Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Qəhrəman kəşfiyyatçı “Tərtər işi” üzrə istintaqa nələr deyib - DƏHŞƏTLİ FAKTLAR


Zərərçəkən Elmar Allahverdiyev məhkəməyə gəlməkdən imtinasının səbəbini açıqladı: “Hikmət Həsənovu işə cəlb eləsinlər, gələrəm”

“Hikmət Həsənovu cəlb eləsinlər, məni də çağırsınlar məhkəməyə, əlbəttə gələrəm. Yoxsa ki, məni israrla mart ayından bu yana Vüsal Ələsgərov və başqalarının cinayət işi üzrə prosesə çağırırlar ki, gəlib zərərçəkən kimi ifadə verim. Hətta Hərbi Məhkəmədən mənə hədə-qorxu gəlirlər ki, əgər prosesə gəlməsən, barəndə məcburi gətirilmə qərarı çıxaracağıq. Çıxardılar da... Mən də dedim ki, mənə nə Vüsal Ələsgərov, nə də onunla birgə mühakimə olunanlar işgəncə verməyiblər. Siz istəyirsiz ki, mən gəlim və məhkəmədə deyim ki, mən işgəncə verilən yerdə Vüsal Ələsgərovu görməmişəm. Sonra da deyəcəksiz ki, məhkəməyə çağırdıq, gəldi ifadə verdi. Bununla da işi bağlayıb bir kənara qoyacaqsız. Bağışlayın, mən bu oyunda iştirak etmirəm”.

Bu sözləri “Yeni Müsavat”a  “Tərtər işi” üzrə zərərçəkənlərdən olan Elmar Saleh oğlu Allahverdiyev deyib.

O, şanlı Aprel döyüşlərinin qəhraman iştirakçılarındandır. Həmin döyüşlərdə fərqlənənlərdən olub. “Tərtər işi” üzrə ortada olan faktlardan, general Bəkir Orucovun məhkəmədə verdiyi ifadəsindən belə qənaət formalaşır ki, kəşfiyyatçı Elmar Allahverdiyevin başına gələnlər də elə həmin döyüşlərdə fərqlənməsindən qaynaqlanıb. O deyir ki, təqsirləndirilən Vüsal Ələsgərov və digər 3 nəfər istəsəydilər belə, onların işi üzrə hazırda zərərçəkən kimi tanınan 185 nəfərə qarşı bu miqyasda əməli özbaşına törədə bilməzdilər: “4 nəfər özbaşına uzağı 10 nəfərə qarşı qanunsuzluq edib işgəncə verə, döyə bilərdi. Heç bu da mümkün deyil. İstintaq natamam aparılıb, bizlərə qarşı cinayət edən şəxslər kənarda qalıb. İstəyirlər ki, mən məhkəməyə gəlim, sual versinlər ki, Vüsal Ələsgərov və digər 3 nəfər sənə işgəncə veribmi, mən də deyim ki, yox, bunlar da ifadəmi bir kənara tullasınlar. Mənə qarşı işgəncə verənlər barəsində ibtidai istintaqa geniş ifadə vermişəm. Mənə işgəncə Hikmət Həsənovun göstərişi ilə onun nəzarəti altında verilib. Bunu ibtidai istintaqa verdiyim ifadədə də bildirmişəm”.

Tərtər işi”nə dair atacağımız addımlar bizi ya xilas, ya da məhv edəcək” -  Xeberler | En Son Xeberler | Son Xeberler - az24saat.org

