Təəssüflər olsun ki, indi dünya bəzi qüvvələrin əlində oyuncaq olub. Onlar da yaradılışı məhvə doğru aparmaqdadırlar. Yer kürəsi kimindir ki? Bizimdir. İnsanlarındır. Allah dünyanı gözəl yaradıb. Bizi də yaradıb ki, bu gözəllikləri nizama salaq. Ona görə bizə göz, işıq, əl, zövq və ən əsası, sevgi verib.
Lakin sevgi anlayışı insanlara getdikcə yadlaşmağa başlayıb. Yer üzündə minlərlə kobud insan doğulub-törəyib. Hardandır bu qədər küt insan? Sevgisizlikdən. Bəli. Onlar hamısı sevgidən deyil, fiziki tələbatdan doğulub. İnsanın ən özəl və məxsusi cəhəti sevəbilmə qabiliyyətidir. İnsan övladını mələklərdən də elə bu xüsusiyyəti ayırır.
Mən yaratdığım əsərləri sevən insanlara həsr edirəm. Mən dünyanı sevən, yaşamağı sevən, Allahı sevən, gözəlliyi sevən insanlar naminə yaradıram. Mən sevgini çəkməyə çalışıram, onun düsturunu rənglərimlə tapmaq istəyirəm. Rənglərlə şeir yazmaq istəyirəm.

- İnsanlara itirdikləri sevgini necə qaytaraq?

- Yanıma əsəbdən xəstəliklər tapmış insanlar çox gəliblər. Onlara isti və səmimi münasibət göstərməyə çalışıram. Saatlarla söhbət edirəm. Qalereyamı gəzdirirəm. Özlərinə problem etdikləri şeyləri adiləşdirirəm. Və hiss edirəm ki, rənglərimin arasında öz əlaclarını tapırlar.

Sakit Məmmədovun "Qarabağnamə"si
İnsanlar əksər zamanlarda sevgini doğru anlamırlar. Elə bilirlər, sevgi yalnız bir kişi ilə bir qadın arasında olan münasibətdir. Əsl sevgi heç də bu deyil. Sevgi enerjidir. Elə bir enerji ki, insanın ruhundan doğur və qarşısındakı insanda da eynliyi tapır. Fiziki qanunlara əsaslansaq, iki insan arasındakı enerji də itmir, sadəcə bir formadan digərinə keçir. Sevgi qarşılıqlı olmalıdır. Çünki enerjinin təbiətində bərabərsizlik xüsusiyyəti yoxdur. Bu enerji insanda heç vaxt tükənmir. Ölənə qədər onunla birlikdə olur və olacaq da. Bu sevgini kəşf etmək üçün də ruhun yarını tapması lazımdır. Bizdə çox gözəl bir söz var - yarım. Yəni bir insanın yarısı. Məsələn, Hindistanda kişi evə girərkən qadın ondan soruşsa ki, gələn kimdir. O, “bizik” deyə cavab verir. Yəni, mən gəldim və evdə biz olduq. Bu söz sanskritcə “səni tamamladım” anlamına gəlir. Heç düşündünüzmü ki, Allah insanı niyə iki cinsdə yaradıb? Elə təkcə Adəmi yaradardı, o da bir formada nəslini davam etdirərdi. Yəqin ki, Allahın insanı cüt, həm də yarım yaratmasında çox böyük hikmət var. Bu hikmət də hər şeyə başlanğıc və ilham verən SEVGİDİR.

İnsanın yaradılışı zamanı ilk olaraq dinləmə duyğusu formalaşmağa başlayır. Çünki ilk duyğu orqanı kimi qulaq əmələ gəlir. Təxminən bətndəki yaşamın 22-ci günündə. Demək ki, insan eşitmək istəyir. Dünyanı və sevgini eşitmək. Necə ki, sevgidən doğulan körpə gözəl olur, eləcə də sevgidən yaranan əsər zövqlü, xoşagələn olur.

- Bəs sizin elə bir əsəriniz olubmu ki, onu bitirdikdən sonra gözəlliyinə aşiq olmusunuz. "Bax budur!” - demisiniz?