“Yeni Müsavat” “Tərtər işi” yenilənmiş istintaqda zərərçəkmiş şəxs qismində dindirilmiş Elmar Saleh oğlu Allahverdiyevin verdiyi ifadəni təqdim edir. Həmin ifadəni Elmar Allahverdiyev özü haqda məlumatları bölüşməklə verib. Bildirib ki,  2009-cu ildən Silahlı Qüvəllərdə müxtəlif vəzifələrdə işləyib. 2013-2016-cı illərdə N saylı hərbi hissədə kəşfiyyat bölük komandiri olub. 2018-ci ilin martında ordu sıralarından tərxis olunub. 2020-ci ilin oktyabr ayında II Qarabağ döyüşlərində könüllü iştirakı ilə bağlı orduya, digər hərbi hissənin kəşfiyyat bölüyünün komandiri vəzifəsinə bərpa olunub. 2021-ci ilin avqustunda isə ehtiyata buraxılıb. 2016-cı ilin aprelində Tərtərin Seysulan kəndi istiqamətində aparılan döyüş əməliyyatlarında iştirak edib. Rəhbərlik etdiyi bölmənin şəxsi heyətinin şücaəti Ali Baş Komandan tərəfindən qiymətləndirilib. Prezident İlham Əliyev 1 may 2016-cı ildə Tərtərə gəlişi zamanı onu və rəhbərlik etdiyi bölməni qəbul edib.

Elmar Allahverdiyev istintaqa deyib ki, görüşə hazırlıq dövründə müdafiə naziri, general-polkovnik Zakir Həsənov ona Ali Baş Komandanla görüşlə bağlı müəyyən təlimatlar verib. Bundan sonra o, şəxsi heyətinin yanına gedib və təlimatı onlara çatdırıb. Bu zaman keçmiş Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov və 1-ci ordu korpusunun komandiri, general-mayor Hikmət Həsənov ona yaxınlaşıblar. Ona yaxınlaşanda eşidib ki, Nəcməddin Sadıkov Hikmət Həsənova rus dilində nəyisə ona başa salması barədə təlimat verir. Bu zaman Hikmət Həsənov onu yanına çağıraraq Ali Baş Komandanla görüşdə olan zaman ölkə başçısına 2016-cı ilin aprel döyüşlərində, Seysulan istiqamətində döyüşdə baş verməyən hansısa uğurların, konkret olaraq guya Seysulan kəndini düşməndən azad etdiyini bildirməyini tapşırıb. O, Hikmət Həsənova “oldu” deyib və Ali Baş Komandanla görüş zamanı Hikmət Həsənovun ona tapşırdığı sözləri, yəni yalan məlumatları ölkə başçısına bildirməyib. Çünki bunun məsuliyyətli bir iş olduğunu anlayıb.

O, həmin sözləri demədiyinə görə Hikmət Həsənov özü, guya Seysulan və Talış kəndlərinin azad olunduğunu, hansısa olmayan uğurlar qazanıldığını bildirib. Tədbir qurtarandan sonra Nəcməddin Sadıkov barmağını ona silkələyib, rusca nalayiq söz işlədib. Bundan sonra ona qarşı təzyiqlər başlayıb.

Belə ki, 2016-cı ilin mayında xidmətdə olduğu hərbi hissənin komandiri Qiyas Abbasov onun kapitan rütbəsinin təqdimatını dayandırıb. Komandirdən bununla bağlı səbəb soruşduqda o, Seysulan istiqamətində baş verən uğursuzluğun səbəbkarının onun bölməsi olduğunu deyib. O, hansı səhvə yol verdiyini soruşanda, komandir bildirib ki, Seysulan istiqamətində kəndin sol cinahı istiqamətində keçid ərazisi minadan təmizləndiyi halda və həmin yerdən düşmən mövqelərinə keçməyə imkan olduğu halda bunu etməyib. O da bildirib ki, həmin yer minadan təmizlənməyib və dərhal həmin yerə baxış keçirilməsini tələb edib. Tələbi qarşısında Qiyas Abbasov çıxılmaz vəziyyətə düşdüyünə görə həmin yerə baxış keçirilib və müəyyən edilib ki, ərazi minalanmış vəziyyətdədir. Lakin bununla bağlı heç kimə heç bir söz deyilməyib və araşdırma aparılmayıb. Çünki komandir özü yuxarı rəhbərliyə uğursuzluğun səbəbini başqa cür, yəni yalan məruzə edib. Belə olan halda Qiyas Abbasov ona bildirib ki, o, döyüş əməliyyatları zamanı sol cinahdan sağ cinaha özbaşına keçib, bununla da döyüş planını pozub.