- Təbii ki, hər sənətçi yaratdığı əsərini əvvəl-əvvəl sevir. Necə ki, anası yeni doğulmuş körpənin qoxusunu alır, elə də sənətçi yaratdığı əsərin ilk olarq qoxusunu içinə çəkir. Ancaq müəyyən müddətdən sonra əsərin sehri öləziməyə başlayır və düşünürsən ki, bundan da yaxşısını yarada bilərsən. Mikelancelo haqqında uydurulmuş “Musanın heykəlini danışdırması və ya ona çəkic atması” əfsanəsi realda baş versəydi, yəqin ki, o özünü həmin gün öldürərdi. Çünki sənətkar üçün bu sözdən sonra kariyera bitmiş hesab edilir.

Sakit Məmmədov - Haqqinda Melumat - Vikipedia
Sənətşünaslar Mikelancelo haqqında çox şey yazıblar. Məsələn, onlar heykəltaraşın yaratdığı əsərlərin çox solğun olduğunu deyirdilər. Ancaq əslində, belə deyildi. Freskoların olduğu yerdə davamlı olaraq şamlar yanırmış. Şamların buraxdığı his də zamanla əsərlərin üzərinə hopub və rəng dəyişikliyi yaradıb. Freskoları təmizləmədən üzərinə laklar, qoruyucu boyalar çəkilib. Ancaq məşhur bir restavrasiyaçı əsərləri bərpa edərkən həmin boyaları xüsusi maddələrlə təmizləyib və əslində freskoların çox canlı rəngə malik olduğunu görüb. Beləliklə, bu haqda yazılan bütün araşdırmalar, təhlillər puça çıxıb. Bu hekayəni danışdım, çünki sənətşünasların o qədər də güvəniləcək olmadığını bildirmək istəyirəm.

Mənim gözümdə sənətşünaslar inkişafdan qalmış rəssam kateqoriyasındadır. Sənətşünas, yəni sənətçinin bacarmadığını edən adam. Yəni adam sənətini yaradır, ortaya qoyur, onu bacarmayan sənətşünas da başqalarının etdiyini təhlil-analiz edir, onun haqqında danışır. Yaradıcı adam yaratdığını sənətşünasdan daha çox hiss edir. Çünki əsərin içində olur, özünü ona həsr edir. Məsələn, bir şairə deyə bilməzsən ki, anlat görək, nə yazmısan? Bundan kal sual, bundan absurd davranış yoxdur. Necə yəni anlat? Sənətçi, onsuz da, anlatmaq istədiyini yaratdığında deyib də.

- Opalizmi yaratdınız. Ancaq bu cərəyanı hələ də anlamayan, mahiyyətindən xəbərsiz olan insanlar var. Zəhmət olmasa, bir az da opalizm haqqında danışın.

- Opalizm fəlsəfəsi opal daşlarından qaynaqlanır. Mən bütün dünyaya sübut etdim ki, heç bir rəssam rəng kəşf etməyib. Yəni dünyada bu rəng bu rəssama məxsusdur deyə, bir şey yoxdur. Bütün bu iddiaların üzərindən xətt çəkdim və araşdırma apardım. Bu zaman əslində, mövcud olan bütün rənglərin Yerin dərin qatlarında yerləşən opal daşlarında olduğuna rastladım. Opal daşlarında dünyada mövcud olan bütün rənglərdən var, ancaq o rənglər hansısa süjeti əks etdirmir. Oradakı rənglər xaos kimidir. Mən də öz əsərlərimdə opal daşlarındakı xaosa nizam verdim və anlam yüklədim. Bayaq qeyd etdiyim kimi, dünyada hər şey mövcud olub. İnsan da o mövcudluğu səliqəyə salmaq üçün yaradılıb. Dünyada hər şey var. Sadəcə onları görmək lazımdır. Bir istedadlı insan gözəl bir mənzərədən, yaxud lap elə bir fəhlənin ani bir pozundan şedevr yaradır. Başqa biri isə düşünür ki, mən elə gündə 10 dəfə bu mənzərənin yanından keçirəm, bu fəhləyə salam verirəm. Bəs niyə yarada bilmirəm? Çünki hər insan yaradılışı görə bilmir. Və hər insan yaradılışa dəyər verməyi bacarmır. Rəssamın çəkdiyi bir fəhlə portretinin qiyməti 100 milyonlarla ölçülür. Halbuki, o fəhlə ömrü boyu 5 manat qazanmaq üçün nə əziyyətlər görür. Bu anormallıqdır.

- Bəs sənət bu anormallığı dəyişdirə bilmək gücünə malikdir?

- Sənətin bu gücü var. Ancaq sənətin gücü o zaman ortaya çıxa bilər ki, o, məsələn, müharibələri dayandıra bilsin. Tarixdə belə hadisələr çoxdur. İmperator Françesko təkcə Leonardo Da Vinçiyə olan sevgisinə görə bütün İtaliyaya hörmət edirdi. Təsəvvür edin, Françesko Da Vinçidən yalnız bir tərəfi zəhərli olan alma yetişdirməyi xahiş edir. O, Da Vinçidə bu bacarığın və elmin olduğuna inanırdı. Ancaq Leonardo bunu etmədi. Əgər o, imperatorun xahişini yerinə yetirsəydi, necə bir fəlakətin bünövrəsini qoyacağını çox yaxşı bilirdi. Leonardonu imperatorun qəzəbindən isə məhz onun sənəti qorudu. Bax, sənət bu qədər xeyirxah, həm də dünyəvi olmalıdır.

- Dünyəvilik demişkən, bütün əsərlərinizdən və adlarından ümumbəşəriliklə yanaşı, millilik qoxusu gəlir. Papanın portretini də çəkərkən milli irsimizdən istifadə etməkdən çəkinməmisiniz. Bu qədər bəşəriliyin içində milliliyi qoruyub saxlamaq çətin deyil?

- Mənim ruhumun ünvanı Azərbaycandır. Sənət ruhumu burada təhvil almışam. Bu vaxta qədər bir neçə dəfə ev dəyişmişəm. Bir neçə ünvana köçmüşəm. Ancaq hələ də bütün yuxularımda doğulduğum evdə, Neftçalada oluram. Çünki yuxularım da ruhumun buraya bağlı olduğundan xəbərdardır. Ancaq ruhun milliyyəti yoxdur. İnsanın sahib olduğu yeganə dünyəvi nəsnə onun ruhudur.

- Elə insanlar da var ki, burada doğulur, yaşayır. Ancaq müəyyən müddət keçdikdən, məşhurlaşandan sonra ölkəni tərk edir. Getdiyi yerdə isə vətəninə xidmət bir yana qalsın, heç milliyyətini dilinə gətirmək istəmir...


- Mən fəhlə ailəsində anadan olmuşam. Anam da evdar qadın olub. Ancaq zamanla qarşıma çox böyük şanslar çıxıb. Mən də ölkədən gedə bilərdim. Hazırda dünya mənə elə hörmətlə qucaq açıb ki, hansı ölkəyə getsəm, orada kral kimi yaşayaram. Əksər Avropa ölkələrində ən nüfuzlu mükafatlara layiq görülmüşəm. Ancaq burada qalmağı seçdim. Və sübut etdim ki, Azərbaycanda otura-otura “Malta cəngavəri” titulunu da almaq olar, Rusiyanın “Minilliyin adamı” olmaq da. Elə bilirsiniz, ağır günlərim olmayıb? O qədər problemlərim olub ki... İndi də var və getdikcə çoxalmaqda, dərinləşməkdədirlər. Mən sadəcə öz sənətimə güvəndim və təkmilləşdirmək uğrunda çalışdım. Çünki doğulandan bəri bu torpağın mineralları ilə bəslənmişəm. Getdiyim yerlərdə mən etməsəm də, mənə qarşı ayrıseçkilik edənlər çox olub. Bir dəfə Sankt Peterburqda oxuyarkən mənə Lenin təqaüdü verən müəllim bütün sinfə təkcə məni nümunə göstərdi və “siz çalışmırsınız, amma baxın onlara” dedi. Məni “onlar” qismində göstərdi və yadlaşdırdı. Elə həmin an anladım ki, nə etsən də, getdiyin hər yerdə ikincisən.

- Yəni öz yolunuzu özünüz cızdınız.

- Hər insan öz yolunu özü cızmalıdır. Kənardan heç nə gözləməməlidir. Hər şeyi dövlətdən ummamalıdır. Emalatxanasında bir dənə normal əsəri olmayan adam özünə hörmət gözləyir, qiymət verilməsini istəyir. Ancaq dəyər sədəqə deyil. Bizim mədəniyyətimizdə ancaq xəstə insanın yanına əlidolu getmək ənənəsi var...
Bəziləri də gözləyir ki, ona ölümündən sonra dəyər veriləcək, adına nələrsə olacaq. Bu ənənə 60-70 il bundan əvvəl ölüb artıq. İndi internet dünyasıdır, inteqrasiya dövrüdür. Bir paylaşımı bir saniyədə bütün dünya görür.