Elmar Allahverdiyev də komandirin diqqətinə çatdırıb ki, həmin əmri ona l-ci Ordu Korpusunun əməliyyat bölmə rəisi Yaşar Səfərov rabitə vasitəsilə verib və o, icra edib. Qiyas Abbasov onun yalan danışdığını bildirdikdə o, rabitənin yoxlanmasını tələb edib.

Allahverdiyev 2016-cı ilin iyul ayından N saylı hərbi hissəyə kəşfiyyat bölüyü komandiri vəzifəsinə təyin edilib və orada normal şəraitdə nöqsansız xidmətini davam etdirib.

Elmar Allahverdiyev 2017-ci ilin mayında məzuniyyətdə olduğu vaxt xidmətdə olduğu korpusun digər hərbi hissəsinə  etdiyi hərbi hissəyə dəvət olunub: “Tərtərdə ”Dağlar" kafesində dostlarım Hikmət, Xalid, iş yoldaşım Anar, kirvəm Eminlə birlikdə yemək yeyirdik. Söhbət əsnasında hərbi hissənin kəşfiyyat bölüyünün sürücüsü Anar Məmmədov dedi ki, hərbi hissənin köhnə qərargahında, yəni Tərtərin Şıxarx qəsəbəsində yerləşən qərargahda hərbiçiləri ermənilərə “işləmələri”, yəni xəyanətə görə döyüblər və işgəncə veriblər. Anar dedi ki,  hərbi hissənin bölük komandiri Yusif Əsədovu da ora aparıblar. Həmin vaxt ona digər hərbi hissənin komandiri Əflatun Nurəliyev zəng etdi və harada olduğumu soruşdu. Tərtərdə kafedə olduğumu dedikdə, komandir təcili olaraq Şıxarx qəsəbəsində yerləşən qərargaha gəlməyimi tapşırdı. Bir neçə dəqiqə sonra Anar Məmmədovla birlikdə Şıxarxa, hərbi hissənin köhnə qərargahına getdik. 4 may 2017-ci ildə, 21 radələrində həmin yerə çatdıq. Orada gördüm ki, hərbi hissənin qərargahının qarşısında bir neçə mülki və bir neçə hərbi avtomobillər var. Mülki geyimdə olan tanımadığım şəxslər də vardı. Hərbi avtomobillər arasında I Ordu Korpusunun komandiri Hikmət Həsənova məxsus  xidməti “Mitsubishi Pajero” markalı avtomobil də vardı. Qərargahda ikinci mərtəbəyə qalxdım.

“Lüt vəziyyətdə, qan içində, əl və ayaqları bağlı vəziyyətdə idilər”

Dəhlizdə məni 1-ci Ordu Korpusu komandirinin müavini - Qərargah rəisi polkovnik Mübariz Rzayev qarşıladı. 2-ci mərtəbəyə qalxanda divarlarda və yerdə qan ləkələri olduğunu, işgəncə səsləri gəldiyini eşitdim. Bəzi otaqların qapıları açıq olduğundan şəxslərin lüt vəziyyətdə, qan içində, əl və ayaqları bağlı vəziyyətdə olduğunu gördüm. İşgəncə verilən şəxslərin kim olduqlarını bilmədim. Polkovnik Mübariz qoluma girib məni 2-ci mərtəbədə köhnə hərbi hissə komandirinin otağına apardı. Otağın baş tərəfində, masanın arxasında baş tərəfdə Hikmət Həsənov, yanında  1-ci ordu korpus komandirinin təlim tərbiyə işlər üzrə müavini Babək Səmidli (II Qarabağ döyüşlərindən sonra mina partlayışı zamanı vəfat edib - E.M), korpus komandirinin müavini polkovnik Qiyas Abbasov, korpus komandirinin hüquqi işlər üzrə müavini mayor Fuad Ağayev, hərbi hissə komandirləri - Əflatun Nurəliyev, Teymur Məmmədov, Vüsal Ələsgərov vardı. Mən otağa daxil olmamışdan əvvəl, qəbul otağında Mübariz Rzayevlə birlikdə olarkən gördüm ki, arxamızca 3-4 nəfər qara kombinzon geyinmiş və başlarında qara maska olan şəxslər də gəlir və onlar da bizim ardımızda otağa daxil olmuşdular.