- “Minilliyin adamı”na bahalı tədbirlər, nüfuzlu dostlar, minlərlə dollar qiyməti olan əsərlər, papalar, putinlər, yelizavetalar fonunda “2 manatlıq biletlər” sektorunda əyləşəcək qədər sadə həyat tərzi yaşamaq çətin deyil ki?

- Bunu etiraf etməliyəm. Sizi inandırım ki, adlarını çəkdiyiniz o mötəbər insanlardan daha azadam. Sərbəst şəkildə küçəyə çıxıram, gəzə bilirəm. Azad insanların içində oluram. Ən əsası, azad nəfəs alıram. Mənim üçün bu dünyada sərbəst gəzməkdən dəyərli bir şey yoxdur. İnsanlara başa sala bilmirəm ki, mən yaxşıyam...

- Monika Belluççinin portretini çəkməzdən öncə onunla tanışlığınız var idi?

- 2002-ci ildə 14 italiyalı rəssamla birlikdə Avropanı əhatə edən böyük bir sərgi keçirdik. Daha sonra Belçikada təşkil olunmuş sərgidə 1-ci yerə layiq görüldüm. Sonra şöhrətim artmağa başladı və mən San-Marinoya getdim. Bu cırtdan dövləti iki kapitan idarə edirdi. Monika Belluççini çəkməyi onlar mənə sifariş vermişdilər. Daha öncə isə Papanı çəkməyi rica etmişdilər. Düzdür, Papanın portretini çəkdim, ancaq onlara vermədim. Çünki onlar əsəri öz adlarından təqdim edəcəkdilər və mən də, vətənim də kölgədə qalacaqdıq. Təklif etdilər ki, əsəri dünya azərbaycanlılarının adından təqdim edək. Mən yenə razı olmadım. Düşündüm ki, Azərbaycan dövləti adından verilsə, daha yaxşı olar. Çünki dünya azərbaycanlıları demək, Azərbaycan demək deyil. Ancaq bu formada vermək “mənim dövlətim və hökumətim var” anlamına gəlirdi.
Monikanın portretini iki dəfə çəkmişəm. Biz onunla Monako krallığında görüşəcəkdik. Ancaq iş elə gətirdi ki, II Yelizaveta ilə görüşmək təklifi aldım. Ona görə də Monika ilə görüşə bilmədik. Ancaq biz bir daha görüşəcəyik və mən onun portretini özünə hədiyyə edəcəm.

- Çox sevdiyim bir rəssam var - Modilyani. O, həyat yoldaşının portretini yaradarkən gözlərini çəkməyib və bu məşhur cümləni söyləyib: “Ruhunu gördüyümdə gözlərini də çəkəcəyəm”. Bəs siz Monika Belluççini çəkəndə nə hiss edirdiniz?

- Monika gözəl qadındır. Ancaq gözəllik anlayışının çərçivələrini insanlar qoyub. Bəlkə də elə qadın var ki, siz ona Monikadan daha gözəl deyə bilərsiniz. Yəni, gözəllik nisbi və fərdidir. Monika gözəldir. Ancaq onu daha da gözəl edən insanların haqqındakı tərifləri, onu bütləşdirməsidir.

Hərdən düşünürəm, kaş ki, belə gözəl qadınlar olduğu kimi qalaydı. Heç dəyişməyəydi.
Monika gözəldir. Ancaq həm də bədbəxtdir. Çünki belə qadınlar əksər hallarda ətrafdakılar tərəfindən bir əşya kimi istifadə edilir. Bütün varlı, şöhrətli insanlar onları əldə etmək istəyir. Buna görə də Monika və onun kimilər dünyada gün görməyib. Onda ruh qalmayıb.

- İndi münasibətiniz varmı onunla?

- Mən hara, o hara...
Ancaq mən ikinci dəfə onun portretini çəkmək sifarişi aldım. San-Marinonun kapitanı məndən onun çılpaq portretini çəkməyimi istəmişdi. Sonra bəzi problemlər oldu, vaxt uzandı. Kapitan dedi ki, onun fotosunu verək, oradan baxıb çəkərsən. Mənsə razılaşmadım. Çünki birinin izni olmadan onu çılpaq çəkmək düzgün iş deyil.

- Ancaq onun “nude” portretini çəkməyə razılıq vermişdiniz?

- Bəli. Niyə çəkməyim? Mən rəssamam. Özünün razılığı olsaydı, çəkərdim. Ancaq kimsə sifariş verir və onun icazəsi olmadan portretini çəkdirirsə, bunu doğru hərəkət hesab etmirəm.

- Bəs Azərbaycan tarixindən gəlib-keçmiş məşhur şəxsiyyətlərdən kimin portretini çəkmək istəyərdiniz?

- Hələ ki, Dədə Qorqud və Şah İsmayıl Xətainin portretlərini çəkmişəm. Ancaq çəkməyi çox istədiyim bir sima var idi. Lütfi Zadə. Onu çəkə bilmədiyimə çox peşman oldum. Onunla görüşmək planımda var idi. Sadəcə günü-günə satdım. Onu çəkməyi, həqiqətən, çox istəyərdim. Çünki o, dişi, dırnağı və dərrakəsi ilə çox böyük yerlərə gəlib çıxmağı bacarmış şəxsiyyətdir.
Vaqif Mustafazadəni də çəkmək çoxdankı fikirlərimdən biridir. Bunun üçün bir az hazırlıq da görüb, eskizlərini çəkmişəm. Ancaq rəssamlıq işi insandan aylarla vaxt tələb edir. Buna görə də iş uzanır.

- Hətta qalereyanızda onun royalı da var...

- Bəli. Qızı Əzizə Mustafazadə qalereyaya gələndə royalı gördü və kövrəldi. Ancaq “axır ki, o, layiqli yerini tapıb”- dedi. Vaqifin mənim üçün ayrı yeri var. Deyərdim ki, o, bizim pasportumuzdur. Başqa bir ölkəyə gedəndə onun adını çəkib, həmyerlisi olduğunu deməyimiz bizə bəsdir.
Bundan başqa, çox sevdiyim şair Bəxtiyar Vahabzadənin portretini yaratmaq istədim. Ancaq yaşım buna imkan vermədi.

- Luvr Muzeyində sərgilənmək necə hissdir?

- Hər kəs dünyanın ən möhtəşəm sarayında toy edə bilər. Ancaq, əlbəttə ki, əsas olan onun içində xoşbəxt anlar yaşaya bilməkdir. “Luvr”da hamı sərgilənə bilər. Əsas olan nə göstərdiyindir.

- Geniş və dərin mütaliəniz var. Sizin həyat və yaradıcılıq fəlsəfənizə kimlərin təsiri olub?

- Qızı Karl Marksdan soruşur ki, mən filosof olmaq istəyirəm, kimi oxuyum? Marks da deyir ki, kimisə oxumaq lazım deyil. Sənə sadəcə sənət adamlarının mühitində olmaq bəs edəcək. Çünki onlar hər şeyi olduğu kimi, çılpaq və bəzəksiz görürlər. Filosoflar ağılla düşünür, fikirləri terminlərlə bəzəyirlər. Halbuki öz həyatları fikirlərindən çox-çox uzaqdır. Ancaq məsələn, rəssamlar gördüyünü görmək istədiyi formada və ya bütün çılpaqlığı ilə yansıdırlar.
Nizamini çox mütaliə etmişəm. Nəsiminin yaradıcılığı ilə 14 il maraqlanmışam. Ondan saatlarla danışa bilərəm. Füzulidən də müəyyən şeylər götürmüşəm. Ancaq mən ədəbiyyatı da milli, xarici olaraq ayırmıram. İnsan haradan bəhrələnə bilirsə, demək o, özününküdür.

- Ayağının altında Qarabağ xalçası, yanında 4 müqəddəs kitab, ən üstdə də Qurani-Kərim. Papanın ayağı altına Qarabağ xalçası sərmək ideyası necə yarandı?

- Mən kimliyindən asılı olmadan dünyaca məşhur insanların portretini çəkərkən mütləq Azərbaycandan bir element əlavə edirəm. Papa ilə üç dəfə görüşmüşəm. Bu zaman onun ayağının altındakı gözəl xalçalar diqqətimi çəkdi. Təbii ki, bu, Qarabağ xalçası deyildi. Onu da əlavə etməyimin səbəbi Qarabağ sözünün orada səslənməsini istəməyim idi. Çünki mən Qarabağı Azərbaycanın paytaxtı hesab edirəm. Yəni, ürəyi...