Madagizi işğaldan azad edən general: Hikmət Həsənov kimdir? - DOSYE

“Hikmət Həsənov dedi ki, sən xainsən, erməni hərbi qulluqçularına işləyirsən”

Həmin şəxslərə baxanda bildim ki, 1-ci Ordu Korpusunun kəşfiyyat taborunun gizirləri Qurban Cümşüdov, Cabir Qəhrəmanov, Polad Əzizov və Elçin Əliyevdir. Əvvəllər onlarla birlikdə dəfələrlə təlimlərdə olmuşduq. Otaqda olarkən Hikmət Həsənov məni yanına çağırdı. Dedi ki, sən bilirsən də, mən səni çox istəyirdim bu korpusda, lakin indi bizə hər şey bəllidir, düzünü de. Sualı anlamadım və soruşdum ki, nəyin düzünü deyim. Hikmət Həsənov dedi ki, sən xainsən, erməni hərbi qulluqçularına işləyirsən. Hikmət Həsənova belə bir şeyin mümkün olmadığını, əgər olubsa, ortaya fakt qoyulmasını tələb etdim. Hikmət Həsənov da dedi ki, fakt var, lakin özün hər şeyi etiraf et. Mən də “olmayan şeyin nəyini etiraf edim” sualını verdim. Bundan sonra Hikmət Həsənov “indi sənə fakt göstərərik, amma sən danışma” dedi.

Otağa 2 qara maskalının əllərindən tutduqları gözü bağlı, lüt halda, döyülmüş vəziyyətdə hərbi hissənin 2-ci taborunun kəşfiyyat tağım komandiri Yusif Əsədovu gətirdilər. Yusifin danışmağa halı yox idi. Hikmət Həsənov ona “Elmar Allahverdiyev haqqında dediklərini təkrar et” dedi. Yusif Əsədov güclə “cənab general, Elmar Allahverdiyev 2016-cı ilin aprel döyüşlərində başıma tapança dirəyib düşmənə tərəf güllə atmamağım barədə əmr verib. Olduğu yeri döyüş zamanı arxada olan öz tankına hədəf verib” dedi. Bundan başqa bir ingilis xanımla münasibətimin olduğunu və guya ona bahalı hədiyyələr aldığımı da əlavə etdi. Mən Yusif Əsədovu otağa gətirən, adi kəşfiyyat formasında olan şəxslərdən birini tanımışdım. Həmin şəxs Coşqun Nəbiyev idi. 

Coşqunla 2016-cı ilin aprel döyüşlərində bir yerdə döyüşmüşdük. Belə ki, döyüşlərdə Coşqun Nəbiyev mənim tabeçiliyimdə olub. Başında maska olsa da, onu gözlərindən və bədən quruluşundan tanıdım. Sevindim ki, Coşqun Nəbiyev reallığı danışacaq. Əl işarəsi ilə Hikmət Həsənova Yusif Əsədovu aparmalarını və reallığı Coşqun Nəbivevdən soruşmasını istədim. Hikmət Həsənov Yusif Əsədovun otaqdan çıxarılması ilə bağlı göstəriş verdi və Coşqun Nəbiyevə qalması əmrini verdi. Hikmət Həsənov ondan Yusif Əsədovun barəmdə dedikləri ilə bağlı soruşdu. Coşqun Nəbiyev dedi ki, 2016-cı ilin aprel ayında olan döyüşlərdə mənim tabeçiliyimdə olub və o yüksək nailiyyətlər göstərmişəm, vətənə layiqli xidmət aparmışam. Onun həqiqəti deməsi Hikmət Həsənovu özündən çıxardı. Çünki Coşqun həqiqəti deməklə Yusif Əsədovun danışdıqlarının yalan olduğu üzə çıxmışdı. Hikmət Həsənov əsəbiləşmişdi, qışqırıb-bağırıb Coşqun Nəbiyevi təhqir etdi və otaqdan qovdu. Hikmət Həsənov mənə bildirdi ki, guya 2016-cı ilin aprel ayında olan uğurlarımı erməni kəşfiyyatı təşkil edib ki, nüfuz qazanım..."

(Davamı növbəti sayımızda)

Elşən MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10