Sakit Məmmədov — Vikipediya
Kitablara gəldikdə isə əslində, Papanın stolunun üstündə xaç var idi. Mən də xaçın yerinə 4 müqəddəs kitabı qoydum. Çünki çatdırmaq istədiyim ideya var idi: təkcə xaça deyil, Allahın 4 müqəddəs kitabına inanmaq lazımdır.
İngiltərə kraliçası ilə görüşəndə ona “Cıdır düzü” əsərini hədiyyə etdim. Mən onun portretini də çəkib apara bilərdim. Çünki kimsə mənə göstəriş verməmişdi ki, məhz bunu çəkməlisən. Ancaq mən Qarabağı bütün atributları: Cıdır düzü, süfrəsi, atları, xarı bülbülü və mərkəzdə bayrağımız ilə təsvir etməyi üstün tutdum. Beləliklə, əsərim Vindzorun sarayında “Azərbaycan, Qarabağ” adı ilə asıldı. Bununla da İngiltərə sarayına Azərbaycan bayrağı sancdım. Bu çox önəmli hadisədir. Çünki bəzən bir insan bir milyon insanın edə bilmədiyi işi görür. Ona görə də sənətçilərin, rəssamların, şairlərin sənətinin və şəxsiyyətinin gücündən istifadə etmək lazımdır.

- Bir az da musiqidən danışaq.

- Danışaq.

- Ya bəlkə musiqi özü danışsın?

- Bilirsiniz, musiqi mənim üçün təkcə səsdən ibarət deyil. Musiqi mənim üçün xatirədir, yaddaşdır. Məsələn, maşınla gedəndə hər zaman 70-80-ci illərin musiqilərini dinləyirəm. Çünki mən özümü hələ də orada hiss edirəm. Ən çox Flora Kərimovanı dinləyirəm. Mənə görə, Flora Azərbaycan musiqisinin zirvəsini fəth etmiş səsdir. Oqtay Ağayevi də çox dinləyirəm. Ancaq işləyərkən onların heç birini dinləyə bilmirəm. Çünki bütün fikrim musiqiyə köklənir və işləməyi unuduram. İşləyərkən daha çox klassik musiqi - Vivaldi, Motsartı dinləyirəm.
Yeri gəlmişkən, “Motsart haqqında düşüncələrim” adlı əsərimə görə Avropa Akademiyası məni “Motsart” medalı ilə təltif edib. Bundan başqa, “Bethoven” mükafatı da almışam.

- Bizim toxunmadığımız, ancaq danışmaq istədiyiniz hər hansı mövzu varsa, buyurun.

- İnsanlar sonuncu yüz ildə Yer kürəsini çox yordular. Onun neftindən, təbii ehtiyatlarından görməmiş kimi istifadə etdilər. Yer də yorulmağa, kiçilməyə başladı. İnsan nəyi ixtira etdisə, sonradan onun üstündə müharibə etdi. Sərhədlər kəşf olundu, pul yarandı. Hamısı da insanın bir-birinə olan inamsızlığından. Pul bərəkət deyil. Çünki o, yeyilmir. Bərəkət insanın ruzisidir. O ruzi ki, insan doğulanda Allah ruzini onunla birlikdə göndərir – ana südü.
İnsanların bir-birinə olan inamsızlığı azmış kimi, bir də Yer kürəsini doğram-doğram edib hər tərəfə sərhəd çəkdilər. Ona görə də heç kim təbiətin nemətlərindən doğru-dürüst istifadə edə bilmədi. Hələ üstəlik, dil ayrı-seçkiliyi üstündə düşmənçilik etməyə başladılar. Bir millət hər hansı bir sözü istifadə etməyə başlayan kimi millətçiliyi ortaya atdılar. Halbuki dilin ilkin məqsədi insanın fikrini çatdırmaqdır. Dünya üçün insanın hansı dildə danışması deyil, hansı fikri ifadə etməsi önəmlidir.

Bu yorğun Yer kürəsini sadəcə gələcək nəsil yaxşılaşdıra bilər. Mən gənclərimizi həyatsevər görmək istəyirəm. Sevgi dolu görmək istəyirəm. Elə sizin kimi. Sizi mən maraqlandırmıram. Sizi buraya gətirən incəsənətə, həyata, xalqa və vətənə olan sevginizdir.

Yer kürəsinə baxarkən bizim hamımız üçün tək bir işıq görünür - Azərbaycan işığı.

İl:2017

Zümrüd






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10